Yaponlar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əgər yapon fəhləsinin mövqeyi "nə ilə kömək edə bilərəm" sualı ilə ifadı edilirsə, amerika fəhlələrinin mövqeyi "bu işin mənə aidiyyəti yoxdur" bəhanəsi ilə xarakterizə edilir. Li Jakkoka

- Bu təsadüfən baş verdi. Yaponlar mənim gəmimi suda batırdılar. Corc Herbert Uoker Buş

Yaponlar haqqında sitatlar

redaktə
  • Bəzi amerikalılar və ya avropalılar Yaponiyanı Asiyanın həqiqətən amerikalaşdırırlmış, yaxud avropalaşdırılmış birinci ölkəsi sayırlar. Qərbdə çoxları son yüz il ərzində Yaponiyada baş vermiş dəyişiklikləri göstərərək belə hesab edirlər: yaponların özləri də o qədər dəyişmişlər ki, amerikalılara və ya avropalılara oxşamağa başlamışlar, yalnız coğrafi təsadüfə görə yaponlar asiyalı sayılırlar. Lakin bu obraz yanlış təsəvvürdür, yapon həyatının bəsit hadisələrinin təcəssümüdür. Mahiyyəti isə yapon mədəniyyətində və tarixində dərin kök salmış baxışlardan, adətlərdən, vərdişlərdən, qaydalardan doğur. Yapon ənənəsinin özəyi əvvəllər olduğu kimi yenə də yaponların gündəlik həyatına , ölkənin siyasətinə istiqamətverici təsir göstərir. Bu özək xarici təsirlərə məruz qalmışdır. Qərbin təsiri Yaponiyanın simasını dəyişdirmiş, lakin yaponların beyninə və qəlbinə girə bilməmişdir.
    • H.Riçard ,“Yaponiya: obraz və gerçəklik”. Nyu-York, 1969.


  • Biz yaponlar parıldayan əşyalar görəndə nədənsə narahat oluruq. Avropalılar şüşədən, poladdan, yaxud nikeldən hazırlanmış qab-qacaq işlədirlər, onu göz qamaşdıranadək cilalayırlar, biz isə bu cür parlaqlıqdan zövq ala bilmirik. Bununla demək istəmirəm ki, biz, ümumiyyətlə, parlaq şeylər sevmirik. Lakin biz doğrudan da zahirən parlaq olan əşyaya yox, çox işlədilmiş, qədim ruhu olan əşyalara üstünlük veririk. Bu da parıltıdır, amma bulanıq parıltıdır – zamanın bulandırdığı parıltıdır, yaxud daha dəqiq desək, “nimdaşlığın” parıltısıdır. Avropalılar əşyaları hey təmizləməklə nimdaşlığın hər cür izini itirməyə çalışırlar. Biz isə elə rəng, elə parıltı xoşlayırıq ki, özlüyündə məna ifadə etsin. Biz bu cür binalarda, bu cür əşyalarla yaşayaraq qəlbən dincəlirik.
    • Cuniçiro Tanizaki (谷崎 潤一郎), “Kölgələrin şərəfinə” (陰翳礼讃 {in’ei raisan}), Tokio, 1932.


  • Deyirlər ki, bəzən avtomobil sükanı müasir mədəni insana qan iyinin pələngə göstərdiyi təsir kimi təsir göstərir. Amma yapon adi pələng deyil. O, təlimçinin əzab verib qızışdırdığı, cırnatdığı, qəsdən gülməyə və baş əyməyə məcbur etdiyi pələngdir, halbuki, bu pələng öz sahibini parçalamağa da hər daim hazırdır. Sükan arxasında əyləşərkən yapon qəti qana susamır. O, yalnız zəhləsini tökən intizamı, məhdudiyyətləri kənara atır. Özünü sağaltmağa, dərd-sərindən uzaqlaşmağa, acı xatirələrini unutmağa, onu nə sıxırsa hamısından yaxa qurtarmağa çalışır. Maşın sürəndə yapon sərbəstdir, onun heç bir məsuliyyəti yoxdur.
    • Corc Mayks, “Qiyməti qalxan yen ölkəsi”. London, 1970


  • İki amerikalı öz aralarında mürəkkəb məsələ həll etməli olanda başqalarından uzaqlaşmağa və təkbətək danışmağa çalışırlar. İki yapon arasında bu cür problem ortaya çıxanda isə, onlar biri-birindən uzaqlaşmağa çalışır və vasitəçi axtarırlar.
    • Con Randolf , “Yaponiya haqqında aforizmlər”, Tokio, 1963.


  • Qərbdə adama ya həqiqəti demirlər, ya da yalan danışırlar. Yaponlar isə demək olar ki, heç vaxt yalan danışmırlar, lakin həqiqəti demək də heç vaxt ağıllarından keçmir.
    • Bob Dayhem, “Yapon olmaq məharəti”, Tokio, 1964.


  • Məni mat qoyan şeylərdən biri Yaponiya ilə İtaliyanın oxşarlığıdır. Çinliləri almanlarla müqayisə etmək mümkünsə, onda yaponlar da Şərqin italyanlarıdır. Hər şeyin ölçülüb-biçilməsi ilə başısoyuqluq arasındakı təzad göz qabağındadır. İtalyanlar kimi yaponlar da güləyən, rahat xalqdır, onlar üçün həyat o qədər ucuzdur ki, ölümdən qorxmağa dəyməz. Onlar da öz davranışlarına görə təbiət övladlarıdır, lakin məkrli, qisasçı və sövdələşmədə hiyləgərdirlər. Onlar da anadangəlmə artistdirlər…
    • K.R.Stretton, “Mənzərəli Yaponiya”. 1910.


  • Ötən zaman yaponu həyata rəssam, estet kimi baxan insana çevirmişdir. O, prinsip adamı deyil. Yaponun ictimai və şəxsi həyatında əsas qanun əxlaqdan, dindən yaxud siyasətdən çox gözəllik üstündə qurulmuşdur. “Yaponiyanın estetik izahı” – bu, gələcəkdə lazım olan kitab üçün gözəl sərlövhə olardı.
    • G.Rober, “Yaponiya”, Paris, 1961.


  • Təkəbbürlü əcnəbi sakin çay dəstgahına Şərqin anlaşılmazlığını və şıltaqlığını təşkil edən min bir qəribəlikdən biri kimi baxır. Bu mərasimi məsxərəyə qoymazdan əvvəl insanın “fərəh camının” (şüşə qab) əslində nə qədər kiçik və onu doldurmağı bacaranların nə qədər müdrik olması barəsində düşünməyə dəyər. Yapon üçün çay dəstgahı dini mərasimdir. Bu, yaşamaq məharətini ilahiləşdirməkdir.
    • Kakuzo Okakura, “Çay haqqında kitab” (茶の本 {Ça no hon}), Tokio, 1906.


  • Yaponiya ölkəsinə vurulmaq asan olduğu kimi, onun xalqına da ürəkdən vurulmaq mümkündürmü? Mübahisəli məsələdir. Onlar səbrli və təmkinli, dostlara həssas olmaqla yanaşı, tanımadıqları şəxslərə heyrətamiz dərəcədə biganədirlər. Vəzifəyə pərəstiş etmək, intizamlı, özünü qurban verməyə hazır olmaqla yanaşı, sadəlikdən doğan qüsurlara yol verirlər – bütün bu cəhətlərə görə yaponlar məhəbbətdən çox hörmətə layiqdirlər.
    • Frensis Kinq, “Yaponiya və onun sakinləri”, London, 1970


  • Yaponiya ilə, onun incəsənəti, fəlsəfəsi ilə tanış olmağa başlayanda yaponlar haqqında elə təsəvvür yarana bilər ki, guya onlar tək-tənha qalmağı xoşlayırlar. Onlara xas olan keyfiyyətlər – məsələn, seyr etmək həvəsi, təbiətlə tək qalmaq arzusu bu cür nəticə çıxarmağa vadar edir. Lakin mən başqa bir cəhəti nəzərə çarpdırmaq istəyirəm. Yaponlar doğurdanmı təkliyi sevirlər? Yox, əksinə, sevmirlər. Onların adam arasında olmaqdan xoşları gəlir, birlikdə fikirləşməyi, hərəkət etməyi üstün tuturlar.
    • Vsevolod Ovçinnikov, “Sakura budağı”, 1981.


