Blez Paskal (19 iyun 1623, Klermon-Feran – 19 avqust 1662, Paris) — fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı.

Blez Paskal
Doğum tarixi 19 iyun 1623
Doğum yeri birth house of Blaise Pascal
Vəfat tarixi 19 avqust 1662
Vəfat yeri Paris
Dəfn yeri Sent-Etyen-dü-Mon
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıla qarşı çıxa bilən yeganə qüvvə hissdir.
  • Allahdan uzaqlaşan, Allahı axtarmayan insan nə özündə, nə də özündən kənarda həqiqəti tapa bilməz.
  • Biliyimizin hüdudu yoxdur, çünki dərketmə obyekti olan təbiət sonsuzdur.
  • Biz həqiqəti yalnız ağlımızla dərk etmirik, qəlbimizlə də duyuruq.
  • Bizim bütün ləyaqətimiz düşüncəmizdədir. Bizi yüksəldən nə bizim yaşadığımız məkan, nə də ömür sürdüyümüz zaman deyil, məhz bizim düşüncəmizdir.
  • Bu fırlanan ulduzlar aləminin səssizliyi məni qorxudur.
  • Ey həyat, ölümə minnətdar ol! Səni ona görə sevirəm.
  • Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır.
  • Ədalət mübahisə mənbəyi olmuşdur. Gücü asanca görmək olur, o, təkzibedilməzdir. Elə buna görə güclünü haqlı deyil, haqlını güclü hesab etmək mümkün deyil.
  • Ədalətə tabe olmağı ədalətin özü tələb edir, gücə tabe olmamaq isə mümkün deyil. Güçün dəstəkləmədiyi ədalət zəifdir, ədalətin zəifləmədiyi güc müstəbidlikdir. Gücsüz ədaləti həmişə əzməyə çalışacaq, ədalətsiz gücə isə həmişə nifrət edəcəkdir. Buna görə ədalətlə gücü birləşdirmək lazımdır; Ya ədaləti güclü etmək, ya da gücü ədalətli etmək gərəkdir. Ədalətə qarşı çıxmaq asan, gücə qarşı çıxmaq çətindir. Elə buna gərə də ədalət güclü ola bilmədi — güc onu saya almaq istəmədi, yalnız onun özünün, yəni gücün ədalət mücəssiməsi olduğunu iddia etməyə başladı. Və ədaləti güclü etməyə qabil olmayan insanlar gücü ədalətli hesab etməyə razı oldular.[1]
  • Əgər bir şeyə inandırmaq istəyirsənsə–inandırmaq istədiyin adamı nəzərə almalısan.
  • Əgər hər kəs dost sandığı kəslərin bir də öz arxasından söyləmiş olduqlarını eşitsəydi, dünyada çox az dost qalardı.
  • Əgər insanların sənin haqqında yaxşı düşünməklərini istəyitsənsə, özün haqda çox danışma.[2]
  • Əgər istəyirsiniz ki, sizin haqqınızda yaxşı fikir desinlər, özünüzü tərifləməyin.
  • Ən yaxşı əxlaq kitabımız olan və tez-tez müraciət etməyimiz lazım olan kitab vicdandır.
  • Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir.
  • Hamı xoşbəxtliyə can atır. Bu, insanların hərəkətlərinin motividir. Hətta özünü asmaq istəyən insanlar belə.
  • Heç kəsi bəyənməyən adam, heç kəsin xoşuna gəlməyən adamdan daha bədbəxtdir.
  • Heyvanlar bir-birlərinə heyrət etmirlər. Bir at o biri ata heç vaxt heyran olmur: əlbəttə, onlar cıdır meydanında yarışırlar, lakin bunun heç bir əhəmiyyəti yoxdur: tövlədə ən ləng qaçan ələngə yabı belə öz yulaf payını o biri ata könüllü verməz, halbuki o, insan olsaydı — verməli olardı. Çünki heyvanlar bilmirlər ki, onların məziyyətləri, xidmətləri mükafatlandırıla bilər.
