Yaponiya — Şərqi Asiyada yerləşən ada ölkəsi.

Yaponiya bayrağı

Yaponiya haqqında sitatlar

redaktə
  • Avropalılar yaponlarla yaxından tanış olduqca, yapon həyat tərzi və quruluşuna diqqətlə baxdıqca, onlara aydın olur ki, Yaponiyanın simasında tamamilə yeni, tam müstəqil ruhlu, mükəmməl və dərindən işlənib qaydaya salınmış bir ölkə görürlər. Avropalılar, xüsusən, belə bir cəhətə mat qalırlar ki, ucqar şimal bölgəsindən tutmuş cənubadək Yaponiyanın bütün ərazisində tamamilə eyni ailə və ictimai məişəti anlayışı, dünyagörüşü, meyl, arzular mövcuddur.
    • Q.Vostokov, “Yaponiyanın ictimai, ailə və dini məişəti”. Sankt-Peterburq, 1904.


  • Bəzi amerikalılar və ya avropalılar Yaponiyanı Asiyanın həqiqətən amerikalaşdırırlmış, yaxud avropalaşdırılmış birinci ölkəsi sayırlar. Qərbdə çoxları son yüz il ərzində Yaponiyada baş vermiş dəyişiklikləri göstərərək belə hesab edirlər: yaponların özləri də o qədər dəyişmişlər ki, amerikalılara və ya avropalılara oxşamağa başlamışlar, yalnız coğrafi təsadüfə görə yaponlar asiyalı sayılırlar. Lakin bu obraz yanlış təsəvvürdür, yapon həyatının bəsit hadisələrinin təcəssümüdür. Mahiyyəti isə yapon mədəniyyətində və tarixində dərin kök salmış baxışlardan, adətlərdən, vərdişlərdən, qaydalardan doğur. Yapon ənənəsinin özəyi əvvəllər olduğu kimi yenə də yaponların gündəlik həyatına , ölkənin siyasətinə istiqamətverici təsir göstərir. Bu özək xarici təsirlərə məruz qalmışdır. Qərbin təsiri Yaponiyanın simasını dəyişdirmiş, lakin yaponların beyninə və qəlbinə girə bilməmişdir.
    • H.Riçard ,“Yaponiya: obraz və gerçəklik”. Nyu-York, 1969.
  • Birləşmiş Ştatlar haqqında çoxlu tənqidlər var, amma bir şey var ki, heç kim ABŞ-ı tənqid etmir. Heç kim ABŞ-ın torpaq, su və ya neft qazanmaq üçün İraqa zərbə vurduğunu düşünmür, heç kim Amerikanın daşınmaz əmlakla bağlı hər hansı ambisiyasının olduğunu düşünmür. 20-ci əsrdə olduğu kimi, Amerikalı oğlanlar iki dünya müharibəsində vuruşmağa getdilər, onların çoxu həyatını itirdi. Birləşmiş Ştatlar müharibələrdə qalib gəldi, torpağı qazandı, amma siz onun hər bir hissəsini geri verdiniz. Amerika özü üçün qələbələrindən heç nəyi kənarda saxlamadı. Siz Yaponiyanı, təkmil Yaponiyanı geri verdiniz, Almaniyaya, təkmil Almaniyanı verdiniz, Marşal Planını eşitdiniz. Və bu gün mən inanmıram ki, yer üzündə ABŞ-ın bu tətillə razılaşsanız da, razılaşmasanız da, düşünən ciddi bir adam var. İraqa qarşı müharibədə hər hansı eqoist və ya maddi məqsədləri var. Səbəb, bu tətil üçün dünyanın vəhşi olmasına icazə verə bilməməyinizdir. Həyatımızın müxtəlif guşələrindən gələn insanlar isə gözlənilmədən qadınlara, uşaqlara, günahsız insanlara hücum edib öldürürlər. Və düşünürəm ki, bütün dünyanın bəxti gətirib ki, 21-ci əsrə gələn yeni təhlükənin öhdəsindən gəlmək üçün iradə və gücə malik ABŞ var. Şimon Peres
    • Harvard Universitetində çıxış (20 oktyabr 2004)
  • Buranın iqlimi çox qəribədir: yayda Tokio Vaşinqton kimi rütubət və bürkülü olur, qışda isə yapon mənzilində qalırsınızsa Laplandiyadakı kimi donarsınız. Nə isti, nə də soyuq olanda isə yağış yağır.
    • Uolt Şeldon “Yaponiyadan həzz alın”. Tokio, 1961.