  • Yaponlar tez kefləndikləri kimi, tez də ayılırlar. Deyəsən, onlar cilovu gah tamam buraxmaq, gah da yenidən dartmaq bacarığı ilə öz iradələrini möhkəmləndirirlər. Yaponların məclisinə düşən əcnəbi ilk anlar özünü çox ayıq hiss edir; ona elə gəlir ki, şərab yoldaşları indicə stolun altına yıxılacaq, lakin sonra o, özünü başqaları kimi dərhal ələ ala bilmir.
    • D.İnrayt, “Şeh aləmi”, London, 1954.


  • Yaponların xarakterində biri-birinə uyğun gəlməyən iki cəhət var: təvazökarlıq və lovğalıq. Onların dili, davranışları, adətləri son dərəcə təvazökarlığı təcəssüm etdirir, eyni zamanda, şəxsi və milli keyfiyyətləri ilə həddindən artıq lovğadırlar.
    • İ.Klement, “Müasir Yaponiyanın məlumat kitabı”. Nyu-York, 1903.


  • “Yol” yaponların xüsusilə xoşladıqları sözdür. Əslinə qalsa “yol” obrazı, ümumiyyətlə, Şərqdə – həm Çində, həm də Hindistanda qədim zamanlardan sevilir. Dərketmə yolu… Müqəddəslik yolu… Döyüşçü yolu… Dostluq yolu… Nəhayət, kamilləşmə yolu; Yaponiyada fəlsəfi mövzuda elə bir söhbət ola bilməz ki, bu cür söz birləşməsi işlədilməsin… Klassik yapon poeziyasında şeirin misraları oxucunu yalnız öz yaradıcılığına aparan yoldur, yəni sənə təklif olunan lirik mövzunu şəxsən özün daxilən həll etməlisən. Şair sənin qarşında bunun ancaq yolunu açır. Şeir bitir, yalnız bundan sonra mövzunun poetik dərk olunması başlayır.
    • Boris Aqapov, “Yaponiya haqqında xatirələr”, “Moskva jurnalı”, 1947.


  • Zövq məsələsində yaponlar çox sadədir. Onların həyat tərzindən göründüyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər. Çinlilər taxta parçasını hökmən rəndələdikləri halda, yaponlar sadə ağacdan tikilmiş evlərdə yaşamağı üstün tuturlar. Yaponiyada elə bir ailə çətin tapılar ki, var-dövlətinə güvənib hər gün öz evində çinli aşbazın hazırladığı qədər yemək hazırlatdırsın. Rəngkarlıqda çinlilər dəbdəbə, nəzərə çarpan bəzəkləri xoşlayırlar ki, bu da yaponlara zövqsüzlük kimi görünür. Çinlilər pion, qızılgül, orxideyanı – tünd ətirli və gözəçarpan gülləri xoşlayırlar. Bu, Qərb xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçəkləri, həmçinin, çöl çiçəklərini, hətta adsız otları belə evlərinə bəzək edə bilərlər. İncəsənətdən, yaxud təbiətdən zövq almaq məsləsinə gəldikdə yaponlar qatı mühafizəkara çevrilirlər, çünki yalnız qədim meyarlara sadiqdirlər. Yaponlar yosun basmış daşları, çox balaca əyri ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda insan əli dəyməyən təbii gözəllik vardır.
    • İvao Matsuhara, “Yaponiyanın həyatı və təbiəti”, Tokio, 1964.

Mənbələr

redaktə
  • Vsevolod Ovçinnikov, “Sakura budağı”, 1981.

İstinadlar

redaktə