Kazuo İşiquro

Yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısı
(İşiquro Kazuo səhifəsindən yönləndirilmişdir)

Kazuo İşiquro - yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısı.

Kazuo İşiquro
Fayl:Kazuo Ishiguro by Kubik.JPG, Kazuo Ishiguro in Stockholm 2017 02.jpg
Doğum tarixi 8 noyabr 1954
Doğum yeri Naqasaki
Vikipediya məqaləsi
Isiquro (2017)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


“Məni heç vaxt buraxma” əsəri

redaktə

Məni heç vaxt buraxma” (ingiliscə “Never let me go”) – yapon mənşəli britaniyalı yazıçı İşiquro Kazuonun 2005-ci ildə nəşrdən çıxmış romanıdır. 2005-ci ildə Buker, 2006-cı ildə Artur Klark mükafatına namizədliyini irəli sürmüşdü. “Taym” jurnalının tərtib etdiyi “1923-cü ildən 2005-ci ilə qədər olan 100 ən yaxşı ingilis dilli roman” siyahısına düşüb. 2010-cu ildə əsərin filmi ekranlara çıxmışdır. Rejissoru Mark Romanek, əsas rollarda Keri Malliqan, Endrü Qarfild və Kira Naytli. Donor, bioloji material olduğunu bilə-bilə yaşamaq necə hissdir? İnsan olmadığını, klon olduğunu bilmək? Başqa insanların həyatlarını xilas etmək üçün orqanlarını vermək? Müqavimət göstərmədən, hirslənmədən, qaçmağa cəhd göstərmədən. Sadəcə hərdən kimsə orqan çıxarış müddətini uzatmaq istəyir. Çünki o da sevmək və sevdiyi ilə bir az da birlikdə qalmaq istəyir. Otuz yaşlı Ketinin xatirələrini oxuyanda gözünüzün önündə bütün bunlar canlanacaq. Bu roman-pritça məhəbbət, dostluq, yaddaş haqqındadır.

Əsərdən seçilmiş hissələr

  • – Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz.

– Bunun gəlib-gedən tendensiyalardan biri olduğunu deyirsiniz. Yəqin, belədir. Ancaq bizim üçün bu bütün ömrümüzdür.

  • Bəzən, yenə də deyirəm, o, bizim hesabımıza köhnə sakinlərə təsir göstərməyə cəhd edirdi. Amma mənə elə gəlir ki, şüurunun hansısa səviyyəsində Rut hesab edirdi ki, bunu bizim hamımızın adından edir. Və yaxın rəfiqə kimi vəzifəm ona sakit dəstək verməkdən ibarət idi. Sanki o səhnədə çıxış edir, mən isə birinci cərgədə oturmuşam.
  • Bircinsli seksə gəldikdə isə, o bizi daha çox utandırırdı. Nəyəsə görə, aramızda onu “universal seks” adlandırırdıq; sənlə eyni cinsdən olan adamdan xoşun gəlirdisə, onda sənə “universal” deyirdilər.
  • Bizim surətimizi tullantılardan çıxarıblar. Narkomanlardan, fahişələrdən, əyyaşlardan, avaralardan. Ola bilsin ki, bəzilərini məhbuslardan, ağlı başında olan məhbuslardan.
  • Çünki qəlbimizin dərinliyində elə bir şey qalmışdı ki…bizi əhatə edən dünya qarşısında qorxu, buna görə bir-birimizdən nə qədər zəhləmiz getsə də, birdəfəlik bir-birimizi buraxa bilməməyimiz.
  • – Əl işlərinizi bir səbəbdən yığırdıq. Ümid edirdik ki, onlar sizin ruhunuzu ortalığa çıxaracaq. Ya da, daha dəqiq desək, sübut edəcək ki, sizin ruhunuz var.

– Xanım Emili, bunu sübut etmək nəyə lazım idi ki? Məgər ruhumuzun olmadığını düşünənlər var idi?

