Nəsimi (film, 1973)
Nəsimi — 1973-cü ildə çəkilmiş bədii filmdir. Film İsa Muğannanın "Məhşər" romanı əsasında çəkilmiş, ssenarisini də müəllifin özü yazmışdır. Filmin baş rolunda Rasim Balayevdir.
Nəsimi | |
---|---|
p1476[language!:az] parametrini göstərmək alınmadı: p1476[language!:az] parametri tapıla bilmədi. | |
Janr | dram filmi, period drama film, bioqrafik film, tarixi film |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifi | İsa Muğanna |
Baş rollarda | Rasim Balayev, Muxtar Maniyev, Yusif Vəliyev, İsmayıl Osmanlı, Xalidə Quliyeva, Kamal Xudaverdiyev, Tofiq Mirzəyev, Almaz Əsgərova, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 1973 |
Müddət | 96 dəqiqə |
Ölkə | Sovet Sosialist Respublikaları İttifaqı |
Dillər | rus dili, Azərbaycan dili |
IMDb | tt1710431 |
Dialoqlar
redaktə[Nəsimi və Fəzlin digər xəlifələri daxil olurlar.]
İbrahim: Şair Nəsimi?
Nəsimi: Bəli, hökmdar. Bunlar da Fəzlin xəlifələridir.
İbrahim: Mən Fəzlullahın özünü çağırmışdım. Haradadır?
Nəsimi: Fəzl laməkandır, şahım.
İbrahim: Məkansız Allaha deyərlər. Neçə ildir Miranşah məndən Fəzlullahı tələb eləyir, vermirəm. [Bıçaq çıxardır.] Budur mənə təşəkkürünüz?! [Bıçağı yerə atır.]
[Yusif bıçağı Nəsimiyə verir.]
Nəsimi: Tarixdə belə sui-qəsdlər çox olub, şahım. Düşmən bizim aramıza nifaq salmaq istəyir. [Bıçağı arxadakı adamlardan birinə verir.]
İbrahim: Kim?
Nəsimi: Axtarırıq.
İbrahim: Fəzlullaha çatdır: Dan namazına qədər gəlməsə, xəlifələri edam olunacaq.
Nəsimi: Biz saraya birgə gəlmişik, birgə də öləcəyik. Əvvəl məni dinlə, şah, sonra edam buyur!
İbrahim: Danış.
Nəsimi: Cümlə aləm özü allahdır, şahım. Aləm zərrələrdən ibarətdir, hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var.
İbrahim: Mən şaham, qılınc tutan əl lazımdır mənə. Fəzlin elminə istinad eləmədən döyüşə bilmərik?
Nəsimi: Döyüşərsiniz, məğlub olarsınız.
İbrahim: Bəs İskəndər Zülqərneyn nə ilə qalib gəlirdi? O ki sizin elmə vaqif deyildi. Bəs Sultan Bayəzid, Teymur özü?
Nəsimi: İskəndər kimi Teymur da, Bayəzid də böyük sərkərdələrdir, amma əskərləri acizdirlər.
İbrahim: Necə? Dünyaları fəth eləyən əskər aciz?
Nəsimi: Əskərin gücü qılıncda yox, əqidədə olmalıdır, şahım. Onların etiqadları Quranadır, Quransa deyir, insan zəif və aciz xəlq olunub, taleyi alnına yazılıb, yəni öz iradəsi yoxdur, heç bir şeyə qadir deyil. Bəlaya düçar olan insan bir Allaha pənah gətirməli və yalnız Onun kəramətindən imdad gözləməlidir. Həqiqətsə belədir ki, Adəm din kitablarının yazılmasındam çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmuindən yaranıb. İnsan özü xaliqdir, amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub öz xilqətini dərk edənlər deyirlər: "Həq-təala insan oğlu özüdür!"
Fəzlin xəlifələri: Həqiqət!
Nəsimi: Belə insan yenilməzdir. İnsana etiqad et, şahım, xilasımız bundadır!
