Təbriz

İranın Şəqi Azərbaycan ostanında şəhər
Təbriz



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Şəhərin ətraf yerlərində ağ mərmər hazırlayan böyük karxanlar var. Orada şəffaf ağ mərmər növü var. Deyilənlərə görə, şəffaf ağ mərmər yavaş-yavaş donan mineral bulaqların suyundan əmələ gəlir. Həmçinin Təbrizin lap yaxınlığında iki böyük mədən – duz və qızıl mədənləri var. Çoxdandır ki, qızıl mədəni işləmir, çünki onun verdiyi gəlir çəkilən xərci zorla ödəyir… Burada xeyli mineral sular var. Kükürdlü sular daha çoxdur. Onların arasında soyuq və qaynar olanları var. Jan Şarden
  • Təbriz böyük şəhərdir... Başqa şəhərlər və qalalar da çoxdur... Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur... Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan... və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər... Buradan qiymətli daş-qaş da alınır. Daş-qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər... Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur. Marko Polo
  • Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…[1]Jan Şarden
  • Təbrizin havası soyuq və qurudur. Onun havasının əhval ruhiyyəyə pis təsir etməsindən qətiyyən şikayətlənmək olmaz. Şəhər üzü şimala olub, ilin doqquz ayı zirvəsi qarla örtülü olan dağlarla əhatə edildiyindən orda soyuqlar uzun müddət davam edir. Demək olar ki, orda hər axşam-səhər zəif külək əsir. Yay müstəsna olmaqla, tez-tez yağışlar yağır. Ilin bütün fəsillərində onun üzərində duman görmək olar. Orada yaşayanlar üçün vacib olan hər nə istəsə boldur. Kifayət qədər keyfiyyətli və ucuzdur.[2]Jan Şarden

Təbriz haqqında bayatılar

redaktə

Əzizim ay əzizim
Təbrizim, ay Təbrizim.
Qismətimiz görüş yox
Niyə hicrandır bizim?

Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Ana tək məni, Təbriz.

Harayladım Təbrizi
Sıxdı hicran, dərd bizi.
Biz yuxuda görüşdük,
Ayırdı səhər bizi.

Hicran-kaman çalandı
İllər əsrə calandı.
Ha getdim Təbriz deyə.
Yollarım haçalandı.

Qar yağıbdır dizəcən
Bu düzdən o düzəcən.
Qəlblərdə körpü olum,
Uzanım Təbrizəcən.

Təbriz baharım, barım
Gül deyilsən qoparım.
Torpağından bir ovuc
Ver Gəncəyə aparım.

Təbriz mənəm, Xoy mənəm,
Gözlərindən doymanam.
Versələr dünya malın,
Səni əldən qoymanam.

Təbriz mənim zəmimdir,
Dərya üstə gəmimdir.
On tümən ziyanım var,
Min tümən çəm-xəmimdir.

Təbriz nağılım mənim
Əli çıraqlım mənim!
Sən ey yolların kimi
Qolları bağlım mənim.

Təbriz üstü barıdı,
Əlçatmaz, yuxarıdı.
Düşmən gəlsə basılar,
Tək deyil, arxalıdı.

Təbriz üstü daşlıdı,
Torpağı zər qaşlıdı.
Dindirməyin Təbrizi,
Gözləri qan yaşlıdı.

Təbriz üstü Marağa,
Zülfün gəlməz darağa.
Axtarıram yarımı,
Düşüb soraq-sorağa.

Təbriz üstü Marağa,
Zülfün gəlmir darağa.
Yardan xəbər gəlmədi,
Mən düşmüşəm sorağa.

Təbriz üstü Miyana,
Qızılgülə boyana.
Oxu, bülbülüm, oxu,
Bəlkə yarım oyana.

Təbrizdi vətənimiz,
Durmadı yatanımız.
Qolları bağlı getdi,
Dili söz tutanımız.

Təbrizim, can Təbrizim,
Sənə qurban, Təbrizim.
Düşmənə boyun əymə,
Mərd ol, dayan, Təbrizim.

Təbrizin küçələri,
Banlayır beçələri.
Sənsiz gözüm yol çəkir,
Bu uzun küçələri.

Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz.
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.

Vikipediyada Təbriz haqqında məqalə var.

İstinadlar

redaktə
  1. [1] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə
  2. [2] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə