Azərbaycan atalar sözləri/H
←G | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
X→ |
Həmçinin baxın: Haqqında • |
- Həccə gedən gəldi, saca gedən gəlmədi.
- Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
- Hacət dedik, höcət demədik.
- Hacı hacını Məkkədə görər.
- Hacı hacını Məkkədə tapar, dərviş dərvişi təkyədə. [1]
- Hacı Məkkəyə, dərviş təkyəyə.
- Hacı saydığımızın xaçı qoltuğundan çıxdı.
- Hacı yatmaz, yatarsa qalxmaz.
- Hacılar Məkkəyə getdi - qapıları açıq qoyun, gəldilər - qapıları bağlayın.
- Haqdan keçmək olmaz.
- Haqq batil olmaz.
- Haqq daşı ağır olar.
- Haqq doğrunun yarıdır.
- Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər.
- Haqq haqqı kəssə, Allah hər ikisini kəsər.
- Haqq gəlsin, nahaqq gəlməsin.
- Haqq iş gündən aydın olar.
- Haqq işin nahaqqından qorxuram.
- Haqq nazilər, üzülməz.
- Haqq söz acı olar.
- Haqq söz axar suları saxlar.
- Haqq söz danışanın papağı yırtıq olar.
- Haqq sözdən gül iyi gələr.
- Haqq sözlə axan sular durular.
- Haqq yeyənin adın qoyarlar Haqverdi.
- Haqq yıxılan mərd olar.
- Haqqı tanıyan xana baş əyməz.
- Haqqın əli olsun, batilin yaxası.
- Haqqın qarşısını almaq olmaz.
- Haqqın verdiyinə şükür eləmək nemət artırır.
- Haqlı var haqsız çıxar,haqsız var haqlı çıxar.
- Halal incələr, ancaq üzülməz.
- Halal mal heç yerə getməz.
- Halalzadə barışdırdı, haramzadə qarışdırdı.
- Halın bilmədiyin atın dalına keçmə.
- Halva-halva deməklə ağız şirin olmaz.
- Halvaçı qızı - daha şirin.
- Hamam suyu ilə özünə dost tutur.
- Hamam suyunnan xətir-könül görür.
- Hamı bilir dağda kəklik gözəldir.
- Hamı deyir, mədrəbazın gözü çıxsın - bilmirəm mədrəbaz kimdi.
- Hamını yarın dərdi öldürür, bunu da qarın dərdi.
- Hamının ağlı bir olsa, keçiyə çoban tapılmaz.
- Hamıya adət oldu, bizə bidət?!
- Hamıya it hürər, mənə də çaqqal.
- Hancarı eləyim ki, gözüm oğru gözünə oxşamasın?
- Haralısan - Hələ evlənməmişəm.
- Haram harama gedər.
- Haram gəldi halalı da apardı.
- Haram gələn harama gedər.
- Haram mal bərəkət tutmaz.
- Haram şirin (dadlı) olur.
- Harama ağzını bulaşdırdın, kəşkülünü doldur götür.
- Haramın binası olmaz.
- Haray üzülən canım, ipə düzülən canım.
- Harda aşdır, orda başdır.
- Harda gördün hamı kor, sən də ol kor.
- Hardan incəlsə, ordan üzülər.
- Havar sənin evində, davar sənin evində. Daş vurusan toz qopur, nə var sənin evində?
- Hayqırmaq gücə baxar.
- Hayla gələn huyla gedər.
- Hazır yeməyə dağlar da dayanmaz.
- Heç bilmir harda bişib, deyir; mənə də bir çömçə!
- Heç bir igid kürəkdən yara götürməz.
- Heç bir igid yalqız olmasın.
- Heç bir igid yoxsul olmasın.
- Heç kəs arxasız olmasın.
- Heç kəs heç kəsin kitabını oxumur.
- Heç kəs qurdla qiyamətə qalmaz.
- Heç kəs öz ayranına turş deməz.
- Heç kəs öz eybini bilməz.
- Heç kəs yalqız qalmasın.
- Heç kəsə bel bağlama.
- Heç kəsin çırağı səhərə qədər yanmayıbdır.
- Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.
- Heç kimin yarası göz qabağında olmasın.
- Hesab var dinar-dinar, bəxşiş var xalvar-xalvar.
- Hesab bilməyənlə durub-oturma.
- Hesab bilmirsən, yoxsa yanın çubuq görməyib?
- Hesabı doğru olanın alnı açıq olar.
- Hesabı təmiz olanın üzü ağ olar.
