Ağılsızın dodaqları ixtilafı, ağzı da kötəyi gətirər. Ağılsızın ağzı özünü məhv edər, dodaqları da canına tələdir.
Ağzımı doğruları söyləmək üçün açaram. Ağzım həqiqəti eşitdirər, çünki dodaqlarım pislikdən nifrət edir. Ağzımdan çıxan hər söz doğrudur, yoxdur əyri və ya sapmış olanı. Açıq-aşkardır hamısı anlayana; biliyə çatan doğruluğunu bilər onların.
Ağzında yalanla gəzən adam soysuz və fəsadçıdır.
Ağzından çıxan bütün hökmləri dodaqlarımla təkrarlayıram. Sevinc duyuram öyüdlərini izləyərkən, sanki mənim olur bütün xəzinələr… Dodaqlarımdan təriflər çıxsın, çünki mənə qaydalarını öyrədirsən. Dilimdə sözün tərənnümə çevrilsin, çünki bütün buyruqların doğrudur.
Axmaq əsəbiləşdiyini dərhal bəlli edər… Düşünmədən deyilən sözlər qılınc kimi kəsər, müdriklərin dili isə şəfa verər.
Axmağın sözləri kürəyinə kötəkdir, amma müdrikin dodaqları özünü qoruyar.
Allahınız Rəbbi unutmamağa diqqət yetirin. Bu gün sizə bildirdiyim buyruqlarında, qanunlarında, qaydalarında zəiflik göstərməyin.
Başqasını kiçik görən ağıldan məhrumdur, ağıllı adam isə dilini tutar.
Bilikli adam az danışar, ağıllı adam sakit ruhludur. Çənəsini tutub susan axmaq belə müdrik və ağıllı sayılır.
Böyük işlərə girdim. Özümə evlər tikdim, bağlar tikdim. Bağçalar, parklar qurdum, oralara müxtəlif meyvə ağacları əkdim. Qanad, budaq salan meşə ağaclarını sulamaq üçün hovuzlar düzəltdim… Hər kəsdən çox mala, davara sahib oldum. Qızıl-gümüş yığdım; padşahların, ellərin xəzinələrini yığdım… Böyük şöhrətə qovuşdum… Gözümün istədiyi heç bir şeyi özümdən əsirgəmədim. Könlümü heç bir zövqdən saxlamadım… Etdiyim bütün işlərə, çəkdiyim bütün əməklərə baxanda gördüm ki, hamısı faydasız və küləyi qovmağa cəhd etmək imiş. Günün altında heç bir qazanc yox imiş.
Dolanışığı olmayan adam öz mənfəətinin arxasınca qaçar, yaxşı öyüdə həmişə qarşı çıxar. Ağılsız adam bir şey anlamaqdan çox öz fikirlərini deməkdən xoşlanar.
Dürüst cavab gerçək dostluğun işarəsidir.
Dürüst şahid doğrunu söyləyər, yalançı şahid isə hiylə tənəffüs edər… Həqiqi sözlər sonsuza qədər qalıcıdır, halbuki yalanın ömrü bir anlıqdır. Pislik hazırlayanın qəlbi hiyləgər, sülhü nəsihət edənin qəlbi isə sevinclidir. Doğru adama heç zərər gəlməz, pisin başı isə bəladan xilas olmaz. Rəbb yalançı dodaqlardan nifrət edər, amma həqiqətə uyanlardan razı qalar.
Düz yolda gedib doğru-dürüst danışan… yüksəklərdə oturacaq; uçurumun başındakı qalalar onu qoruyacaq, çörəyi veriləcək və heç susuz qalmayacaq.
Düzgünlük əkin özünüz üçün, sevgi meyvələri biçin... Çünki Rəbbə yönəlmə zamanıdır...
Ehtiyatlı adam biliyini özünə saxlayar, halbuki ağılsızın ürəyi axmaqlığını elan edər.
Etibarlı şahid yalan danışmaz, yalançı şahid isə yalan nəfəs alar.
Etməyiniz lazım olanlar bunlardır: Bir-birinizə doğrunu söyləyin... Yalan yerə and içməkdən çəkinin..." Belə deyir Rəbb.
Ey bütün xalqlar, dinləyin! Qulaq asın hamınız, ey dünyada yaşayanlar, xalq uşaqları, bəy uşaqları, zənginlər, yoxsullar!... Onlar varlıqlarına güvənir, böyük sərvətləri ilə lovğalanırlar. Heç kim heç kimin həyatının əvəzini ödəyə bilməz, Allaha fidyə verə bilməz. Çünki həyatın fidyəsi böyükdür, heç kim ödəməyə cürət etməməlidir. Belə olmasa, sonsuza qədər yaşayar insan, məzar üzü görməz. Şübhəsiz ki, hamı bilir müdriklərin öldüyünü, axmaqlarla səfehlərin yox olduğunu. Mallarını başqalarına buraxırlar. Məzarları sonsuza qədər evləri, nəsillər boyu iqamətgahları olacaq, torpaqlarına öz adlarını versələr belə. Bütün göstərişinə baxmayaraq ölüb gedən heyvanlar kimi keçicidir insan, … Qorxma biri varlı olsa, evinin əzəməti artsa. Çünki ölüncə heç bir şey apara bilməz, əzəməti onunla məzara getməz. Yaşayarkən özünü xoşbəxt saysa belə, müvəffəqiyyətli olunca təriflər alsa belə... Bütün göstərişinə qarşı, ölüb gedən heyvanlar kimi anlayışsızdır insan.
Qanun kitabında yazılanları dilindən salma. Hamısını diqqətlə yerinə yetirmək üçün gecə-gündüz onu düşün. O zaman müvəffəqiyyətli olacaq və məqsədinə çatacaqsan.
Qeybətçi sirr saxlaya bilməz, bu səbəblə ağzı zəif olanla yoldaşlıq etmə.
Qərar verdim: "Addımlarıma diqqət yetirəcəyəm, dilimi günahdan qoruyacağam; qarşımda pis biri olduqca ağzımı yumacağam”.
Qəzəbindən qısalır günlərimiz, bir nəfəs kimi tükənir illərimiz. Ömrümüz yetmiş il çəkir, ən çox səksən il, o da sağlam olsaq; ən gözəl illərimiz də zəhmət və kədərlə keçir; tez bitir və uçub gedirik.
Nə xoş o insana ki, pislərin öyüdü ilə getməz, günahkarların yolunda durmaz, istehza edənlərin arasında oturmaz. Ancaq zövqünü Rəbbin Qanunundan alar və gecə-gündüz onun üzərində dərindən düşünər.
Nəvazişli dil həyat verər, əyri dil isə ruhu yaralayar.
Nifrətini gizləyən adamın dodaqları yalançıdır. Böhtan atan ağılsızdır.
Rəbb deyir ki, "İnsana güvənən, insanın gücünə söykənən, qəlbi Rəbbdən uzaqlaşan adam lənətlidir. Beləsi çöldəki kol kimidir, yaxşılıq gələndə görməyəcək...
Sahibinin zərərinə yığılan və yox olub gedən sərvət... Anasının rəhmindən çılpaq çıxır insan. Dünyaya necə gəldisə, elə gedər; əməyindən heç bir şey aparmaz əlində. Dünyaya necə gəldisə, elə gedər insan...
Sevgi istəyən adam günahları bağışlayar, qeybətçi isə can dostlarını ayırar.