Chanakya artistic depiction.jpg

Çanakya Pandit – (sanskr. चाणक्य) - həmçinin Kautili və Vişnuqupta adları ilə tanınan Çanakya (ə.ə.350-275) qədim Hindistanda, Nanda sülaləsinin hakimiyyəti dövründə fəal siyasətlə məşğul olan görkəmli ictimai xadim, filosof və saray müşaviri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Ac buzov anasının əmcəyini özü tapar.
  • Acgöz və hiyləgər insanları aldatmaq çox asandır.
  • Axmaq yaxşılıq edənlərə pislik etməyə çalışır.
  • Axmaqların davranışına nəzarət edin.
  • Axmaqlarla mübahisə etməyin.
  • Ailənin xilası naminə bir adamı, kəndin xilası naminə ailəni, ölkənin xilası naminə kəndi, özünüzün xilası naminə isə bütün torpaqları qurban vermək lazımdır.
  • Ağılda yaranan fikir gizli qalmalıdır. Çox gizli sirlər hərəkətdə aşkar edilməlidir.
  • Ağıllı məsləhətin əksinə getmək lazım deyil.
  • Ağıllı seçilmiş məqsədə asanlıqla çatmaq olar.
  • Ağıllılıq, uğur qazanmağa can atanın yol yoldaşıdır.
  • Ağılsız insanın gördüyü işləri xidmət hesab etmək lazım deyil.
  • Alaq otları ağacı əhatə etdiyi kimi, xiidmətçilər də hökmdarı, kişilər də həmişə qadınları əhatə edəcəkdir. Buna şübhə yoxdur.
  • Alçaq insanlar yalansız yaşaya bilmirlər.
  • Alçaq insanlara heç vaxt etibar etmək olmaz.
  • Alçaq insanlara məsləhət vermək lazım deyil.
  • Alçaq insanlardan, eləcə də hökmdarlardan və onların təminatında olanlardan, keçmiş əməllərini nəzərə almaqla düşmənlərdən ehtiyat etmək lazımdır.
  • Allah hökmdarı dilənçi, dilənçini hökmdar, yoxsulu varlı,varlını isə yoxsul etməyə qadirdir.
  • Allahın mərhəməti olmadan, hətta həddindən artıq səylər nəticə vermir.
  • Allahın mərhəməti olmadan hətta ən yüngül iş dözülməz dərəcədə çətin olur.
  • Alov zəiflikdən məhrumdur.
  • Altı şey bədəni atəşsiz yandırır: pis bir kənddə yaşamaq, pis bir hökmdara qulluq etmək, keyfiyyətsiz yemək, əsəbi arvad, axmaq oğul və dul qız.
  • Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır.
  • Arvadınızı, var-dövlətinizi, dostlarınızı, uşaqlarınızı, etiraflarınızı qaytara bilərsiniz, amma öz həyatınızı yox.
  • Arzuları təmin etmək üçün nəzərdə tutulmuş sərvət çox çətinliklə əldə edilir. Əgər bu sərvət indi xərclənməsə, belə fürsət bir də nə vaxt olacaq?
  • Aşpazlıq sənətini atasından və babasından öyrənən saray aşpazı, yemək bişirməyin incəliklərini yaxşı bilməli, dadlı yeməklər hazırlamalı, səliqəli və dürüst olmalıdır.

BRedaktə

  • Bağban kökləri zədələmədən çiçəyi kəsdiyi kimi, hökmdar da mənbəyini müflis etmədən pul toplayır.
  • Bağışlanmağa layiq olanı alçaltmaq olmaz.
  • Bal arısı çiçəklərdən balı tədricən topladığı kimi, hökmdar da vətəndaşlarından vergi yığaraq xəzinəni tədricən doldurmalıdır.
  • Barmağa batan tikanı çıxarıb atmaq, laxlayan dişi çəkmək kimi, pis naziri də öz əhatinizdən uzaqlaşdırmalısınız.
  • Başqasının var-dövlətinə həsəd aparmaq yalnız eqoistə xasdır.
  • Başsız bir ölkə, savadsız bir insan, uşaqsız bir ailə və ac insanlar kimi acımağa layiqdir.
  • Beş şey bədəni atəşsiz yandırır: pis bir hökmdara xidmət, ödənilməmiş borclar, insanlara hörmətsizlik, sevilən birindən ayrılmaq, yoxsulluq üzündən üz döndərən dostlar.
  • Bəxti gətirən soxulcan belə simasını dəyişə bilər.
  • Bəzən bütün zəruri keyfiyyətlərə malik olmalarına baxmayaraq, hökmdarlar torpaqlarını axmaqlıq üzündən deyil, həqiqətə daha yaxın olmaq üçün tərk edirlər.
  • Bəzən düşmənlərlə barışıq müqaviləsi bağlamaq və dostlarla münaqişəyə girmək zərurəti yaranır. Müdrik qarşıya qoyulan məqsədə çatmaq üçün belə addımlar atır.
  • Bir axmağı xidmət etməyə dəvət etməklə hökmdar üç böyük bəla tapacaq: pis bir nüfuz, var-dövləti itirmək və ölümdən sonra cəhənnəm.
  • Bir çox hökmdarlar altı düşmənin qurbanı olmuşlar: şəhvətin, qəzəbin, tamahkarlığın, vasvasılığın, təkəbbürün və həsəd aparmanın. Güclü bir xarakterə sahib olanlar, onların izi ilə getməməli, ancaq salehliyi və zənginliyi qorumalıdırlar.
  • Bir çox yaxşı keyfiyyətlərin əhəmiyyəti tək bir qüsura görə korlanar.
  • Bir göz bəsirətdir, başqa göz yaxşı insanların cəmiyyətidir. Bu gözlərdən məhrum olanlar gec-tez illüziya quyusunun dibinə düşəcəklər.
  • Bir hökmdar heç vaxt adi bir vətəndaş kimi qəbul edilməməlidir. Adi vətəndaşlar, əksinə bir-birlərinə hökmdar kimi münasibət göstərməlidirlər. Hökmdar bütün təbələrinə güclü təsir göstərir, onları ya fəzilətə, ya da pisliyə təhdid edir.
  • Bir hökmdarın və qulluqçunun yaxşı keyfiyyəti xəzinəni və anbarları doldurmaqdan ibarətdir.
  • Bir quldur bir ölkəyə, pis qadın və pis oğul ailəyə zərər verdiyi kimi, pis nazir də hökmdara zərər verir.
  • Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar.
  • Bir tikanın köməyi ilə başqa tikan çıxarıldığı kimi, digər düşmənlərdən istifadə etməklə istənilən düşmənə divan tutmaq olar.
  • Birinci işi qurtardıqdan sonra növbəti işini təxirə salma.
  • Boynunda oturan sərxoş adamın rəftarından azğınlaşmış fil qarşısına çıxan hər şeyə hücum edir. Bilik məşəlindən məhrum olan hökmdar da uzaqgörən olmayan nazirlərin məsləhətlərinə qulaq asmaqla, tələsik hərəkət etmiş olur. Lazımı təhsil almış hökmdar öz dövlətində qayda-qanuna riayət edilməsinə çalışacaqdır.
  • Böhtandan həzz alan insan öz arvadı və uşaqları tərəfindən rədd ediləcək.
  • Böyük və saleh kişilərin yığıncağı, ədalətli hökmdar, dindar qadın-bütün bunlar hər kəsin əsl sərvətidir.
  • Bü dünyada çalışqan, öz mövqeyindən məmnun qalan, ayıq, xoşbəxtliyə və kədərə baxmayaraq sadiqliyini itirməyən nökərlərə çox nadir hallarda rast gəlinir.
  • Bu düzdür ki, həzzlər zehni təzələyir, sərvət sevinc gətirir, amma həyat sərxoş bir qızın baxışları kimi sürətlə ötüb keçir.
  • Bütün fəzilətlər sərvətdən asılıdır, zənginlik zövq verir. Hər şey var-dövlətə bağlıdır. Var-dövlət həyatımızı bəzəyir və inkişaf etdirir.
  • Bütün insanlar xoş sözlər eşidəndə məmnun olurlar. Ağızdan yalnız şirin sözlər çıxmalıdır.

CRedaktə

  • Cahilliyə tutulmuş hökmdar yaxşını pisdən seçə bilmədən hərəkət edir. O inadkar olur və pis insanlar tərəfindən idarə olunur.
  • Cinayətkarlar tənqiddən qorxmurlar.