  • Çin dövlətinin şərqində, okeanda, Çin sərhədlərindən təxminən 700 verst (Rusiyada uzunluq ölçü vahidi. 500 sajen 1066,781 metrə bərabərdir. Tək halda rusca “Верста”, cəmdə “Верст”. 1 verst = 1066 m = 3500 fut) məsafədə Yaponiya adlı böyük ada yerləşir. Həmin adada Çin dövlətindəkinə nisbətən daha çox sərvət var, orada gümüş, qızıl filizləri çıxarılır. Yazıları və qismən də adətləri çinlilər ilə eyni olsa da, bu adamlar daha qəddardırlar, buna görə də dini (xristian) təbliğ etmək üçün ora gələn ruhanilərin çoxunu öldürmüşlər.
    • Moskvanın Pekindəki səfiri S.Nikolay üçün xatirə məktubundan , 1675.


  • …Mən köhnə və yeni Yaponiya haqqında düşünürəm. Bilirəm, əsrlər boyu yaranan adətlər on illər ərzində yoxa çıxa bilməz. Yaponiyada köhnəliklə yenilik bir-birinə necə qovuşmuşdur? Hansı qüvvənin təsiri ilə? Deyirlər ki, Yaponiya öz qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədir. Bəlkə də yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır… Lakin hər halda Yaponiyanın keçmişində olan, xalqa bütün yenilikləri qəbul etmək bacarığı verən qüvvələr nə kimi qüvvələrdir? Yapon xalqının məişətinə, adətlərinə, onun etikasına, estetikasına diqqət edirəm. Minillik məişət və adətlər – varlığa çevrilmiş şüur, məişət, adətlər – doğrudan da mamont dişləri kimi möhkəmdir.
    • Boris Piliyak, “Daşlar və köklər”. Moskva, 1935.


  • Məni mat qoyan şeylərdən biri Yaponiya ilə İtaliyanın oxşarlığıdır. Çinliləri almanlarla müqayisə etmək mümkünsə, onda yaponlar da Şərqin italyanlarıdır. Hər şeyin ölçülüb-biçilməsi ilə başısoyuqluq arasındakı təzad göz qabağındadır. İtalyanlar kimi yaponlar da güləyən, rahat xalqdır, onlar üçün həyat o qədər ucuzdur ki, ölümdən qorxmağa dəyməz. Onlar da öz davranışlarına görə təbiət övladlarıdır, lakin məkrli, qisasçı və sövdələşmədə hiyləgərdirlər. Onlar da anadangəlmə artistdirlər…
    • K.R.Stretton, “Mənzərəli Yaponiya”. 1910.


  • Ötən zaman yaponu həyata rəssam, estet kimi baxan insana çevirmişdir. O, prinsip adamı deyil. Yaponun ictimai və şəxsi həyatında əsas qanun əxlaqdan, dindən yaxud siyasətdən çox gözəllik üstündə qurulmuşdur. “Yaponiyanın estetik izahı” – bu, gələcəkdə lazım olan kitab üçün gözəl sərlövhə olardı.
    • G.Rober, “Yaponiya”, Paris, 1961.


  • Səhiyyə nazirliyinin məlumatına görə, Yaponiyada plastik cərrahiyyə ilə məşğul olan üç yüzdən çox şəxsi klinika qeydə alınmışdır. Həmin klinikalar əsasən qadınların sinəsini böyütməklə, gözlərinin iri görünməsi üçün göz qapaqlarının yanlarını kəsməklə məşğuldur. Tokiodakı bir klinika hər il 18 min cüt gözü “avropalaşdırır”… Həmin işin gəlirli olduğunu ondan görmək olar ki, bu yaxınlarda bir cərrah yüz milyon yen məbləğində vergi ödəməkdən boyun qaçırdığına görə məhkəmə məsuliyyətinə cəlb edilmişdir.
    • Kioto agentliyinin məlumatı, sentyabr 1968.