  • Əmin olduğunuzu deyirsiniz? Əminsiniz ki, bir-birinizi sevirsiniz? Bunu necə bilmək olar axı? Fikirləşirsiniz ki, məhəbbət belə sadə şeydir?
  • Gəzirsən, deyək ki, hamıya bildirmək istəyirsən ki, bunu və ya o biri kitabı oxumusan. Yanında, məsələn, “Hərb və sülh” adı çəkiləndə çoxbilmişcəsinə başını yırğalayırsan. Sənin kef gəlib-gəlmədiyini heç kim yoxlayası deyildi. Ümumi əhval-ruhiyyə belə idi. Unutmayın ki, köçdükdən sonra vaxtımızın çoxunu birlikdə keçirirdik, gizlincə “Hərb və sülh”ü oxumaq isə qeyri-mümkündür.
  • Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi.
  • Hanna belə bir fikrə zəmin yaradırdı – guya onların vəzifəsi bizim cinsi həyatımızı yoluna qoymaqdır, əks təqdirdə bizlər yaxşı donor ola bilmərik. O deyirdi ki, seks olmasa, böyrəklər, mədəaltı vəz və başqa orqanlar düzgün fəaliyyət göstərməyəcək.
  • Harri S.-i seçdim və buna bir neçə səbəb var idi. Birincisi, dəqiq bilirdim ki, o bunu əvvəl Şeron D. ilə edib. İkincisi, ondan ötrü ürəyim getməsə də, ondan iyrənmirdim də. Həm də o, sakit və ciddi olduğundan, fikirləşirdim ki, mənə görə heç nə alınmasa, sağda-solda ağzını allah yoluna qoyub danışmayacaq. Və ən axırıncısı, o, bir neçə dəfə vurğulamışdı ki, mənlə sekslə məşğul olmaq pis olmazdı. Əlbəttə, o vaxt oğlanlar ikimənalı sözlər soxuşdurmağa bir can idilər, ancaq mən artıq əsl təklifi naqqalıqdan ayıra bilirdim.
  • Hər birimiz bu və ya digər vaxtda normal insandan çıxarılmış surət olduğumuzdan, hardasa böyük dünyada yəqin ki, orijinallarımız var və yaşayır. Deməli, nəzəri də olsa ehtimal var ki, öz orijinalımızı tapa bilərik. Bu səbəbdən bizlərdən kimsə bayıra çıxan kimi küçədə, ticarət mərkəzlərində, yol qırağı kafelərdə oxşarlıq -özü və dostları üçün “mümkün mən” tapmaq üçün insanlara diqqətlə baxırdı.
  • Hər şey bir kənara, dəqiqəbaşı kitabın seksdən bəhs edən yerlərinə qayıdırdım, – nəsə faydalı şey oxumaq istəyirdim. Ancaq təəssüf ki, Heylşemdə olan kitabların xeyri az idi. On doqquzuncu əsr bu sahədə faydasız olan Tomas Hardi kimi yazıçılar tərəfindən geniş şəkildə təsvir olunurdu.
  • Kaset üç nömrə altında gedən “Məni heç vaxt buraxma” adlı bir mahnıya görə mənə çox əziz oldu.
  • – Ket, bilirsən niyə hamı dördüncüdən qorxur? Çünki həqiqətən qurtaracaqlarına əmin deyillər. Dəqiq bilsələr, asan olar.
  • – Ket, nə fikirləşirsən?

– Fikirləşirdim ki, – cavab verdim, – indiki kimi Heylşemdə olanda da dəliliyin tutmuşdu. Başa düşmürdük ki, özünü belə bir vəziyyətə necə çatdırmaq olar. İndi isə ağlıma belə bir fikir gəlib – sadəcə fərziyyə. Bəlkə ona görə cinlənirdin ki, qəlbinin dərinliyində həmişə bilirdin.