- Hesabın böyüyü-kiçiyi olmaz.
- Hesabsız gələn zərərlə gedər.
- Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyər.
- Heyvanı budundan dağlarlar, insanı ürəyindən.
- Həccə gedən gəldi, saca gedən gəlmədi? [2]
- Həcdən gələn mən, xəbər verən sən?.
- Həftə səkkiz mən doqquz.
- Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır.
- Hələ boynu qoltuq görməyib.
- Hələ quyruğu qapı arasında qalmayıb.
- Həlləm-qəlləm adamdır.
- Hər adamın əkdiyi bitməz.
- Hər acının bir şirini var.
- Hər axan su içməli olmaz.
- Hər axan suya Araz deməzlər.
- Hər ağac kötüyündən çürüyər.
- Hər ağac meyvəsi ilə tanınar.
- Hər ağaca söykənmək olmaz.
- Hər ağacda bar olmaz.
- Hər ağacın kölgəsi olmaz.
- Hər ağaran qar olmaz.
- Hər ağıl bir deyil.
- Hər ağız bir deyil.
- Hər ağızda bir dua var.
- Hər ağızdan bir söz çıxar.
- Hər ağlar gözlüyə aşiq deməzlər.
- Hər anın bir zövqü, bir səfası var.
- Hər arvad öz evinin həm xanımı, həm də qulluqçusudur.
- Hər aşiqin bir dövranı var.
- Hər atalar sözünün bir yeri var.
- Hər atasının gözü çıxarılana Koroğlu deməzlər.
- Hər atılan daşın dalınca getməzlər.
- Hər bağçanın öz bağbanı var.
- Hər başın bir dərdi var.
- Hər başlanğıcın bir sonu var.
- Hər binanın bir ustadı var.
- Hər bir adam işi ilə tanınar.
- Hər cəfanın bir səfası var.
- Hər çağırılan yerə getməzlər.
- Hər çiçəyin bir ətri var.
- Hər eşitdiyinə inanma!
- Hər əsrin bir Koroğlusu var.
- Hər fəslin bir meyvəsi olar.
- Hər gecənin bir gündüzü var.
- Hər gedişin bir gəlişi var.
- Hər gəlirin bir çıxarı var.
- Hər gördüyünə aldanma.
- Hər gördüyünü atana oxşatma.
- Hər gördüyünü dost sanıb sirrini açma.
- Hər gözəldə bir eyib olar.
- Hər güldən gülab olmaz.
- Hər gülün bir xarı olar.
- Hər gülün bir qoxusu, bir ətri var.
- Hər gün günahkar, bir gün tövbəkar.
- Hər gün ömürdən bir kərpic düşür.
- Hər heyvanın balası dalınca gedər, eşşəyin balası qabağınca.
- Hər hürənə daş atsan, daş üstə daş qalmaz.
- Hər xoruz öz həyətində banlar.
- Hər xoruz öz yerində eşələnər.
- Hər işıldayan qızıl olmaz.
- Hər kəs hər şeyi öz ölçüsü ilə ölçər.
- Hər kəs nə eləsə özünə eylər.
- Hər kəs odu öz qabağına çəkər.
- Hər kəs öz əməlinin meyvəsini dərər.
- Hər kəs öz gəlir-çıxarına baxar.
- Hər kəs öz kisəsindən yeyər.
- Hər kəs öz kömbəsini gözlər.
- Hər kəs öz ölüsünü oxşayır.
- Hər kəs öz ürəyindən su içər.
- Hər kəs öz yurdunu bəyənər.
- Hər kəsə öz yükü ağır gələr.
- Hər kəs özündən dəm vurar.
- Hər kəsə öz adəti xoş gələr.
- Hər kəsə öz Vətəni əzizdir.
- Hər kəsin balası öz gözündə göyçəkdir.
- Hər kəsin bir dərdi var, heç kəsə deməz, ağlar.
- Hər kəsin bir işi var.
- Hər kəsin çörəyi xəmirinə görədir.
- Hər kəsin dəlisi evdə, dərdi qarnında.
- Hər kəsin dərdi özünə bir at yüküdür.
- Hər kəsin hörməti öz əlindədir.
- Hər kəsin iradəsi öz əlindədir.
- Hər kəsin malı özünə görə qiymətlidir.
- Hər kəsin öz ağlı.
- Hər kəsin öz bəxti.
- Hər kəsin uşağı özünə şirindir.
- Hər kimin ki, bağı var, kef çəkməyə çağı var.
- Hər kimin ki, bağı var, ürəyində dağı var.