  • Tokioda o qədər çox adama yaşayır ki, deyəsən, hətta itlər quyruğunu sağa-sola yox, yuxarı-aşağı bulamağa məcbur olur. Tokio böyük bir labirintdir. Burada şəhər nəqliyyatına minmək özünü edama məhkum etmək deməkdir, sükan arxasına əyləşmək döyüşə yollanmaq deməkdir, piyada getmək intihar etmək deməkdir.
    • Uolt Şeldon, “Yaponiyadan həzz alın”. Tokio, 1961
  • Yaponiya xalqı inanırdı ki, onların yüksəlmək üçün yalnız bir yolu var: uşaqlarının onlardan daha yaxşı təhsil alması; onların kəndlərindən savadlı olmaq üçün başqa yerlərə köçmələrinin çox vacib olduğu müdafiə olunurdu . Beləliklə, ailədə uşaqları məktəbdə yaxşı oxumağa və irəli getməyə təşviq etmək üçün böyük bir enerji var idi. Daim hər şeyi öyrənməyə meylli olduğu üçün kənardan gələn yeni fikirlər təhsil sistemi vasitəsilə çox asanlıqla yayılardı. Bəlkə də Yaponiyanın bu qədər sürətlə irəliləməsinin səbəblərindən biri də budur. Riçard Feynman
  • Yaponiya ilə, onun incəsənəti, fəlsəfəsi ilə tanış olmağa başlayanda yaponlar haqqında elə təsəvvür yarana bilər ki, guya onlar tək-tənha qalmağı xoşlayırlar. Onlara xas olan keyfiyyətlər – məsələn, seyr etmək həvəsi, təbiətlə tək qalmaq arzusu bu cür nəticə çıxarmağa vadar edir. Lakin mən başqa bir cəhəti nəzərə çarpdırmaq istəyirəm. Yaponlar doğurdanmı təkliyi sevirlər? Yox, əksinə, sevmirlər. Onların adam arasında olmaqdan xoşları gəlir, birlikdə fikirləşməyi, hərəkət etməyi üstün tuturlar.
    • Vsevolod Ovçinnikov, “Sakura budağı”, 1981.


  • Yaponiya ölkəsinə vurulmaq asan olduğu kimi, onun xalqına da ürəkdən vurulmaq mümkündürmü? Mübahisəli məsələdir. Onlar səbrli və təmkinli, dostlara həssas olmaqla yanaşı, tanımadıqları şəxslərə heyrətamiz dərəcədə biganədirlər. Vəzifəyə pərəstiş etmək, intizamlı, özünü qurban verməyə hazır olmaqla yanaşı, sadəlikdən doğan qüsurlara yol verirlər – bütün bu cəhətlərə görə yaponlar məhəbbətdən çox hörmətə layiqdirlər.
    • Frensis Kinq, “Yaponiya və onun sakinləri”, London, 1970


  • Yaponiya sahibkarları ilə fəhlə və qulluqçular arasında Qərbi Almaniyada və inkişaf etmiş digər sənaye ölkələrində olduğu kimi dərin uçurum yoxdur. Yaponiyada AFR-dəki kimi açıq-saçıq sərvət – bərbəzəkli evlər, gəmilər, minik atları görə bilməzsiniz.
    • “Şpigel”(AFR) jurnalı, 1971.


  • Yaponiyadakı dostlarım belə “yox” demirlər, – buna ənənələri yol vermir, “yox” demək lazım gəldikdə isə məni eşitmirlər.
    • Boris Piliyak, “Yapon günəşinin kökləri”, Leninqrad, 1927.


  • Yaponiyanın ən gözəl estetik əsəri fil sümüyündən, bürüncdən, yaxud keramikadan hazırlanmış məmulat yox, qılınclar yox, bu ölkənin qadınlarıdır… Şəxsi rəyin boğulduğu, özünü qurban verməyin isə ümumi vəzifə elan edildiyi, şəxsiyyətin heç vaxt zahirən deyil, daxilən inkişaf edə bildiyini dərindən anlayan bir cəmiyyət, – yalnız belə bir cəmiyyət bu cür qadın yetişdirə bilər.
    • Lafkadio Hern, “Yaponiyanı təsvir etmək cəhdi”. Tokio, 1904.


