Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir. Millətpərəstlik əqidəsi özgə əqidə-lərin mərhələsi, keçididir. Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin. Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.
Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən... Zamanamızda, yəni din və əbədiyyətdən, cins və millətlərin hökm sürdüyü böylə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir... məhkum millətlərin öz varlıqları, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımazlıq bəlası, dərin düşünülürsə, qarayaradan da, onun çibanından da daha acılı və daha zəhərlidir... Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.
Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Ey özünü itirir, unudur dərəcədə misafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız, yəni milli nişanəsiz deyildin.[1]