Amhar atalar sözləri

(Amxar atalar sözləri səhifəsindən yönləndirilmişdir)

Amharlar (አማራ) - Efiopiyanın şimal-qərb və mərkəzi dağlıqlarında (əsasən Amhara regionunda) yaşayan Sami-Hami dil ailəsinə mənsub Efiosemitik (Həbəş) bir xalq. 2017-ci ilin məlumatına əsasən, sayları 20,02 milyon olub, Efiopiya pravoslav kilsəsinə (የኢትዮጵያ ኦርቶዶክስ ተዋሕዶ) etiqad edirlər. Bununla yanaşı, ABŞ, Kanada, İsrail kimi dövlətlərdə də diasporları mövcuddur. Onlar Afroasiya dil ailəsinin Sami-Hami budağının Efiosemitik qrupuna aid, Efiopiyanın dövlət dili olan Amhar dilində danışırlar.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Adi adam öləndə ağlını tərifləyirlər, nequs öləndə - sarayını. (Nequs - Həbəşistan padşahının titulu)
  • Ağıllı bu ili fikirləşir, ağılsız - bu günü.
  • Ağıllının səhvini üst-üstə yığsan, dağ yaranar.
  • Allah ilanın ürəyindəkini bildiyinə görə onu ayaqdan məhrum elədi.
  • Arvad düşünən işi kişi görər.
  • Aslan kimi nərə çəkmək istəyən ahu, özünə zərbə saldı və öldü.
  • Aslanın qocalmışı milçəklərə oyuncaq olar.
  • At dava meydanına gətirə gilər, amma sənin əvəzinə vuruşa bilməz.

B redaktə

  • Bəbirin gözü təkəyə zillənib, təkənin gözü - yarpağa.
  • Bəbirin quyruğundan yapışma, yapışdın - buraxma.
  • Bəd xəbər uçur, xoş xəbər yatır.
  • Bədənin dərmanı - dana əti, urəyin dərmanı - Marmam. (Marmam - amxarlar arasında geniş yayılmış qadın adı).
  • Bəxt üz döndərəndən adamlar da üz döndərər.
  • Bəxtəvərlikdən qışqırmaqla , dərddən qışqırmağın fərqi böyükdür.
  • Bilmək istəyən gərək soruşsun.
  • Bir səni gözü götürməyəni, bir də aclıqda sənə çörək verəni unutma.
  • Bir yerdə böyüdüyünü böyük saymazsan.
  • Biri danışanda hamı qulaq asır, hamı danışanda - kim qulaq asacaq?
  • Borc alırsan, deməli ümid verirsən.
  • Boyun ətrafa boylanmaq üçündür.
  • Buynuz qulaqdan gec uzansa da ondan böyük olur.
  • Buzova süd, aslana ət

C redaktə

  • Cavan əvvəl göyü görür, sonra yeri.

Ç redaktə

  • Çığırmasan qonşu köməyə gəlməz.
  • Çox gülmək asandır, çox susmaq - çətin.
  • Çox iti ülgüc qınını kəsər, çox iti ağıl ölümə aparar.
  • Çox sərvət çox da düşmən artırar.
  • Çox zordansa, bir az ağıl yaxşıdır.
  • Çörəyi nabələdlə, dərdi qohumla bölüşərlər.

D redaktə

  • Danışa bilmək yaxşıdır, dinləyə bilmək daha yaxşı.
  • "Danışıram" deməkdənsə, "işim var" demək yaxşıdır.
  • Danışmayan çox hirslənər, nəinki danışan.
  • Daşı şübhəli yerə atarlar.
  • Dildən çıxan dişdən təmiz olmalıdır.
  • Dildən iti olan, ağıldan ləng olar.
  • Dost gəlir uzaqdan, düşmən çıxır öz ağzından.
  • Dostuna böhtan deyən - sənə böhtan deyir.
  • Düşmənin öpüşündən, dostun şilləsi yaxşıdır.
  • Düz olmaq, yüz əlli "Zəbur" surəsi oxumaqdan qiymətlidir.

Ə redaktə

  • Əcəl gecikəndə, elə bilirlər ki, daha heç gəlməyəcək.
  • Ən dadlı xörək, acanda yediyindir.

G redaktə

  • Gözün xəstəliyi aşkardır, ürəyinki - gizli.
  • Güclü dost güclü düşmən də ola bilər.