ÇRedaktə

  • Çiçəklənmə, şeylərin mahiyyətini dərk etməyə cəhd göstərməyəndən yan keçir.
  • Çox əhəmiyyətli sözlər uşaq ağzından çıxsa belə, bu sözlərə qulaq asmaq lazımdır.
  • Çox sərt cəzalandıran hökmdar cəmiyyətdə qarışıqlıq yaradır.
  • Çox vaxt qəzəbə düçar olmuş hökmdarlar öz tabeçiliyində olanların qəzəbinə tuş gəlib məhv olurlar. Cismani ləzzətlərə aludə olanlar düşmənlərin əlindən, pisliklərin və deqradasiyadan irəli gələn xəstəliklərdən məhv olurlar.

DRedaktə

  • Daha əvvəl qonaqlara təqdim olunan yeməyin artığınıı yeyən nektar yeyir.
  • Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır.
  • Daşqınlar zamanı okean sahillərindən çıxır, amma yaxşı insanlar heç vaxt özlərini itirmirlər.
  • Dəyişkən ağıl uğur qazanmaq iqtidarında deyil. Əgər biz səylərimizin nəticəsinə laqeyd yanaşsaq, onda hər şey boşa çıxar.
  • Dilin ucunda rifah tanrısı, eyni zamanda dostların və qohumların yalanları yaşayır. Azadlıqdan məhrum edilmə və ölüm də həmçinin dilin ucundadır. (Nitqlərin şirinliyi çox əhəmiyyətlidir.)
  • Doğru yolla gedən hökmdar, düşmənlərin hücumundan qorxmayan Allahın qulu kimidir. Çünki, Rəbbin Özü onu qoruyur.
  • Dolanışığın, abır həyanın, nəzakətin, xeyriyyəçilin olmadığı, təhlükəli yerdə yaşamayın.
  • Dost, düşmənin oğlu olsa belə, sənin himayəndə olmalıdır.
  • Dostlarının və qohumlarının sərvətini həqiqi sərvət hesab edən adam alim kimi qəbul edilməlidir.
  • Dövlət insanların icmasıdır. Vətəndaşları olmayan bir dövlət qısır inəklə müqayisə edilə bilər.
  • Dövləti arı pətəyi ilə müqayisə etmək olar, amma arıları öldürmək olmaz. Hökmdar öz torpaqlarını qorumalı və əhalidən də gəlir götürməlidir.
  • Dövlətin baş hakimi yaxşı mənşəyə, yaxşı davranış tərzinə və xarakterə malik olmaqla bərabər, eyni zamanda səlahiyyətli bir hüquqşünas və təcrübəli müstəntiq olmalıdır.
  • Döyüşdən qorxan döyüşçülərin, soyuqdan qorxan brəhmənlərin və alovdan qorxan qadınların üzünə cənnətin qapıları bağlı olacaq.
  • Dürüst insan hər şeyə nail ola bilər.
  • Düşmən hücumlarına məruz qalmamaq üçün heyvan üçün yemi, yanacağı, ərzağı, eləcə də hər cür silahı həmişə yad gözlərdən uzaqda saxlamaq lazımdır.
  • Düşməni öz çiynində daşımaq olar. Amma münasib vaxt gələndə onu cəzalandırmaq, məhv etmək lazımdır.
  • Düşməni zəif yerindən vurmaq lazımdır.
  • Düşmənin hörmətli bir jesti də ağrı gətirir.
  • Düşmənin qalıqları xəstəlik, yanğın və borclar kimi canlana bilər. Ona görə də, onlardan mümkün qədər tez uzaqlaşmaq lazımdır.
  • Düşmənin yaxşı keyfiyyətlərini qiymətləndirmək, müəllimin pis keyfiyyətlərinə dözmək lazımdır. Onlara müəllimə hörmət xatirinə deyilən sözün mənasını dərk etmək lazımdır.
  • Düşmənin zəif tərəflərini öyrənməyincə, onunla münasibəti korlamaq lazım deyil.
  • Düşməninə etibar edən, hər an yıxılmaq ehtimalı olan, ağacın budaqlarında yuxulamağa cəhd edənə bənzəyir.
  • Düşmənlər hökmdarlar tərəfindən məhv edilməlidir. Fərq etməz: silah, güzəşt, mübahisə və ya istila ilə.
  • Düşmənlər maneələrlə, qız sevən qohumları ilə, oğul kitablarla, dost etibarla əhatə olunmalıdır.
  • Düşmənlər sənin zəif yerlərinə vurur.
  • Düşmənlər sizin zəif tərəflərinizi bilməməli, siz isə onların zəif tərəflərini bilməlisiniz. Tısbağa pəncəsini çanağına çəkib düşməni seyr etdiyi kimi, siz də öz niyyətlərinizi gizlətməlisiniz.
  • Düşmənlərin uşaqlarını belə qiymətləndirməmək olmaz. Çünki, bir müddətdən sonra onlar da təhlükəli ola bilərlər. Meşə yanğını ağacdan tökülmüş quru yarpaqların alışmasından da törəyə bilər.
  • Düzgün və ədalətli insana rast gəlmək çox çətindir.
  • Düzgünlük-xoşbəxtlik mənbəyidir.

ERedaktə

  • Elm öyrənməyin və bilik əldə etməyin mahiyyəti hisslərinizi idarə etmək bacarığı əldə etməkdir.
  • Entuziastlar hər kəsi, hətta öz düşmənlərini məğlub edə bilərlər.
  • Epidemiya, düşmən hücumu, aclıq və quldurların hücumları zamanı yeganə xilas yolu qaçmaqdır.
  • Etibarı həyatını qurban vermək naminə belə qorumaq lazımdır.
  • Etimada layiq olmayana etibar etmək olmaz.
  • Ey dil, özündə bu qədər iti iynələr gəzdirirsən. Niyə xoş sözlər demirsən? Yalnız şirin sözlər rifah gətirə bilər. İnsanlar xoş sözləri sevirlər.

ƏRedaktə

  • Əbədi olmayan var-dövlət yığıb ağlını əbədi əməli-salehliyə yönəlt. Çünki, ölüm adlanan var-dövlət səni bir anda tərk edəcək.
  • Əgər ana zəhər təklif edərsə, ata oğlunu satarsa, hökmdar isə əlimdə olanları alarsa, o zaman məni kim müdafiə edə bilər?
  • Əgər arvadın yoxdursa, evin hanı? Var-dövlətin yoxdursa, bəxtin hanı? Torpağın yoxdursa, otun hanı? Kəndin yoxdursa, vətənin hanı?
  • Əgər bir hökmdar saleh bir həyat tərzi sürərsə, onun dövlətində yaşayan insanlar da saleh olacaqlar; əgər o, günah etsə, təbələri də günah işlədəcəklər. Hökmdar və onun təbələri bir-birinə bağlıdır.
  • Əgər hökmdar, onun nazirləri və kahinləri oğrudurlarsa, o zaman mən nə etməliyəm? Müdafiə olduğu yerdə qorxu yeri var.
  • Əgər insanların sənin haqlı sözünə inanmadığına əminsənsə, bu sözü heç dilinə gətirmə.
  • Əgər yalançı bir asket də var-dövlət toplayırsa, bunu təbəələri onun xəzinəsindən asılı olan bir hökmdar niyə etməməlidir?
  • Əgər zəhərli ilanla pisniyyətli insan arasında seçim etmək lazım olarsa, ilanı seçmək daha yaxşıdır. İlan heç də həmişə sancmır, insan isə bunu hər addımbaşı edir.
  • Əməli-saleh adamı var-dövlət, alimi təcrübə, hökmdarı xeyirxahlıq, evi isə yaxşı arvad qoruyar.
  • Ən zəif düşməni də qiymətləndirməmək olmaz. Zəif alov bütöv bir meşəni yandıra bilər.
  • Ərinə sədaqət qadının, loyallıq nazirlərin, insanların müdafiəsi hökmdarın borcudur, yaxşı davranış isə böyük ruhların vəzifəsidir.
  • Əsl ağıl yalnız çətin anlarda təzahür edir.
  • Əsl dost, xəstəlikdə, bədbəxtlikdə, aclıqda, düşmənlərin hücumunda, hökmdarın taxtında və dəfn mərasimində yanınızda olan insandır.
  • Əsli-nəcabəti nəcib olmayan hökmdar, axmaq övlad böyütmüş alim, qəflətən zənginləşmiş kasıb ətrafındakıların onlara qarşı laqeyd münasibət göstərdiyinin şahidi olurlar.
  • Əvvəlcə ticarət və əkinçilik, sonra atçılıq, sonra alğı-satqı və yalnız bundan sonra hökmdara xidmət etmək.
  • Əvvəlcə yaxşı-yaxşı düşün, sonra işə başla.
  • Əvvəllər fəzilətli olmayan insan, saleh insanla ünsiyyət sayəsində fəzilətli olur.
  • Əyləncələrə qapılan, lovğa, svitası və sərvəti ilə öyünən hökmdar çox tezliklə öz düşmənlərinin qurbanı olacaq.