- Hər kişi gücünə görə yük tutar.
- Hər kişinin nəbzinə görə şərbət verərlər.
- Hər könülün bir yazı, bir qışı var.
- Hər külək dağı yerindən tərpədə bilməz.
- Hər qaba bir qapaq qoyarlar.
- Hər qaşığın qisməti bir olmaz.
- Hər qatırçı Murad olmaz.
- Hər qazanda qaynayar.
- Hər qazılan yerdən su çıxmaz.
- Hər qəbahəti özündə bil.
- Hər qəbahəti üzə vurmuzlar.
- Hər qohuma ərk olmaz.
- Hər qoz girdədir, hər girdə - qoz deyil.
- Hər quş öz dəstəsi ilə uçar.
- Hər quş öz tayı ilə uçar.
- Hər quş öz yuvasının ağasıdır.
- Hər quş şahin olmaz.
- Hər quşatan, ovçu Pirim olmaz.
- Hər meyvə öz vaxtında yetişər.
- Hər meyvənin kalı dəysə də, insanın kalı dəyməz.
- Hər meyvənin öz dadı var.
- Hər nə desən, özünə gedər.
- Hər nə gedər, ömürdən gedər.
- Hər nə yedin dadındır, Hər nə verdin adındır, hər nə qalsa, yadındır- oğluna qalsa yad qızı ilə yeyəcək, qızına qalsa yad oğlu ilə
- Hər nöqsanı özündə gör.
- Hər oxuyan Molla Pənah olmaz.
- Hər otun öz kökü var.
- Hər ölümə qəhrəmanlıq deməzlər.
- Hər parıldayan qızıl olmaz.
- Hər pərdə dalında yüz sirr var.
- Hər rast gələnə dost demə.
- Hər saatın bir hökmü var.
- Hər saqqala salam verməzlər.
- Hər saqqalı ağ olana ağsaqqal deməzlər.
- Hər saqqallı baba olmaz.
- Hər saqqallıya dədə demə.
- Hər sarğı hər yaraya sarılmaz.
- Hər səbrin sonu var.
- Hər səhəng suda sınmaz.
- Hər səhvi üzə vurmazlar.
- Hər sözün bir pərsəngi var.
- Hər sözün öz yeri, öz məqamı var.
- Hər suda mərcan olmaz.
- Hər şey bitər, kosanın saqqalı bitməz.
- Hər şey öz vaxtında.
- Hər şey ustasının əlindədir.
- Hər şeydə israf olar, amma yaxşılıqda israf olmaz.
- Hər şeyə barmaqarası baxmazlar.
- Hər şeyə dodaq büzmə.
- Hər şeyə əl vururam, qulpu qalır əlimdə.
- Hər şeyi bilmək olmaz.
- Hər şeyi demək olmaz.
- Hər şeyin azı yaxşıdır.
- Hər şeyin çoxu zərərdir.
- Hər şeyin əvvəli çətin olar.
- Hər şeyin xiridarı gərəkdir.
- Hər şeyin öz adı var.
- Hər şeyin öz vaxtı var.
- Hər şeyin öz yeri var.
- Hər şeyin sonu vardır.
- Hər şeyin təzəsi, dostun köhnəsi.
- Hər tullanan qoz bitsə, meymun qozsatan olar.
- Hər ucaboylu ağac sərvi-xuraman olmaz.
- Hər uzun ağaca çinar deməzlər.
- Hər üzə gülənə dost deməzlər.
- Hər vaxt "dü-şeş" gəlməz.
- Hər vaxt fürsət ələ düşməz.
- Hər yumurtadan cücə çıxmaz.
- Hərdən ipək, hərdən köpək.
- Hərə bir sap versə, çılpağın köynəyi olar.
- Hərə saqqalından bir tük versə, kosa da saqqallı olar.
- Hərəkət harada, bərəkət orada.
- Hərəkət səndən, bərəkət məndən.
- Hərənin səsi özünə xoş gələr.
- Həyası olmayanın amanı da olmaz.
- Həyasızda insaf olmaz, insafsızda həya.
- Həyasızdan həyanı qoru.
- Həyasızdan həyanı saxla.
- Hikmətdən sual olmaz.
- Hind dilənçisinə dönübdür.
- Hirs gələndə acığını unut.
- Hirs gəlir, göz qaralar, hirs gedir, üz qaralar.
- Hirsli başda ağıl olmaz.
- Hiylə ilə iş görən, töhmət ilə can verər.
- Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar.
- Hürən it qapmaz.
Mənbə
redaktə- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014