  • Yaponiyaya gələn şəxs çox vaxt geyşalara kənardan, məsələn, onlar çay evindən çıxanda, yaxud rişkanın üstüörtülü kəcavəsinə minəndə (Yaponiyada bu rişkalar əsas etibarilə geyşalar üçün nəzərdə tutulub) baxa bilir və ya geyşaları səhnədə, kinoda, televizorda (onların çoxu bu cür çıxışlarla pul qazanır) görür. Siz geyşanı gecə restoranında öz himayədarını müşayiət edərkən də görə bilərsiniz. Orada geyşaların sifətinin ifadəsinə heyran qalacaqsınız: məsum, təvazökar, eyni zamanda, cazibədar. Hər hərəkətində xəfif rəqqasə incəliyi duyulacaqdır. Onun öz müsahibinə hədsiz qayğı göstərməsi əsl qadın incəliyinin zirvəsi kimi görünəcəkdir. Beləliklə, onun haqqında hər şey bilsəniz də geyşa ekzotik, həsrəti çəkilən əsrarəngiz qadın olaraq qalacaqdır. O, qadındır, lakin bəzən bu sözə verdiyimiz mənadan daha yüksək mənada qadındır.
    • Uolt Şeldon, “Yaponiyadan həzz alın”. Tokio, 1961.


  • “Yol” yaponların xüsusilə xoşladıqları sözdür. Əslinə qalsa “yol” obrazı, ümumiyyətlə, Şərqdə – həm Çində, həm də Hindistanda qədim zamanlardan sevilir. Dərketmə yolu… Müqəddəslik yolu… Döyüşçü yolu… Dostluq yolu… Nəhayət, kamilləşmə yolu; Yaponiyada fəlsəfi mövzuda elə bir söhbət ola bilməz ki, bu cür söz birləşməsi işlədilməsin… Klassik yapon poeziyasında şeirin misraları oxucunu yalnız öz yaradıcılığına aparan yoldur, yəni sənə təklif olunan lirik mövzunu şəxsən özün daxilən həll etməlisən. Şair sənin qarşında bunun ancaq yolunu açır. Şeir bitir, yalnız bundan sonra mövzunun poetik dərk olunması başlayır.
    • Boris Aqapov, “Yaponiya haqqında xatirələr”, “Moskva jurnalı”, 1947.


  • Zövq məsələsində yaponlar çox sadədir. Onların həyat tərzindən göründüyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər. Çinlilər taxta parçasını hökmən rəndələdikləri halda, yaponlar sadə ağacdan tikilmiş evlərdə yaşamağı üstün tuturlar. Yaponiyada elə bir ailə çətin tapılar ki, var-dövlətinə güvənib hər gün öz evində çinli aşbazın hazırladığı qədər yemək hazırlatdırsın. Rəngkarlıqda çinlilər dəbdəbə, nəzərə çarpan bəzəkləri xoşlayırlar ki, bu da yaponlara zövqsüzlük kimi görünür. Çinlilər pion, qızılgül, orxideyanı – tünd ətirli və gözəçarpan gülləri xoşlayırlar. Bu, Qərb xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçəkləri, həmçinin, çöl çiçəklərini, hətta adsız otları belə evlərinə bəzək edə bilərlər. İncəsənətdən, yaxud təbiətdən zövq almaq məsləsinə gəldikdə yaponlar qatı mühafizəkara çevrilirlər, çünki yalnız qədim meyarlara sadiqdirlər. Yaponlar yosun basmış daşları, çox balaca əyri ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda insan əli dəyməyən təbii gözəllik vardır.
    • İvao Matsuhara, “Yaponiyanın həyatı və təbiəti”, Tokio, 1964.

Həmçinin bax

redaktə

Mənbələr

redaktə
  • Vsevolod Ovçinnikov, “Sakura budağı”, 1981.