FRedaktə

  • Fənnin öyrənilməsi nəticəsində alınmış təhsili təcrübədə möhkəmləndirmək lazımdır. Vəziyyətindən asılı olmayaraq, hökmdardan şübhələnmək lazımdır. Yanınızda olan qızı bəlalardan qorumaq lazımdır. Təhsilə, hökmdara və gənc qıza bağlılıq keçicidir.
  • Fəzilət və var-dövlətə qarşı çıxan insan özünü əzablara düçar edir.
  • Fəzilətli insan şərəfsiz və biabırçı şəkildə əldə edilən var-dövləti rədd edər.
  • Fürsət əldən verildikdə maneələr yaranır.

GRedaktə

  • Gecələr gəzmək zəhərdir. Avaraçılıq hökmdar üçün zəhərdir. Ürəyini başqasına vermiş qadın kişi üçün zəhərdir, aşkar olunmayan xəstəlik orqanizm üçün zəhərdir.
  • Gizlənmiş ilan zəhər buraxıb ona yaxınlaşan hər kəsi sancdığı kimi, hökmdar da təhlükə gözlədiyi adamın üzərinə qəzəb zəhərini tökməlidir.
  • Gizli məsələləri təkbaşına həll etmək lazımdır.
  • Göydən yağan yağış saf su olduğu kimi, ismətli qadın da, vətəndaşlarının rifahı üçün çalışan hökmdar da safdır.
  • Gücə güvənmədən işdə uğur qazanmaq olmaz.
  • Gücün köməyi ilə edilə bilməyən bir şeyi hiylə ilə etmək olar. Qızıl zəncirdən istifadə edən qarğa qara kobraya qalib gəldi.
  • Günahı yüngülləşdirən hərəkətlər etməklə, hətta taleyi ələ almaq olar.
  • Günəş öz şüalarını buludlarda gizlətdiyi kimi, siz də yaxşı keyfiyyətlərinizi əhatənizdəki axmaq adamlardan gizlədin