  • Həddimizi aşmayaq. Bu dünyada hər kəs öz yerini bilməlivə ona uyğun hərəkət etməlidir.
  • Həqiqət onu öyrənən üçün onu söyləyəndən daha faydalıdır.
  • Hər şey isbat edilməlidir və sübutda aksiomlardan və əvvəllər sübut edilmiş teoremlərdən başqa heç nədən istifadə etmək olmaz.
  • Həyatın mənasını bilməyən insan bədbəxtdir.
  • Hökumətin ən ümdə vəzifəsi işsizliyi aradan qaldırmaqdır, əks halda cəmiyyətin nizamı pozular.
  • Gəlin ölümdən qorxaq: lakin təhlükə anında deyil, bizi heç nəyin hədələmədiyi vaxtlarda qorxaq — qoy, insan axıra qədər insan olaraq qalsın.[3]
  • Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır.
  • İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir.
  • İlahiyyat elmdir, lakin bu elmə nə qədər elmlər sığışıb! İnsan bir çox hissələrdən ibarətdir, lakin onu hissələrə ayırsan, hər bir hissə ayrılıqda insan ola bilərmi? Baş, ürək, damar, damarın hər parçası, qan, qanın hər damlası? Şəhər, yaxud kənd uzaqdan şəhər, yaxud kənd kimi görünür, lakin yaxına gələndə evləri, ağacları, yarpaqları, otu, qarışqanı, qarışqanın ayaqlarını, beləcə sonsuzluğa qədər minlərlə detalı görürsən. Və bütün bunlar "kənd" anlayışına daxildir.
  • İnsan bəzən şübhə etməli, bəzən qəti inanmalı, bəzən isə hamı tərəfindən qəbul olunanlara itaət etməlidir. Yalnız ağılsız adam buna əməl etməz. İnsanlar bir çox hallarda bu qaydanı pozurlar, sübutun nə olduğunu bilməyə-bilməyə, guya sübut olunmuş hər şeyə inanmırlar, yaxud hər şeyə şübhə ilə yanaşırlar, çünki başa düşmürlər ki, sübut olunmuş şeylərə nə vaxt itaət etmək lazımdır, yaxud hər şeyə itaət edirlər, çünki bilmirlər ki, hansı hallarda öz başlarını işlətməlidirlər.
  • İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir… ancaq insanlar nə haqda düşünür?
  • İnsan nə mələkdir, nə də vəhşi və bədbəxtlik ondadır ki, mələk olmaq istəyən, sonunda heyvan olur.
  • İnsanın gözəlliyi onun davranışındadır.
  • İnsanın ləyaqəti qeyri-adi qəhrəmanlıqlarla deyil, onun gündəlik səyi ilə ölçülür.
  • İnsanın öz Ruhunun böyüklüyünə, qüdrətinə inamı o qədər güclüdür ki, başqasının ona həqarətlə baxmasına dözə bilmir. O, yalnız özünə qarşı hörmət duyanda xoşbəxt olur.
  • Keçmiş və bu gün bizim üçün vasitələrdir, yalnız gələcək bizim məqsədimizdir.
  • Kleopatranın burnu azca gödək olsaydı, dünyanın indiki mənzərəsi tamam başqa cür olardı.
  • Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin.
  • Qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir.
  • Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç bir zaman anlaya bilməz.
  • Qüvvətə söykənməyən ədalət aciz, ədalətə söykənməyən qüvvət zalımdır.
  • Qüvvəsiz ədalət şikəstdir.
  • Mən ancaq qəlblərinin acısı ilə yazanları təsdiq edirəm.
  • Mən bu məktubu həmişəkindən daha uzun eləmişəm, çünki daha qısa etməyə vaxtım yoxdur.