H redaktə

  • Heç bir möcüzə həftədən artıq heyrətləndirmir.
  • Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı.
  • Həkimi çox olan xəstə ölər.

İ redaktə

  • İki davakar yan-yana oturmaz.
  • İki yuvalı siçan tələf olmaz.
  • İlanın ayağı yoxdur, yalanın kökü.
  • İnək - çobanı tanıyır, sahibini - yox.
  • İstəyirsənsə sənə böhtan deməsinlər - qonaq elə, çörəyini ağzından almasınlar - evdən qovla.
  • İşıq - zülmətdə gərək, ağıl - zillətdə.
  • İtlər savaşar sümükdən ötrü, diri heyvandan ötrü yox.

K redaktə

  • Kasıbdan hamı soruşur: "Nə iş görürsən?", heç kəs demir ki, nə yeyirsən.
  • Körpə uşaq - körpə səadətdir.

Q redaktə

  • Qarışqanın qarnı yoxdur, milçəyin - evi.
  • Qarnını kələmlə aldatsan, dağı qalxanda da dizlərin büküləcək.
  • Qısqanclıq və qaradinməzlik ər-arvadlıq telini qırar.
  • Qızı almamış anasına bax.
  • Qızıl-gümüş şirin dadmır, amma adamlar ondan ötrü üz-göz olurlar.
  • Qocanı öyrədən - suya yazmış kimidir, cavanı öyrədən - daşa yazmış kimidir.
  • Qohumla dərman ağır gündə gərəkdir.
  • Qüvvətli - başqalarına da qüvvət verər, zəif başqalarını da zəiflədər.

M redaktə

  • Meymun deyir: mərci əkməkdən nə xeyir? (Meymunlar mərci yemir)
  • Məsəlsiz söhbət, duzsuz xörək kimidir.
  • Müdirin xahişi əmrdir.

O redaktə

  • "O məni istəyir" deməkdənsə, yaxşı olar ki, deyəsən: "Mən onu istəyirəm".
  • Oğru ilə birlikdə ona havadar çıxanları döy.

Ö redaktə

  • Ölümə yaxın o adamdır ki, fikri ölümün yanındadır.
  • Özümün yeməyə heç nəyim yox, bu yandan da oğlum diş çıxardır.

S redaktə

  • Səhər yavaş - yavaş açıldığı kimi, həqiqət də yavaş-yavaş aydınlaşar.
  • Səhv eləməyə bir gün bəs olur, təəssüf etməyə - il lazım gəlir.
  • Sənin düşmənini istəyən səni istəməz.
  • Sərvətlə bilik bir yerdə olmur.
  • Siçan hətta ölümqabağı da pişiyin qorxusunu duyur.
  • Soyuq nə gətirər əsməkdən başqa?
  • Susan ağıza milçək girməz.

Ş redaktə

  • Şad xəbəri müəmmasız deyərlər.
  • -"Şir nə yeyir?" -"Nə götürür, onu", -"Əvəzində nə verir?" -"Kim ondan soruşur ki?".

T redaktə

  • Tecə qrafin gərəkdir, söhbətə - atalar sözü. (Tec - baldan hazırlanan tünd içki).
  • Tənbəlliyin dalınca xəstəlik gələr.
  • Tüstülənməyən odun yoxdur, yanılmayan adam.

Ü redaktə

  • Ürək hər şeydən bərk qızar, hər şeydən bərk soyuyar.

V redaktə

  • "Varımdır" demək "var idi" deməkdən yaxşıdır.
  • Verməyə tələsmə - heyfsilənməzsən.
  • Vətənsiz insan - toxumsuz torpaq.

Y redaktə

  • Yadelliyə ölüm də qəfil gəlir.
  • Yalançıya "aşağı bax" deyəndə yuxarı baxar.
  • Yaman gün kitabdan yaxşı öyrədər.
  • Yaman günlə duman, hər ikisi tədricən keçər.
  • Yazılan qalır, deyilən unudulur.
  • Yeriyə-yeriyə bağlanan kəmər, yeriyə-yeriyə də açılar.
  • Yıxılan ağaca baltanın böyüyü gərək deyil.
  • Yüz yalandan bir doğru yaxşıdır.

Z redaktə

  • Zəiflə məsləhətləş, güclü ilə düşmən üstünə cum.

İstinadlar redaktə