Çox doğuldum, çox ömürlərdən keçdim, bu evi tikəni çox gəzdim, ancaq tapmadım. Dönə-dönə doğulmaq dəhşətdi.
Çoxlarının xəbəri yoxdu ki, burda həlak olmaq bizim alnımıza yazılıb. Bunu bilənlərsə elə həmin andaca hər söz-söhbətə son qoyurlar.
Ey bu evi tikən, sən görürsən! Sən bir də bu əziyyəti çəkməyəcəksən. Dirəklərin uçub artıq, çardağının bəzəyi pozulub. Bu dünyadan dartınan ağıl, axır ki, arzulara qalib gəldi.
Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdu.
Gəzərki adam, əgər özündən yaxşısına, ya da heç olmasa özün kimisinə rast gəlmədinsə, çəkil öz tənhalığına: axmaqlarla səninki tutmaz.
Kimisi ana bətninə qayıdır, günahkarlar cəhənnəmə vasil olur, möminlər göyə çəkilir, arzulardan üz döndərənlər isə nirvanaya (ilahi sakitliyə) çatırlar.
«Mənim övladlarım, mənim var-dövlətim» – axmaq adam özünü belə şeylərlə üzür. O heç özü-özünə də yiyəlik edə bilməz. O ki qala övlad olsun, var-dövlət olsun.
Nə göydə, nə dənizlərin dibində, nə dərələrin dərinliyində elə bir yer tapılmaz ki, diriləri ölüm haxlamasın.
Nə özündən ötrü, nə başqalarından ötrü övlad, var-dövlət, taxt-tac istəməz o. Qanunsuzluq üstündə uğur qazanmağa onun ehtiyacı yoxdu. Qoy onun müdrikliyi və ədaləti əbədi olsun!
Nifrətin qarşısı nifrətlə alınmaz, yalnız nifrətsizliklə nifrəti söndürmək olar. Bu, əbədi qanundur.
Sən indi saralmış yarpaq kimisən, o dünyanın elçiləri sənin dalınca gəliblər. Ölümün astanasında durmusan və heç yol ehtiyatı da götürməmisən.
Sümükdən tikilib bu qala, ətlə-qanla malalanıb-suvanıb; qocalıq və ölüm, yalan və ikiüzlülük gizlənib bu qalada.
Şirə çəkən arı çiçəklərə, güllərin rənginə, qoxusuna heç bir zərər vurmadan necə uçub gedirsə, müdrik adam da öz yurduna eləcə gəlib-getsin.