  • Kotteclərdə seks müəyyən qədər funksional xarakter daşıyırdı. Bəlkə, elə ona görə ki, məxfilik və o dedi-qodular yox idi. Bəlkə də, soyuğa görə.
  • Köhnə, sanki dəniz dibindən çıxan, dalğalı vərəqləri olan bir qucaq köhnə kitablarım yadıma düşür. İsti yay günlərində otluqda oturub, dəqiqəbaşı o vaxt uzatdığım, gözümə düşən saçlarımı kənara edərək onları oxuduğumu da xatırlayıram. Səhər tezdən poeziya və fəlsəfə haqda mübahisə edən sinif yoldaşlarımın səsindən qara anbarın üstündəki balaca otağımda yuxudan ayılmağımı xatırlayıram; uzun qışları, mətbəxdəki buxarla və stol arxasında Kafka və Pikasso haqdakı qarışıq söhbətlərlə dolu səhər yeməklərini xatırlayıram.
  • Qadın ona dedi ki, rəsmlərdən, şeirlərdən və sair belə şeylərdən daxildə necə olduğumuz üzə çıxır. Dedi ki, bu sizin ruhunuzu üzə çıxarır.
  • Lüsi Uenraytın idealist olmasında pis heç nə yoxdur. Pis odur ki, o bəzi əməli şeyləri başa düşmürdü. Baxın, biz sizə nəsə verə bilmişik. İndinin özündə belə onu sizdən heç kim ala bilməz. Bunu ona görə edə bildik ki, sizə sığınacaqların öhdəsinə buraxdıq.
  • Məncə onun yaddaşında xüsusi bir yerə iddialı olmaq üçün səbəblərim yox idi.
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə…şagirlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil.
  • Nəyisə edirsən, xüsusi bir səbəb olmadan, edirsən, vəssalam. Ona görə edirsən ki, güldürmək, həyəcanlandırmaq, diqqət cəlb etmək istəyirsən. Sonra səndən hərəkətini izah etməyi xahiş edəndə, o sənə mənasız gəlir.
  • O ilk aylarda hansı yollasa belə bir fikrə gəldik ki, Kotteclərdəki işimizin göstəricisi kimi – onların öhdəsindən yaxşımı gəlirik, ya pis – oxuduğumuz kitabların sayı götürülür.
  • O, sanki deyirdi: “Bəli, biz bunu indi edirik və mən çox şadam ki, biz bunu edirik. Amma çox təəssüf ki, belə gec edirik”.
  • Ortalıqda belə bir şayiə də dolaşırdı ki, guya bəzi klassik əsərlər – məsələn, Şerlok Holms haqda olan kitab – ona görə kitabxanamızda yoxdur ki, orda əsas qəhrəmanlar çox siqaret çəkir. Və əgər şəkilli kitabda və ya jurnalda qabağımıza cırılmış səhifə çıxırdısa, bəziləri deyirdi ki, yəqin orda kimsə siqaret, ya da qəlyanla təsvir olunub.
  • Rut haqlı idi: Madam həqiqətən bizdən qorxurdu. Başqaları hörümçəkdən qorxduğu kimi. Biz buna hazır deyildik. Planı götür-qoy edəndə qarşımıza hörümçək rolunda özümüzü necə hiss edəcəyik tipli sual qoymamışdıq.
  • Sən həmişə tələsirsən, tələsməsən belə normal söhbət üçün çox yorğunsan. Və tezliklə çox saatlıq iş, ezamiyyətlər, fasilələrlə yuxu, bunların hamısı sənin daxilinə nüfuz edir, sənin bir hissən olur və bunu hamı görür, gözlərindən, qamətindən, yerişindən, danışıq tərzindən.
  • Sizin yaratdıqlarınız bizim nəyimizə lazım idi? Onlardan ən yaxşılarını seçib xüsusi sərgilər təşkil edirdik. Yetmişinci illərin axırı, təsirimiz maksimum həddə çatanda bütün ölkə üzrə tədbirlər keçirirdik. Nazirlər, yepiskoplar, müxtəlif məşhur adamlar gəlirdi. Nitqlər söylənilir, yardıma böyük məbləğlər verilirdi. «Budur, baxın! – bəyan edirdik. – Bu incəsənət əsərlərinə baxın! Cəsarət edib necə deyə bilərsiniz ki, bunların müəllifi insan deyil?»
  • Tamam başqa səbəbdən ağlayırdım. Rəqsinizə baxdıqca tamamilə başqa mənzərə görürdüm. Sürətlə meydana çıxan yeni dünyanı görürdüm. Bəli, daha texnoloji, bəli, daha effektli. Köhnə xəstəliklərin yeni müalicə üsulları. Çox yaxşı. Amma bununla belə dünya zalım və amansızdır. Və mən gözlərini yığmış, sinəsinə köhnə, daha xeyirxah dünyanı sıxan qızı görürdüm. Bu qız ürəyinin dərinliyində bilirdi ki, köhnə dünya qala bilməz, amma qız onu tuturdu, tuturdu və xahiş edirdi ki, onu buraxmasın. Bax, gördüyüm bu idi.
  • Tibb üçün sizin kimi donorlar yetişdirmək başqa bir şeydir. Bəs cəmiyyətdə ən yaxşı yerləri tutacaq süni uşaqlardan ibarət olan nəsil? Bütün rəqiblərindən üstün olan uşaqlar? Yox, belə olmaz. Bu insanları qorxuzdu. Onlar dəhşət içində uzaqlaşdılar.
  • Tomun həmin an necə göründüyü indiyə kimi dəqiq yadımdadır: üzündəki qəzəb az qala təəccüblə əvəz olunmuşdu, sanki mən darvazada gördüyü nadir kəpənək idim.
  • Və yalnız ona elə gəlirdi ki, mütaliə səviyyəsini nümayiş etdirməyin ən yaxşı yolu insanlara onların hələ oxuyub qurtarmadığı əsərlərin süjetini danışmaqdır.
  • Yadımdadır, oğlanı başımdan eləmək üçün Lora mənə burnu fırtıldatmağın xüsusi üsulunu göstərmişdi.
  • Yandan ötüb keçirsənsə, tənqid etmək çox asandır.
  • Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim.

Xarici keçidlər

redaktə