HRedaktə

  • Hadisələr barədə aydın və gizli faktları nəzərə alaraq nəticə çıxarmaq lazımdır.
  • Hadisələrin ardıcıllığını görməyən insan kordur.
  • Hakimiyyət, hökmdarı zənginliklərlə birləşdirir. Hakimiyyət orqanlarının olmaması, nazirlərin olmamasını göstərir. Əlində hakimiyyət olan hökmdar, müdrik hökmdarı nəzərdə tutur.
  • Hakimiyyət və təhsil tamamilə müxtəlif şeylərdir. Hökmdara öz ölkəsində, alimə isə hər yerdə hörmət edirlər.
  • Heç bir səbəb olmadan xidmətçilərinə qəzəblənən hökmdar özünü zəhərləyir (özünə intiqam hissi yaradır) və onu qara kobra sancacaq.
  • Heç kim hökmdarın sirlərinə bələd olmamalı, əksinə, hökmdarın özü başqalarının sirlərini öytənməyə səy göstərməlidir. Tısbağa ayaqlarını çanağının içində gizlətdiyi kimi, hökmdar da sirlərini başqalarından gizlətməlidir.
  • Heç kim hörmətdən məhrum edilməməlidir.
  • Heç kim Yaradandan daha müdrik ola bilməz. Qızılın qoxusu, şəkər qamışının meyvəsi, səndəl ağacının çiçəyi, alimin var-dövləti olmur, hökmdar isə uzun müddət yaşamır.
  • Həddindən artıq açıq olmaq lazım deyil. Meşəyə gedin və ətrafa baxın. İlk növbədə düz ağacları kəsirlər. Əyri ağaclar isə toxunulmaz qalır.
  • Həddindən artıq məsuliyyət yükü insana həddindən artıq güc verir.
  • Həddindən artıq nəzakətə etibar etməyin.
  • Həqiqi xoşbəxtliyi yalnız bədxah arvadını, səfeh oğlunu, pəltək məsləhətçisini, eləcə də laqeyd qohumlarını tərk edən insan əldə edir.
  • Həmişə hərdəmxəyal, yalançı insanlarla, keşişlərlə və xidmətçilərlə ünsiyyətdən çəkinin.
  • Hər bir cəza törədilən əmələ uyğun olmalıdır.
  • Hər brilyant cilalanmaya məruz qalıb.
  • Hər cür insanların yaşadığı torpaqları fəth edən hökmdar, ölkəsini qanunun tələblərinə uyğun idarə etməklə qələbəsinin bəhrələrindən zövq almalıdır.
  • Hər kəs bacardığı işi yerinə yetirməlidir.
  • Hətta ağıllı və savadlı insan taleyi digər insanların müdaxiləsi səbəbindən uğursuzluğa düçar ola bilər.
  • Hətta məğlub bir düşmənə də etibar edilməməlidir.
  • Həyatınıza təhlükə yarada biləcək altı varlıqla ehtiyatlı olun: hökmdarla, odla, su ilə, qadınla, ilanla və axmaqla.
  • Həzm etmə pis olanda yemək də çətin olur.
  • Hökmdar barışığı altı ay və ya bir il müddətinə bağlamalıdır. Bu müddət düşmənin gücünü bilməyə və onu məğlub etməyə kifayət edər.
  • Hökmdar başqaları ilə münasibətdə müdrik, mehriban, qüsursuz olmalı, insanları məsafədə saxlamalı, özünü qurban verməli, eləcə də ağrılara, həzzlərə dözməlidir.
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq.
  • Hökmdar bütün işləri tez həll etməli və onları təxirə salmamalıdır. Vaxtında həll edilməmiş və uzun müddətə təxirə salınmış problemi həll etmək çox çətindir.
  • Hökmdar cəza ilə, od istisi ilə, günəş şüaları, brahman isə tövbəsi ilə yandırır.
  • Hökmdar ən vacib beş keyfiyyətə malik olmalıdır: o, əziyyət çəkənləri xilas etmək üçün var-dövlətindən imtina etməyə, fəzilətləri sevməyə, dostları, qohumları ilə ünsiyyətdən zövq almağa, təhsilə səy göstərməyə və bacarıqlı döyüşçü olmağa hər an hazır olmalıdır.
  • Hökmdar fırıldaqçılardan, şərəfsizlərdən, qəddarlardan, təcrübəsiz, savadsız və qorxaq adamlardan uzaq durmalıdır.
  • Hökmdar həzz almaqdan, nəşələnməkdən uzaq olmalıdır. Bu qüsurlara aludə olanlar mütləq düşmən tələsinə düşəcəklər.
  • Hökmdar İndra (mükafat paylayan) və Yama (cəza ölçüsü) kimidir. Beləliklə, hökmdarlar bağışlayan və cəzalandıran Allahı yer üzündə təcəssüm etdirən varlıqlara çevrilirlər. Onların iradəsinə qarşı çıxanlar tanrılar tərəfindən cəzalandırılacaqlar.
  • Hökmdar işgüzar formada olması üçün yorulmadan fiziki işlə məşğul olmalıdır. Yalnız belə olan halda o, tabeçilyində olanların rəğbətini qazana bilər.
  • Hökmdar kiçik təhqirlərə səbirlə dözməli, xəzinəyə daxil olan kiçik bir vəsaitdən razı qalmalıdır.
  • Hökmdar kimi zəngin, təhsilli, maariflənmiş, səltənətin yarısını ələ keçirmiş saray əhlindən yaxa qurtara bilməyən hökmdar məhkumdur.
  • Hökmdar layiqli metodlarla sərvət toplamalı, eyni zamanda nəcib ziyalıları da mükafatlandırmalıdır.
  • Hökmdar o insandır ki, o, yetimləri qoruyur, qaçqınlara sığınacaq verir, bədbəxtliyə düçar olanlara kömək durur, qorxu içində olanları qoruyur, özünə inamı olmayanlara kömək edir, hamının dostu, qohumu, himayədarı, xeyirxahı, müəllimi, atası, anası və qardaşı olur.
  • Hökmdar-ölkənin, ay-ulduzlu səmanın, ər- arvadın, savad isə hər kəsin bəzəyidir.
  • Hökmdar ölkəsini həqiqətə və salehlik prinsiplərinə sadiq qalaraq idarə etməlidir. O, düşmənlərin hücumlarını dəf etməli, arvadını sevən ər kimi öz ərazisini qorumalıdır.
  • Hökmdar öz millətinin məişətinə başqa xalqlardan götürdüyü yaxşı ənənələri daxil etməli, öz ölkəsində yayılmış pisliklərin kökünü kəsməlidir.
  • Hökmdar pis insanlardan uzaq durmalı, yaxşı insanlarla oturub-durmalı, onlarla dost olmalı və müxtəlif mövzuları müzakirə etməlidir.
  • Hökmdar salehliyin və zənginliyin əsaslarını sarsıtmamalıdır.
  • Hökmdar səbəb və dəlil olmadan qulluqçlarını incitməməli, təhqir etməməli, əksinə onların qayğısına qalmalıdır.
  • Hökmdar sərvət, birələr xəstə heyvan, alçaqlar dava üçün səbəb, yaxşı insanlar isə sülh axtarır.
  • Hökmdar siyasi elmi, kamandan ox atmağı, sevgi elmini, rəqsləri, hesabdarlığı, musiqini, riyaziyyatı, təsviri incəsənəti səylə öyrənməlidir.
  • Hökmdar tənbəl, boş danışan, axmaq, qəddar, pis, inadkar, məyus və laqeyd bir qulunu qovmalıdır.
  • Hökmdar uşaq olsa, yaxud özünü adi adam kimi aparsa belə, ona nifrət etmək lazım deyil.
  • Hökmdar vətəndaşlar üçün müəyyən davranış normaları müəyyən etməli, həmçinin vətəndaşların təhlükəsizliyi və daxili dayaqlarının qayğısına qalacaq müşavirləri və nazirləri təyin etməlidir.
  • Hökmdar yalnız bir dəfə əmr verir, alim yalnız bir dəfə danışır, qız yalnız bir dəfə ərə gedə bilər.Bütün bunlar yalnız bir dəfə baş verə bilər.
  • Hökmdar zəiflərə, yetimlərə, gənclərə, qocalara, asketlərə, həmçinin aldanıb incidənlərə dayaq olmalıdır.
  • Hökmdar, zəiflərin gücü, körpənin ağlaması, axmağın susması və oğrunun aldatmasıdır.
  • Hökmdara, eləcə də müəllimə, ataya, böyük qardaşa və qohumlara xoş münasibət qızmar günəşdəki kölgəni xatırladır. Bu nadir hallarda olur.
  • Hökmdara nifrət məhvə, başqalarına nifrət sərvətin, müdriklərə nifrət isə ailənin itirilməsinə səbəb olur.
  • Hökmdarı, şiri, ilanı, donuzu, körpəni, yava iti və axmağı oyatmaq lazım deyil.
  • Hökmdarın ailə üzvlərinə, qadınlara, dırnaqlı, yaxud buynuzlu heyvanlara, axan çaya, eləcə də silahlı insanlara güvənmək olmaz.
  • Hökmdarın beş əsas vəzifəsi var: pisniyyətliləri cəzalandırmaq, yaxşıları mükafatlandırmaq, ölkəni layiqli metodlarla zənginləşdirmək, qərəzsizliyə əsaslanan iltifatlı münasibət və dövləti qorumaq.
  • Hökmdarın bütün hərəkətləri hakimiyyətlə bağlıdır.
  • Hökmdarın dostluğunu, qarğaların təmizliyini, qumar oyununda dürüstlüyü, ilanın bağışlamasını, bir qadının sevgisindən razı qalmasını, qorxağın qorxmazlığını, sərxoşun əzəmətli gücünü görən oldumu?
  • Hökmdarın, eləcə də Allahın, müəllimin, münəccimin və həkimin hüzuruna əliboş getmək lazım deyil. Hədiyyələr vaxtında öz bəhrəsini verəcək.
  • Hökmdarın elçisi bacarıqlı, gözəl danışan, müdrik, insanları yaxşı tanıyan, cəsur və həssas olmalıdır.
  • Hökmdarın fərmanları onun himayəsindəkilərin rifahına səbəb olmalıdır.
  • Hökmdarın gəlirləri qarışqa yuvası, arı pətəyi və ya təzə aydan sonrakı ay kimi tədricən artır.
  • Hökmdarın gücü fillərlə, döyüş arabaları ilə ölçülür. Sülh dövründə hökmdar onları brahmanalara verir, döyüş vaxtı gələndə isə geri alır.
  • Hökmdarın gücü qorxmaz döyüşçülərdə, brahmanın gücü Allah haqqında elmi bilməkdə, qadının gücü isə gözəlliyində və təravətindədir.
  • Hökmdarın hərəkətləri aşkar, qeyri-aşkar və transsendent əməllərə əsaslanır.
  • Hökmdarın qapıçısı onun işarələrini başa düşməli, güclü və qüsursuz görünməməli, qayğısız və qeyri-ciddi olmamalıdır.
  • Hökmdarına qulluq etmək, bərabər insanlar arasındakı sevgi, tacirlərin işləri və evdə yaxşı bir həyat yoldaşı-bütün bunların hamısı fəzilətlərdir.
  • Hökmdarla pis münasibət və ya ona hörmətsizliyin ifadəsi silahsız qətldən başqa bir şey deyildir. Qısa bir yuxu bir qadını öldürür.
  • Hökmdarlar agentlərin, inəklər burunlarının, brəhmənlər müqəddəs yazıların ,yerdə qalanlar isə adi üsulun köməyi ilə görürlər.
  • Hökmdarlar da ilanlar kimidir: hamısının klobuku (ucu şiş rahib papağı) var, onlar da həzz almağı və başqalarından gizlənməyi sevirlər, onlar da qəddar və hiyləgərdirlər, lakin məsləhətçilərin təsiri altına düşürlər (ilanların bir mantranın səslərinə heyran olduğu kimi).
  • Hökmdarlar ədalətin, alimlər biliyin, brəhmənlər müqəddəs yazıların gözü ilə, yerdə qalanlar isə adi üsulla baxmağı öyrənməlidirlər.
  • Hökmdarlar əvvəlcə tabeçiliyində olanların hansı bacarığa sahib olduğunu öyrənməli, vəzifələrini isə sonra təyin etməlidir.
  • Hökmdarlar hərtərəfli inkişaf etmiş insanların cəmiyyətini axtarmalıdır.Çünki kifayət qədər təcrübə olmadan, heç bir təşəbbüsdə uğur qazanmaq mümkün deyil.
  • Hökmdarlar nəcib insanları öz yanlarında yalnız bir məqsəd üçün saxlayırlar: bu cür insanlar hakimiyyətin nə əvvəlində, nə ortasında, nə də axırında hökmdara xəyanət etmirlər.
  • Hökmdarlar ona görə torpaq istəyirlər ki, onun bütün göstərişlərinə sözsüz əməl edilsin.
  • Hökmdarlar-salehliyin, brahmanlar tövbənin dayağıdır. Biliyə qiymət verilən yerdə salehlik əbədidir.
  • Hökmdarları olmayan ölkələr kimi, çoxlu hökmdarları olan, qadınların, yaxud uşaqların idarə etdiyi ölkələr də məhkum edilmişdir.
  • Hökmdarlarla dostluq etmək olmaz. Hər ilan zəhərlidir. Heç bir ailə, qızı doğulduğu təqdirdə, ləkəsiz bir nüfuza sahib ola bilməz
  • Hörmətli adamların yığıncağında digərinin çatışmazlıqları barədə danışan hər kəs öz çatışmazlığını ortaya qoyur.

XRedaktə

  • Xəsisi sərvətlərlə, təkəbbürlünü ehtiramlarla, axmağı yaltaqlıqla, ağıllını isə düzgünlüklə cəlb etmək olar.
  • Xəsislik ağlı çaşdırır.
  • Xəstəlik düşməndən də pisdir.
  • Xəzinədar xəzinənin gəlirlərinin artırılmasında maraqlı, qiymətli daşların qiymətləndirilməsində təcrübəli, xarakter cəhətdən cəsarətli, dürüst və çalışqan olmalıdır.
  • Xəzinədarı, saray əhlini, şagirdi, səyyahı, acı və qorxağı fikirləşmədən oyatmaq lazımdır.
  • Xidmətçilər əla, dəyərsiz və adi olurlar. Onların hər birinə özlərinə uyğun tapşırıq verilməlidir.
  • Xüsusi bir şey etmək lazım olduqda, müvafiq mükafatı nəzərə almalısınız.

İRedaktə

  • İanə vermək saleh bir əməldir.
  • İanələrə meyilli olmayan hökmdar, kobud xidmətçilər, sadiq olmayan dostlar və abırsız arvad- bu dörd nizə ölümcül ağrıyla istənilənin ürəyini deşəcək.
  • İanənin arxasınca sərvət gəlir.
  • İkiayaqlı heyvanlardan uzaq olmaq kimi, alçaq adamlardan da uzaq durmaq lazımdır. Onlar sanki gözəgörünməz neştər kimi, kəskin sözlərlə sancırlar.
  • İnəyi düzgün bəsləyəndə o sizə süd verər. Bunun üçün inəyi satmaq lazım deyil. Hökmdar da bu cür hərəkət etməlidir. İnəyi öldürüb süd ala bilməzsən. Hökmdar da ağacları məhv etmədən bəhrəsini görməlidir.
  • İnsan alimlərlə, müti, əməli-saleh, təvazökar adamlarla ünsiyyət qurmalıdır. Hətta həbsxanada həqiqəti söyləyənlər qərəzli sayılmamalıdırlar.
  • İnsanı dörd üsulla yoxlamaq olar: nəslinə, davranışına, gördüyü işin keyfiyyətinə və əməllərinə görə.Qızılı da bu cür yoxlayırlar: cızmaqla, sındırmaqla, qızdırmaqla və zərbə endirməklə.
  • İnsanın beş anası var: hökmdar arvadı, müəllim arvadı, dost arvadı, arvadın anası və öz anası.
  • İnsanlar yalnız öz əməllərində ağıllı, ədalətli hökmdarın tərəfini saxlayırlar. Belə bir hökmdar ağır vəziyyətə düşsə belə,onu tərk etməyəcəklər.
  • İnsanları dörd kastanın və həyatın dörd mərhələsinin müəyyən edilmiş prinsiplərinə ciddi şəkildə riayət etməyə çağıran hökmdar, ədalətsizliyi aradan qaldırmaqla yanaşı, ədalətin tərəfdarı kimi çıxış edir.
  • İnsanların günahları cəzalandırılmaq qorxusundan çəkindirir. Mükəmməl, saf insana çox nadir hallarda rast gəlmək olar. Dünya cəzalardan qorxur, buna görə xeyir-dualardan həzz alır.
  • İnsanların xoşbəxtliyi, rifahı birbaşa hökmdarın xoşbəxtliyindən, rifahından asılıdır. Hökmdar şəxsi mənafeyini güdməməli, vətəndaşların ehtiyaclarını ödəməyə çalışmalıdır.
  • İnsanların yaratdığı maneələri ağlın köməyi ilə aradan qaldırmaq olar.
  • İradəsizlər və qətiyyətsizlər hətta tabeçiliyində olan adamların hörmətini qazana bilməzlər.
  • İsrafçı, yetim, davakar, xəstəlikdən əziyyət çəkən, yeməyini bilməyən - bunların hamısı qısa bir ömür sürər.
  • İstədiyinə nail olmaq istəyirsənsə, bir dəqiqəni belə itirmə.
  • İş- zənginliyin təməlidir.
  • İşə faydalı olan hər şeydən istifadə etmək lazımdır.
  • İşə yalnız ətrafdakıların motivləri və həyata keçirilən işlərin nəticələri başa düşüldükdən sonra başlanılmalıdır.
  • İşi olmayan və ya iş üçün pul ödənilməyən, qohumlarınızın olmadığı və bilik əldə etmək imkanları olmayan ölkələrdən qaçın.
  • İtaəti nəcib varislərdən, natiqliyi alimlərdən, fəndləri və əllərin cəldliyini qumar oyunçularından, hiyləgərliyi qadınlardan öyrənmək lazımdır.
  • İti axan çayı keçməyə cəhd etmək, cəsur döyüşçü ilə döyüşmək, çoxlu insanlarla düşmənçilik etmək kimi əbəsdir.

KRedaktə

  • Kahin- hökmdarın, ər-arvadın, müəllim isə şagirdlərin günahları qarşısında məsuliyyət daşıdıqları kimi, hökmdar da öz dövlətinin vətəndaşlarının günahları qarşısında məsuliyyət daşıyır.
  • Kamandan atılan ox insanı öldürə, yaxud yaralaya bilər. Amma ağıllı adamın fikri bütün ölkəni hökmdarı ilə birlikdə məhv edə bilər.
  • Kasıb öz evinə ikrah hissi ilə yanaşır, varlı isə hətta bu dünyadan köçənlərə bağlılıq hissi keçirir.
  • Katib gözəl danışan, müdrik, səmimi, hisslərinə hakim, müxtəlif sahələrdə biliyə malik olmalıdır.
  • Kiçik bir qrup insan çox sarsılmaz və dözümlü ola bilər. Fili, otdan hörülmüş kəndirlə bağlayırlar.
  • Kiçik bir səy göstərmək problemi həll edə bilər.
  • Kifayət qədər səy göstərməmək uğursuzluğa səbəb olar.
  • Kifayət qədər səy göstərməsən, uğur qazana bilməzsən.
  • Komandanı olmayan ordu, tənha qadın, qurbansız qurbanvermə məhkum edilmişdir.
  • Komandanı olmayan zəif ordu, praktikada tətbiq edilməyən təhsil, eləcə də savadsız bir insanın başlanğıcı və ərsiz qadının həyatı uğursuzluğa məhkumdur.
  • Kor doğulmuş bir hökmdar, bilikdən məhrum edilmiş hökmdardan daha yaxşıdır. Kor adam tabeçiliyindəkilərin gözü ilə görə bilər, amma bilikdən məhrum edilmiş buna qadir deyil.
  • Kurtizanka (əxlaqsız qadın) sərvətdən məhrum olanı, tabeçiliyində olanlar zəifləmiş hökmdarı, quşlar meyvəsi olmayan ağacı, qonaqlar isə qonaqlıq sona çatan evi tərk edirlər.

QRedaktə

  • Qadın öz gözəlliyi ilə, brəhmən hökmdara xidməti ilə hər kəsi məhv etməyə qadirdir. Anasından aralaşan buzov məhv olacaq, həddindən artıq pul qazanmaq hərisliyi isə pulun itirilməsinə gətirib çıxaracaq.
  • Qanunu pozan insanların taleyini həll edən bir hökmdar, öz nəticələrini aşağıdakı dörd prinsipə əsaslanmalıdır: salehlik, dəlil, hadisənin təsviri və mövcud qanun.
  • Qəddar, qüsurlu, xəsis, ağciyər, yaxud açıq-saçıq və israfçıl insanı məsul vəzifəyə təyin etmək olmaz.
  • Qəddar və zalım ağadan, xəsis, yaxşını-pisi bilməyən, nankor adamdan uzaq durmaq lazımdır.
  • Qızılla ərintidə gümüş qızılı çalar alır.
  • Qoca, məşhur, təhsilli, bacarıqlı, cəsarətli, ayələri bilən, poetik, nəcib insanlar zənginə yaxınlaşıb deyəcəklər: “Uğurlar və uzun ömür!”
  • Qocalan bədəndə meydana çıxan xəstəliyə məhəl qoymamaq olmaz.
  • Qocalmış arvad, həzm edilmiş qida, evə gətirilmiş taxıl kimi, döyüşdən qayıdan döyüşçü də qohumlarını sevindirir.
  • Qoçaqlıq — hökmdarın sərvətidir.
  • Qorxaq hərəkət etməkdən qorxar.
  • Qu quşları su kənarında yaşayırlar. Əgər su hövzəsinin suyu quruyarsa, qu quşları həmin yeri tərk edir, su yenidən gələndə isə geri qayıdırlar. İnsanlar qu quşlarına bənzəməməlidirlər.
  • Qumara, ova qurşanan, qadınlara, sərxoşluğa, boş-boşuna vaxt keçirməyə və yatmağa aludə olan hökmdar məhkum edilmişdir.
  • Quşlar barsız ağacları, qu quşları qurumuş gölləri, qadınlar pulu tükənən kişiləri, nazirlər devrilmiş hökmdarı, arılar solğun çiçəkləri, heyvanlar isə yandırılmış meşəni tərk edirlər. Kim kimi idarə edir? Özünüzdə məmnunluq tapmağa çalışın.
  • Quyunun qurudulmasında bardağın dar boğazı maneə ola bilməz.
  • Qüsursuz xarakterə malik olan hökmdar, hətta yoxsul vətəndaşlarını belə xoşbəxt edə bilir. Zəif xarakterli hökmdar isə zəngin və varlı insanların loyal münasibətinə nail olacaq.
  • Qüsursuz iş çox nadir bir haldır.

