Azərbaycan atalar sözləri/U
←T | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ü→ |
Həmçinin baxın: Haqqında • |
- Uca dağın başı qarlı olar.
- Uca-uca dağlar başı qarlı da olur, qarsız da; igidlərin canı sağ olsun, varlı da olur, varsız da.
- Ucuz aldın, quyruğunu düyünlə.
- Ucuz ətin şorbası olmaz.
- Ucuz illətsiz, baha hikmətsiz deyil.
- Ucuz satan tez satar.
- Ucuz verən tez satar.
- Ucuzdan bahası olmaz.
- Ucuzdur var illəti, bahadır var hikməti.
- Ucuzluqda alanın üzün görmə, bahalıqda satanın.
- Uçmaqda turac, qaçmaqda ceyran.
- Ulağa gücü çatmır, acığını palanına tökür.
- Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.
- Ulduzu barışmayanın salamı da savaşdır.
- Ulu sözünə baxmayan ulaya-ulaya qalar.
- Umac özün aş bilər, qarğa özün quş bilər.
- Uman yerdən küsərlər.
- Umud qaldı kosaya, kosa saqqalın daraya.
- Umulmayan daş, yarar baş.
- Unumu ələdim, ələyimi asdım.
- Utanırsan-üzünə rübənd sal.
- Usta əli dəyməyən iş haramdır.
- Usta görməyən şagirdin gözü əllərdə qalar.
- Usta meymun qaşçısız oynar.
- Usta oğlundan şagird olmaz.
- Ustadına kəm baxanın gözlərinə qan damar.
- Uşaq adamı qanlı qapısına aparar.
- Uşaq ağlaya-ağlaya böyüyər.
- Uşaq arasına girməzlər.
- Uşaq aşığı oynamaq üçün yığar.
- Uşaq atasından güclüsün bilməz.
- Uşaq böyüklərindən öyrənər.
- Uşaq eldə böyüyər, balıq-göldə.
- Uşaq gördüyünü götürər.
- Uşaq ilə yoldaş olma, yıxılarsan gülər, yıxılanda ağlar.
- Uşaq nədir, bıçaq nədir?
- Uşaq olan evdə qeybət olmaz.
- Uşaq olmamış donunu biçmə.
- Uşaq sözü şah sözündən hökmlüdür.
- Uşaq sözün düzünü deyər.
- Uşaq yeməyini bilməz.
- Uşaq yıxıla-yıxıla böyüyər.
- Uşaq yıxıldığı yerə baxar.
- Uşaqdan al xəbəri.
- Uşaqlıq ömrün baharıdır.
- Uşaqlıqda yalan deyənə böyüyəndə inanmazlar.
- Uşağa işə buyur, dalınca yüyür.
- Uşağa yoldaş olma, sən yıxılsan gülər, özü yıxılsa ağlar.
- Uşağı sevərlər beşikdə, əri sevərlər döşəkdə.
- Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz.
- Uşağı yemək böyütməz, fərəh böyüdər.
- Uşağın hökmü padşahın hökmündən artıq.
- Utan utanmazdan, qorx qorxmazdan.
- Utananın oğlu olmaz.
- Utanmasan oynamağa nə var ki?!
- Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır.
- Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü.
- Uzaqdan baxana döyüş asan gələr.
- Uzaqdan baxırsan, sambalı xoşdu; yaxından baxırsan, quşqunu boşdu.
- Uzaqdan zurna səsi xoş gələr.
- Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir.
- Uzun adamın ağlı dabanında olar.
- Uzun axmaq olar, gödək fitnəkar.
- Uzun danışanın ömrü az olar.
- Uzun sözün qısası, gəlin, səni sevmişəm.
- Uzun yaşın axırı yenə ölümdü.