İlham Əliyev

Azərbaycan Respublikasının 4-cü prezidenti

İlham Əliyev — 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.

İlham Əliyev
Əliyev 2024-cü ildə
Əliyev 2024-cü ildə
Əliyev 2024-cü ildə
Tam adı İlham Heydər oğlu Əliyev
Doğum tarixi 1961
Doğum yeri Bakı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Sitatlar

redaktə
  • Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar.
    • 1 mart 2007, Şamaxı rayon ictimaiyyəti ilə görüşdə nitqindən.
  • Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri.
    • 11 fevral 2008, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4 illik yekunlarına həsr olunmuş konfransda nitqindən.
  • Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.
    • 4 sentyabr 2007, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinə həsr olunmuş müşavirədə nitqindən.
  • Azərbaycanda həm iqtisadi, həm siyasi sahədə aparılan islahatlar, qazanılan uğurlar bizdə nikbinlik hissi oyadır. Eyni zamanda, Azərbaycanda siyasi proseslər də çox müsbət istiqamətdə gedir. İctimai-siyasi proseslər demək olar ki, iqtisadi və siyasi islahatların nəticəsidir. Belə olan halda, Azərbaycanda istənilən məsələ həll edilə bilər və siyasi iradəmiz, proqramlarımız bizi bütün bu işlərə yaxınlaşdırır.
    • 13 aprel 2007, Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında nitqindən.
  • Müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun.
    • 16 mart 2006, Dünya Azərbaycanlılarının II qurultayında nitqindən.
  • ...biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından - bütün parametr baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək.
    • 15 sentyabr 2007, Albalılıq yaşayış sahəsində tikilmiş 322 nömrəli orta məktəbin təntənəli açılışı mərasimində nitqindən.
  • Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.
    • 11 yanvar 2008, Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda giriş nitqindən.
  • Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik.
    • 17 oktyabr 2007, Naxçıvan Dövlət Universitetinin konservatoriyasının açılış mərasimində nitqindən.
  • Azərbaycan öz xarici siyasətini xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir və bu xarici siyasət uğurludur. Bizim bütün qonşularla çox səmərəli, qarşılıqlı surətdə faydalı əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu və rolu artır.
    • 27 iyun 2005, Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə nitqindən.
  • Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır.
    • 31 oktyabr 2003, andiçmə mərasimində nitqindən.
  • Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram.

    • 31 yanvar 2006, 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda nitqindən.
  • Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşayıblar, ermənilər oraya qonaq kimi gəliblər. Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olub. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülüb. Bu ad Sovet İttifaqı zamanında verilib. Dağlıq Qarabağ - Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarıb və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq.

    • 24 iyun 2010, Silahlı Qüvvələrin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən prezidentin hərbçilər qarşısında çıxışından.[1]
  • Qarabağ – Azərbaycandır və nida işarəsi.

    • 3 oktyabr 2019, Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında nitqindən.
  • Fil ilə qarışqanı müqayisə etmək olmaz.
    • Türkiyə və Ermənistan haqqında[2]

Vətəndaşın hüququ haqqında

redaktə
  • Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir.

    • 12 mart 2005, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 13-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqindən.
  • "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq"

    • 13 iyun 2007, Yaponiyanın "Nikkey" ("Nihon Keydzay Şimbun") qəzetinin müxbirinə müsahibəsindən.

Azərbaycan ordusu haqqında

redaktə
  • Bu gün dünyada Azərbaycan güclü ordular sırasındadır.

    • 26 iyun 2018, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda nitqindən.[3]
  • Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır"

    • 27 iyun 2005, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə nitqindən.
  • Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir.

    • 28 may 2007, 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda nitqindən.
  • Əgər erməni əsgəri öldürülmək istəmirsə Ağdama gəlməsin.
    • 8 fevral 2015 nitqindən.

Qaçqınlar və məcburi köçkünlər haqqında

redaktə
  • Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək.

    • 21 iyun 2005, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müşavirədə Prezidentin nitqindən.
  • Azərbaycanın indiki inkişafında bir nömrəli problem öz doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır.

    • 4 sentyabr 2007, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinə həsr olunmuş müşavirədə nitqindən.

İqtisadiyyat haqqında

redaktə
  • Biz 1994-cü ildə xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzaladıq və bu müqavilədə bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır, onu səhv bir addımla itirmək olar.

    • 22 dekabr 2006, "Exo Moskvı" radiosuna müsahibəsindən.
  • Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq.

    • 26 iyul 2005, Xaçmaz rayonunun sakinləri ilə görüşdə nitqindən.

Demokratiya haqqında

redaktə
  • Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir.

    • 2 oktyabr 2006, Milli Məclisin 2006-cı il payız sessiyasının açılışında nitqindən.

İnkişaf haqqında

redaktə
  • Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm.

    • 15 iyun 2004, Qazax şəhər ictimaiyyəti ilə görüşdə çıxışından.
  • ...yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı və dövlətin siyasəti məhz ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir.

    • 11 fevral 2008 "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4 illik yekunlarına həsr olunmuş konfransda giriş nitqindən.

Türkçülük haqqında

redaktə
  • İyirmi birinci əsr türk əsri olacaq.

    • 13 noyabr 2013 Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransından.[4]

Mənbə

redaktə

İstinadlar

redaktə