LRedaktə

  • Ləyaqətli və böyük bir düşmənə qarşı təcavüz göstərməyə tələsməyin.
  • Ləyaqətli və ya xain düşməni çox asanlıqla zərərsizləşdirmək olar. Bütün fikir ayrılıqlarını qarşıdurma olmadan həll edə bilən insan üçün mümkün olmayan heç nə yoxdur.

MRedaktə

  • Mehtərin atlardan, arabadan başı çıxmalı, eyni zamanda o, cəsur və qoçaq olmalıdır.
  • Meşə yanğınını hətta səndəl ağacı da istəmir.
  • Metal işlərinə cavabdeh olan nazir səriştəli, sadiq,düzgün,hisslərinə nəzarət edə bilən, gözütox və maddi durumundan məmnun olan birisi olmalıdır.
  • Mədənin həzz etmədiyi qidadan çəkinmək lazımdır.
  • Məgər müdrik insan hökmdara, qadına, ilana, düşmənə, oda, yaxud pis niyyətli insana güvənə bilərmi?
  • Məkrli və xaraktersiz hökmdarlar öz dövlətinin vətəndaşları tərəfindən devriləcək və ya düşmən tərəfindən məğlub ediləcəklər.
  • Məğlub olan düşmən dostluğunu təklif etsə də, ona etibar etmək olmaz. Qarğa heç vaxt yaxın vaxtda yanğın baş vermiş mağaraya uçmayacaq. Çünki, mağarada hələ də çoxlu tüstü qalır.
  • Məntiq və arqumentlərdən istifadə edərək saleh bir həyatın təməllərinə qarşı çıxan hər kəs həm bu dünyada, həm də sonrakı dünyalarda məhkum ediləcək.
  • Məsələ yalnız səylər nəticəsində həll edilir.
  • Məskunlaşmamış ərazi dövlət sayıla bilməz.
  • Mövzu əvvəlcədən məlum olanlara və intuisiyaya əsaslanaraq öyrənilməlidir.
  • Müdrik adam həmişə ölkənin və zamanın maraqlarına qayğı göstərəcəkdir.
  • Müdrik bir insanı yanında xidmət etməyə dəvət edən hökmdar üç böyük fayda əldə edir: şöhrət, sərvət və cənnət.
  • Müdrik insan dostlarına kömək etmək və düşmənlərini məhv etmək üçün hökmdara qulluq etmək imkanı axtarır. Əgər mədəyə qida daxil olmursa, onu stimullaşdırmasının nə əhəmiyyəti?
  • Müdriklər heç vaxt hökmdarı səhv yolla aparan nazirlərə, şudr kastasından olan qadınla evlənən brəhmənə, həmçinin andlarını pozan zahidlərə qulluq etmirlər.
  • Müdriklər yalnız yaxşı, axmaqlar isə pis keyfiyyətlərə malik olurlar. Ona görə də bir müdrik min axmaqdan yaxşıdır.
  • Müdriklərin bütün bilikləri hisslərə nəzarət etməyi öyrətmək üçün nəzərdə tutulmuşdur. Bu biliklərə məhəl qoymayan, öz hislərinə nəzarət edə bilməyən hökmdar, hətta bütün planeti idarə etsə belə, məhkum edilmişdir.
  • Müxalifətindən əziyyət çəkməyən hökmdar vətəndaşlarının rifahını yaxşılaşdırmaqla idarə etməsindən həzz alacaq.

NRedaktə

  • Nazir düşmənlərlə bağlı strateji plan təklif etməyi, öz işlərində sürətli addımlar atmağı, dostlarının uğurlarına sevinməyi və dövlət işlərində cəsarətlə davranmağı bacarmalıdır.
  • Nazirin ən vacib prinsipləri hökmdarın əmrlərini yerinə yetirməkdə canfəşanlıq, çıxışların şirinliyi və qərar qəbul etməkdə möhkəmlikdir.
  • Nazirlər-hökmdarın, təhsil - cəsur kişinin, ər-arvadın, yaxşı xarakter isə hər kəsin bəzəyidir.
  • Nazirlər yaxşı yaddaşa malik olmalı, siyasi elmləri bilməli, incəsənətdən və bir çox başqa şeylərdən baş çıxarmalıdır.
  • Nazirlərin dəstəyindən məhrum olan hökmdarlar çayın sahilində bitən ağaclar və qayğıdan məhrum olan qadın kimi, uzun müddət hökmranlıq edə bilməyəcəklər.
  • Nəcib ailədəki abırsız qızlar kimi, özündən razı hökmdarlar, narazı brahmanlar, dindar kurtiziankalar da məhkum edilmişdir.
  • Nəcib davranışla hətta düşməni fəth etmək olar.
  • Nökər yaxşı, ya da pis nə etsə, bu, hökmdara təsir edər.
  • Nökəri tapşırıq verib bir yerə göndərməklə, qohumu çətin vəziyyətdə, dostu çətin anlarda, arvadı isə yoxsulluqda yoxlamaq olar.

ORedaktə

  • Oxu, oğul, oxu. Tənbəl olma! Savadsızlar yalnız narahatlıqlara səbəb olur. Hökmdarlar alimlərə hörmət bəsləyir. Ona görə də oğlum, hər gün oxu.
  • Oğul, oxu, yorulmadan oxu və oxuduğunu yadda saxla. Hökmdara öz ölkəsində, təhsilə isə bütün dünyada təzim edirlər.
  • Okean yağan yağışla daşmadığı, alim heç vaxt nail olduğu ilə sakitləşmədiyi, hökmdar heç vaxt toplanmış gəlirlərdən məmnun qalmadığı kimi, aşiqlərə də bir baxış bəs etməz.
  • Okeanlar yeri əhatə edib qoruduğu və ya biz evimizi qoruduğumuz kimi, hökmdar da dövləti, xarakter isə qadını qorumalıdır.
  • Ordu komandiri hərbi elmlərdə bilikli, təhsilli, yorulmaz və cəsarətli olmalıdır.
  • Orqanizmi bütün qidanı həzm edən üçün xəstəlik qorxulu deyil.
  • Ovçular tərəfindən meşədə qazılmış quyu başqa ovçular üçün də nəzərdə tutulduğu kimi, əxlaqsız hökmdar da yaxşı keyfiyyətlərdən məhrum edilmiş alçaqlara, yaramazlara kömək edir.

ÖRedaktə

  • Öz adamlarınızı pis əməllərdən çəkindirin.
  • Öz əyalətlərini dolaşan hökmdar və dünyanı səyahət edən brahman hörmətə layiqdir. Amma əxlaqsız qadın məhkum edilmişdir.
  • Öz insanlarından imtina edib başqalarını tapmağa çalışan və öz dinindən üz döndərib digərini qəbul etməyə cəhd edən hökmdar məğlub olacaq.
  • Öz məqsədlərinə nail olmaq istəyən hər kəs təəssüf etməməlidir.
  • Öz ölkəsinin məhv edildiyini, ailəsinin dağılmasını, yolunu azmış qadını və bədbəxtliyə düçar olmuş oğlunu görmək qismət olmayan insanlar xoşbəxtdirlər.
  • Öz vətəndaşlarının dəstəyini almış hökmdar ən çətin məsələnin öhdəsindən gəlməyə qadirdir.
  • Özünü idarə edə bilməyən, öz qəzəbində də boğulacaq.
  • Özünüzün zəif tərəflərinizi gizlətməli, düşmənin zəif tərəfləri barəsində isə mümkün qədər çox bilməlisiniz. Çarlığını çiçəkləndirmək arzusunda olan hökmdar özünü borc verən kimi aparmalıdır.