  • Mənə filosofların deyil, peyğəmbərlərin xəbər verdiyi Allah gərəkdir.
  • Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən bixəbərəm… haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm… budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur
  • Mənim üçün ən mükəmməl əxlaq bütün alimlərin biliyindən faydalanmaq və onların səviyyəsinə çatmaqdır.
  • Nə üçün insanlar çoxluğun ardınca gedərlər? Ona görə ki, çoxluq haqlıdır? Xeyr, ona görə ki, çoxluq güclüdür.
  • Ölümdən təhlükə vaxtı yox, təhlükə olmayan yerdə qorxmaq lazımdır.[4]
  • Özünü sevən adam üçün tənha qalmaqdan əzablı bir şey yoxdur.[5]
  • Padşahlıq, krallıq, çarlıq öz aldadıcı əbədiliyi ilə ona yiyələni bədbəxtliyə düçar edir. Məgər Emilinin konsulluq müddəti başa çatdıqda onu bədbəxt zənn edən var idimi? Əksinə, hamı düşünürdü ki, o necə də xoşbəxt adamdır, çünki nə vaxtsa konsulluğa layiq görülüb, axı hamı bilirdi ki, konsulluq müvəqqətidir, əbədilik verilmir. Padşahlıq isə ömürlükdür, buna görə taxtından devrilmiş Perseyi hamı bədbəxt hesab edir, hətta onun bu fəlakətdən sonra intihar etməməsinə təəccüblənirdilər. Bir ağzı olduğu üçün kim əzab çəkir? Və bir gözü qalmış hansı insan əzab çəkmir? Çətin ki, üçüncü gözü olmadığı üçün kimsə dərd çəksin, ancaq hər iki gözü kor olmuş insanın əzabları sonsuzdur.
  • Ürəyin, bizim ağlımıza məlum olmayan öz ağlı var.
  • Sevgi dözümünün həddi-hüdudu, etibarının sonu, ümidinin sönməsi yoxdur; hər şeydən üstün ola bilər. Hər şey yıxılanda sevgi hələ də dayanır.
  • Sevgi o qədər hisslərdən ibarətdir ki, həmişə onun haqqında nəsə yeni demək olar.
  • Sevgidə susmaq sözdən qiymətlidir.
  • Sevməyə başladıqda əvvəlkindən fərqli bir insan olduğumuzu anlayırıq.
  • Şahmat taxtası insan zehninin gimnastika zalıdır.
  • Şər çox asan başa gəlir, ancaq o rəngarəngdir, Xeyir isə həmişə eyni cürdür.[6]
  • Tanrını tanımaq və onu sevmək arasında nə çox fərq vardır.
  • Təbiətdə hər şey bir-biri ilə o qədər sıx bağlıdır ki, birini öyrənmədən digərini bilmək mümkün deyil. Bütünü bilmədən hissələri bilmək olmaz. Və bütövlük sonsuzdur.
  • Ürəyin ağlın bilmədiyi səbəbləri var.
  • Ürəyin öz səbəbləri var ki, ağlın heç nə bilmədiyi… Biz həqiqəti təkcə səbəblə deyil, ürəklə də bilirik.
  • Vay o adamın halına ki, öz həyatının mənasını bilmir.
  • Vicdan bizim malik olduğumuz ən yaxşı əxlaq kitabıdır, yoldan azmamaq üçün ona tez-tez baxmaq lazımdır.
  • Yaltaqlığa qulağımız açıq qapıdır, amma həqiqətə görə iynə gözüdür.
  • Zaman axınının malik olduğu bütün şeyləri yuyub apardığını hiss etmək necə də dəhşətlidir.

Mənbə

redaktə

Aforizmlər və hikmətli sözlər. Bakı,2005.

  1. Xəzinə. Bakı, 1997. səh.41
  2. Ağıla və qəlbə işıq saçan sözlər Babı,2014. səh.451
  3. Xəzinə. Bakı, 1997, səh.81.
  4. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  5. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.213
  6. Xəzinə. Bakı, 1997, səh.72