PRedaktə

  • Passiv bir insan kömək üçün ona müraciət edənləri qorumaq iqtidarında deyil.
  • Pis adamlarla ünsiyyət qurmayın.
  • Pis arvaddan, pis ölkədən, pis hökmdardan, pis dostlardan və pis qohumlardan uzaq durmalısınız.
  • Pis bir hökmdarın fərmanlarına tabe olmaqdansa, hökmdarsız yaşamaq daha yaxşıdır. Pis dostunuz olmaqdansa, tək yaşamağınız daha yaxşıdır. Pis şagirdiniz olmaqdansa, heç kimi öyrətməmək daha yaxşıdır. Pis arvadınız olmaqdansa, arvadsız olmaq daha yaxşıdır.
  • Pis dostlara etibar etmək, pis arvaddan həzz almaq, pis hökmdarla xoşbəxtlik tapmaq və pis bir ölkədə yaşamaq olmaz.
  • Pis niyyətli bir adam, onunla yaxşı davranmasına baxmayaraq ağrıya səbəb olur.
  • Pis ölkəyə düşəndə yüksək qazanc əldə etmək mümkün deyil. Pis övlad tərbiyə edəndə, övladın lazım olanda sizə su verəcəyinə ümid etmək əbəsdir. Pis tərbiyə edilmiş şagirdlərdən hörmət gözləmədiyiniz kimi, pis arvad olan evdə də xoşbəxtlik tapa bilməzsiniz.
  • Pis və ya yaxşı dostunuza etibar etməyin. Çünki, qəzəblənən dost bütün sirlərinizi aça bilər.
  • Problemlər yarandıqda onları həll etməyin mümkün olmadığını hesab etmək axmaqlıqdır.

RRedaktə

  • Rama (Rama- mifoloji hind Allahı) ayı və meymunlarla etdiyi kimi, çətin vəziyyətə düşən hökmdar da mümkün olan bütün müttəfiqlərlə ittifaq qurmalıdır.
  • Razı qalan pişikləri, hökmdarları, kurtiziankaları və dilənçiləri görən oldumu?
  • Rifah, bəsirəti olmayan uğurlu bir insandan da yan keçər.
  • Rifah, gücünü düzgün yerləşdirən insanı müşayiət edir.
  • Rifah qismən ticarətdən, yarısı kənd təsərrüfatından, dörddə biri hökmdara xidmətdən asılıdır. Sədəqə toplamaqdan isə heç nə yaranmır.
  • Riyazi biliklərə, bədii yazılar elminə malik olan, qədim kitablardan başı çıxan, eləcə də astroloji xəritələri şərh etməyə qadir olan brəhmən tanrılar səviyyəsində ibadət edilməyə layiqdir.
  • Ruhun qüdrətindən məhrum olanlar nə maddi, nə də mənəvi dəyərlərdən ləzzət ala bilməyəcəklər.

SRedaktə

  • Sabit münasibətlər sərvətdən asılıdır.
  • Sadə yemək faydalıdır.
  • Sahibi pis olan inək, südünü brəhmənlərə yox, itlərə verdiyi kimi, pozğun, əxlaqsız hökmdar da cəsarətsiz, müdriklikdən və natiqlikdən, gücdən və digər nəcib keyfiyyətdən məhrum olanların tərəfini saxlayır.
  • Sakitliyə və düşüncəyə malik olmadan, məqsədə nail olmaq mümkün deyil.
  • Salehlik və zövq zənginliyə əsaslanır.
  • Salehliyə etinasızlıq və pisliyə meyl hökmdarı fəlakətli bir yola aparır.
  • Saray həkimi Ayurvedanı (hind təbabətinin ənənəvi sistemi) bilməli, gülərüz, nəcib mənşəyə və əla keyfiyyətlərə malik olmalıdır.
  • Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır.
  • Saray münəccimi savadlı olmalı və astroloji xəritələrin izahının sirlərinə bələd olmalıdır.
  • Savadlı insanların da qüsuru olur.
  • Savadlı, lakin zəif hökmdarın heç vaxt tabeçiliyindəkilərin yanında hörməti olmayacaq.
  • Sevgi meyvələri ilə tanınır.
  • Səfeh adam hətta ona məxsus olmayan şeylərdən çox çətinliklə imtina edir.
  • Səfir - hökmdarın səsidir. Onun səsi silahlar işə düşəndə belə eşidilir. Bu insanı, o cümlədən brəhmənləri öldürmək olmaz.
  • Səkkiz varlıq başqalarının kədərlərindən xəbərsizdir: hökmdar, fahişə, ölüm, od, oğru, körpə, dilənçi və avara.
  • Sən yoxsul olanda dostların, övladların, arvadın, qohumların səni tərk edəcəklər. Amma sənin var-dövlətin olan kimi, onlar geri dönəcəklər. Var-dövlət bu dünyada canlı varlığın əsl dostudur.
  • Sənə hörmət edilən, eləcə də heç kimin sənə hörmət etmədiyi yerdə qalmayın. Özünə hörmət görmədiyin yerdə hətta səmavi arabaya belə minməməlisiniz.
  • Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brəhmən, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir.
  • Sərvət kastadır, sərvət gözəllikdir, təhsildir, şərəfdir. Bu keyfiyyətlər sərvətdən məhrum olanlar arasında ola bilməz.
  • Sərvət müharibədə, ianə verməkdə, şöhrət qazanmaqda, özünə xoşbəxtlik və azadlıq yaratmaqda hökmdarın köməyidir.
  • Sərvətə malik olan insan ədəbli, alim, ayələri bilən, düşünən, bəlağətli və cazibədar hesab edilir. Bütün bu keyfiyyətlər rifahdan asılıdır.
  • Sizə etibar etməyən sizin etibarınıza layiq deyildir. Lakin etimada layiq olan şəxslər qarşısında da tam açılmayın. Çünki, etibardan irəli gələn diqqətsizlik hər şeyi alt-üst edə bilər.
  • Sıx ot leysan yağışa tab gətirdiyi kimi, böyük sayda ləyaqətli insanların birliyi də istənilən düşmənə qarşı çıxa bilər.
  • Söhbət edən brəhmənlərin, brəhmənlə alovun, ərlə-arvadın, nökərlə ağanın, öküzlə kotanın arasına girmək lazım deyil.
  • Sözünə əməl etməyən, davranışı ləyaqətli insanlara zidd olan biri həmyerlilərinin etimadına layiq deyildir. Hökmdar öz təbəələrindən heç nə ilə fərqlənməməli, onlar kimi sadə paltar geyinməli və sadə həyat tərzi yaşamalıdır.
  • Süd hətta əyyaşın əlində murdar görünür.
  • Süd ilə qarışdırılan su süd olur.

ŞRedaktə

  • Şəhvət fəzilət və var-dövlət hüquqları vermir.
  • Şəhvətpərəstdən, ərköyün oğuldan, savadsız brəhməndən, şərxoş qadından, məhəbbətin çatışmamazlığı üzündən irəli gələn münasibətlərdən, ehtiyatsız insandan əziyyət çəkildiyi kimi, hökmdar da pis məsləhətçilərdən əziyyət çəkir.
  • Şir ac olsa belə, heç vaxt ot yeməyəcək.
  • Şöhrət axtaran adam hökmdara , var-dövlət axtaran varlıya, bilik axtaran məşhur alimə xidmət etməlidir, nəsil istəyən həyat yoldaşının uyğun dövrünü gözləməlidir.

TRedaktə

  • Tabeçiliyindəki insanların hörmətsiz münasibəti nəcib insanın qəlbinə kədər, qəm-qüssə gətirir.
  • Taleyə kor-koranə inananlar heç nəyə nail olmurlar.
  • Tanınmaz bir insan hökmdarına qulluq edərsə, mühüm insan olur. Belə bir xidmətdən məhrum olan insan isə tanınmaz və hamının unutduğu bir insan olur.
  • Tanrıları sədaqətlə, qulluqçuları hədiyyələrlə, işçiləri iltifat göstərməklə, brəhmənləri isə hörmət göstərməklə rəhmə gətirmək olar.
  • Təcrübəli bir bağban kimi hərəkət edən hökmdar uzun müddət hakimiyyətdə qalacaq: kökündən çıxarılmış ağaclar yenidən əkmək, çiçək açan ağaclara qulluq etmək, zəifləmişlərə gübrə vermək, hündür budaqları kəsmək, güclü budaqları budamaq, sıxlaşmış budaqları seyrəltmək, tikanlı budaqları təmizləmək, təzə bitən zoğları qorumaq.
  • Təhlükə, insanları və hadisələri dərk edə biləndən yan keçir.
  • Təhsil- təcrübənin yoxluğundan, qadınlar -boş həyat tərzindən, tarla- pis toxumlardan əziyyət çəkdiyi kimi, hökmdarlar da nökərlərinin səhvlərindən əziyyət çəkirlər.
  • Təhsilin və intizamın çatışmamazlığı qüsurların yaranmasına səbəb olur. Öyrədilməmiş, intizamsız, savadsız adam öz qüsurlarındakı pisliyi görə bilməz.
  • Təhsilli insanların hər yerdə dualar etdiyi bir ölkənin hökmdarı idarəetmə üçün zəruri keyfiyyətlər qazanır və bəlalardan xilas olur.
  • Tək bir qüsur bir çox fəzilətə kölgə salar.
  • Tələskənliyin işə heç bir köməyi yoxdur.
  • Tənbəl nə bu, nə də başqa bir dünyada xoşbəxtlik tapa bilməz.
  • Tərbiyəli adam sirrini miskin adamla bölüşməməlidir.
  • Təzə paltarlar, təzə çətir, meşədə yetişən təzə meyvələrlə bərabər, sadiq qoca qulluqçunu da tərifləmək lazımdır.
  • Torpaqların fəthinin meyvəsi-hakimiyyət, təhsilin meyvələri- bilik, zənginliyin meyvəsi isə ianə vermək və həzzdir.

URedaktə

  • Uğur qazanmağa çalışan hər kəs ilk növbədə sahibinin üstünlüklərini öyrənməlidir.
  • Uğur səyin nəticəsində qazanılır.
  • Uğurlu hökmdarın xidmətçiləri ləyaqət hisslərinə, yaxşı davranışlara malikdirlər, hislərinə hakim olur, dürüst, açıq və həssasdırlar.
  • Uğursuzluğa düçar olan hökmdar məyus olmamalı, itirilən sərvət üçün narahat olmamalıdır. O, eyni zamanda kədərlənməməli, yaxud sevinməməlidir.
  • Uzaqgörən insan pis ölkəni, pis həyat şəraitini, pis həyat yoldaşını, pis çayı, pulsuzluq və pis qida olan yeri tərk etməlidir.
  • Uzağı görə bilməyən insan düşmənini, dostunu, tənbəli, bacarıqsızı, qocanı, yaxud müəllimi seçə bilmirsə, o, məğlubiyyətə məhkumdur.

ÜRedaktə

  • Üsulu bilən qeyri-mümkünsüzü mümkün edə bilər.
  • Üzünüzə şirin sözlər deyib arxanızca sizə qarşı ziyanlıq edən dostlardan uzaq durmaq lazımdır. Belə dost zəhərlə doldurulmuş, üzündə süd üzən bardağa bənzəyir.

VRedaktə

  • Vaxtını düzgün seçsən, uğur qazanacaqsan.
  • Var-dövlət arxasınca qaçan lovğalıqdan uzaq ola bildimi? Hansı şəhvətpərəst narahatlıqdan qurtula bildi? Kimin ürəyi qadına görə əziyyət çəkmədi? Kim uzun müddət hökmdarın yaxın çevrəsində qala bildi? Zamanın amansız təsirindən xilas ola bilən oldumu? Hansı dilənçi izzəti-nəfsə malikdir? Pis cəmiyyətdən uzaqlaşıb ayaq üstə dayana bilən oldumu?
  • Var-dövlət dəfedilməz gözəllik, yaxşı ailə, sevincli gənclik, uzun ömürdür.
  • Var-dövlət keyfiyyətlərin köməyi ilə deyil, keyfiyyətlər sərvətin köməyi ilə əldə edilir. Əla keyfiyyətlərə malik zənginə xidmət edir, əksinə yox.
  • Var-dövlət qazandıqdan sonra da düşmənlərin cəmiyyətindən uzaq dur.
  • Var-dövlət qazanmaq fəallıqla bağlıdır.
  • Var - dövlət, sərvət, həzz, nəcib mənşə, saflıq, savad, uzun həyat və sağlamlıq - bütün bunlar saleh həyatın meyvələridir.
  • Var-dövlət toplamaq üçün hər cür üsul yaxşıdır.
  • Var-dövlətə baxmayaraq, güclü ruha malik olmayan insan məğlubiyyətə məhkumdur.
  • Var-dövlətin itirilməsi və həyat üçün təhlükə qaçılmaz olduqda, hökmdar düşmənə boyun əyməli və bununla da canını və sərvətini xilas etməlidir.
  • Varlılar həmişə xoşbəxtdirlər, kasıblar həmişə kədərlidirlər. Beləliklə, xoşbəxtlik və kədər kasıblar və zənginlər arasında bölünmüşdür.
  • Vedaları tanıyan bir brahmananın məşhur bir alim olmasında təəccüblü nə var? Siyasi elmləri bilən bir hökmdarın sərt və ədalətli olmasında təəccüblü nə var? Gözəl bir gənc qızın dindar bir qadına çevrilməsində təəccüblü nə var? Yazıq insanın günün və ya gecənin istənilən vaxtında günah işlətməsində təəccüblü nə var?
  • Vəzifə borcunu yerinə yetirən, əməllərində saleh, xalqını qoruyan bir hökmdarın yeri cənnətdir. Əksinə, xalqının qayğısına qalmayan, onu qəddarcasına cəzalandıran hökmdarın aqibəti çox pis olacaq.

YRedaktə

  • Yaxşı insanlarla ittifaq insanın rifahına əlverişli təsir göstərəcəkdir. Heç kim çəltiyi çıxarılmış buğdanın çəltiyini yenidən təmizləməz.
  • Yaxşı keyfiyyətlərə malik olan insan öz təbiətinə uyğun hərəkət etməlidir. Müdrik insan bir çox yaxşı keyfiyyətlərə malikdir, axmaq adamın isə heç bir yaxşı keyfiyyəti olmur.
  • Yaxşı keyfiyyətlərə sahib olan, siyasətə yaxşı bələd olan, varlı vətəndaşların rəğbətini qazanan hökmdar tezliklə bütün dünyaya sahib olacaq, həmişə uğur qazanacaq və heç vaxt məğlub olmayacaq.
  • Yaxşılığın sərhədini heç vaxt aşmaq lazım deyil.
  • Yalnız axmaq adam ağasından öyrəndiklərini hamıya bəyan edəcəkdir.
  • Yalnız bütün mümkün səyləri yorulmadan həyata keçirməklə uğur və tərəqqiyə ümid etmək olar.
  • Yalnız həyatı sona çatanlar dəlilərə, ilanlara, sərxoşlara, fillərə, qadınlara və hökmdarlara etibar edəcəklər.
  • Yalnız inəyin təbiətini bilən ondan süd ala bilər.
  • Yalnız öz gücünü ayıq qiymətləndirib riskə getmək lazımdır.
  • Yalnız pul və mövqe ilə maraqlanan müttəfiqləri seçməməlisiniz. Çünki, onlar istədiklərini əldə edən kimi birlik dağılacaq.
  • Yalnız tamamlanmış işlər barədə ucadan danışmaq olar.
  • Yalnız ümumi məqsədə nail olmaq üçün çox güclü istəyi olanlar ittifaqa daxil olmağa hazırdırlar. Tərəflərin lazımi istəkləri yoxdursa, ittifaqdan söhbət gedə bilməz. Müttəfiqləri cəlb etmək üçün ehtiyatda maraqlı təkliflər olmalıdır.
  • Yalnız Vedaları və Vedanqanı (Vedalar, Vedanqalar- Sanskrit dilində hinduizmin ən qədim müqəddəs kitablar toplusu) bilən, dua edən, Allaha qurban verə biləcək və həmişə insanlara xeyir-dua verməyə hazır olan bir şəxs ola bilər.
  • Yalnız yoxsulluq uğuru məhv edə bilər. Yoxsulluq aydakı ləkəyə bənzəyir.
  • Yan keçən fəlakəti ən tez ondan daha çox qorxanlar unudur.
  • Yaramazın var-dövləti məhkum edildiyi kimi, ianə verməyən də məhkum edilmişdir.
  • Yuxarıdakını ehtiramla, tabe olanı hədiyyələrlə, bərabər olanı qoçaqlıqla cəlb edirlər.
  • Yüngül işə girişmə.

ZRedaktə

  • Zadəganlar şəhərlərdə, sadə insanlar kəndlərdə, şeytanlar isə ürəklərdə və kəndlərin ətrafında yaşayırlar.
  • Zədələnmiş orqan bütün orqanizmi məhv edə bilər.
  • Zəhər həmişə zəhərdir.
  • Zəif də olsa, heç vaxt düşmənə məhəl qoymamaq lazım deyil. Çünki, o, bir müddətdən sonra ot tayasına düşən qığılcım kimi daha da güclənəcəkdir.
  • Zəif hökmdara nifrət edilməməlidir.
  • Zəif tərəflərinizi açmaq olmaz.
  • Zəngin adam gözəli pulun, gücü xidmətçilərin, alicənablığı qonaqların, şəcərəni uğurlu nikahın köməyi ilə əldə edə bilər.
  • Zənginlik-düzgünlük mənbəyidir.
  • Zənginliyə can atırsansa, çalış ki, düşmənlərin cəmiyyətindən uzaq olasan.