İbrahim: Çoxdurmu belə tanrılıq iddiasında olanlar?
Nəsimi: Azərbaycanın hər yerində, Rumelində, İranda, İraqda müridlərimiz Fəzlin elmini yayırlar.
İbrahim: Nə üçün belə geniş?
Nəsimi: Dünyanı cəhalətdən qurtarmaq üçün!
İbrahim: Verib kitabları!
[Fəzlin kitablarını verirlər İbrahimə.]
Nəsimi: Kitablar hamısı bir yerdə "Cavidannamə" adlanır. Kainat, insan və idrak haqqında əbədi həqiqətlər. Oxuyarsan bu kitabları...
İbrahim [ələ salır]: Və allah olaram?
Nəsimi: Elmli və ədalətli şah ikiqat allahdır.
Miranşah: Dayan! Kimsən belə?
Şəms: Şeyxin qızı.
Miranşah: Adın nədir?
Şəms: Şəms.
Miranşah: Günəş. Bəs niyə salam vermədin?
Şəms: Kişilərlə həqq-salamım yoxdur.
Miranşah: Mən Miranşaham, [oturur] Əmir Teymurun oğlu, İranın, Azərbaycanın hökmdarı. Deməli, sənin də hökmdarınam.
Şəms: Mənim yeganə hökmdarım var, o da mən özüməm! [getmək istəyir.]
Miranşah: Dayan! [Şəms dayanır] Yaxın gəl! [Şəms onun yanına gəlir. Miranşah onun qolundan tutub otuzdurur yanında.] Yorulmuşam, ayaqlarımı yu!
Şəms: Nəinki sənin, Miranşah, sənin allahının da ayağını yumaram!
Miranşah: Çox gözəl! Adı Günəş olan yüksəklərdə, gərək, qərar tutsun. Mən səni özümlə aparmalı oldum, Şəms.
Teymur: Yaz: mən Mavəraənnəhrdən ta Qafqaza qədər, Təbrizdən Bağdada qədər sahib oldum. Bəzək-düzəksiz, sadə el dilində necə deyirəm elə də yaz: tezliklə, İldırım Bayəzid diz çökəcək qarşımda, Hindistan, Çin diz çökəcək! Lakin mənim böyük dərdim var: övladlarım fərsizdir. Oğlum Miranşah ordunu başlı-başına buraxıb eşqbazlıqla məşğuldur, xəzinəni zənənlərin ətəyinə tökür. [Miranşahın xayalarına vurur.]
[Miranşah qışqıraraq yerə yıxılır.]
Miranşah: Hökmdar! Yaxşısı budur öldür! Mənim ləyaqətim!..
Teymur: Sən ləyaqətini Əlincə qalasında itirmisən. Otuz min qardaşın Ömər Mirzənin ordusu, otuz min oğlun Əbu Bəkrin ordusu, yetmiş min də sənin! Yüz otuz minlik ordu ilə neçə ildir mühasirədə saxlayırsan bu qalanı?!
Miranşah: Məndə günah yoxdur!
Teymurun tarixçisi: Hökmdar, rəhm elə. Miranşah atdan yıxılıb beyni silkələnib.
[Teymur ona baxır, tarixçi qorxur.]
Miranşah: Sənin müttəfiqin Şirvanşah İbrahim gürcülərlə, şəkililərlə müqavilə bağlayıb guya bizim düşmənimiz Bayəzidlə müharibəyə hazırlaşır. Əslində gürcülər də, şəkililərdə burada, Naxçıvan dağlarında gizləniblər. Məxfi yollarla Bakıdan neft gətirirlər. Qayadan başımıza od yağır, hamısını da eləyən İbrahimdir.
Teymur: İbrahim yox, din düşmənlərimiz, hürufilərdi. [çəkilir, Miranşah ayağa qalxır.] Niyə kökü kəsilmir bunların?
Miranşah: İbrahim qoymur, sən səfərdə olursan, ata, xəbərin yoxdur. Hürufiləri saxlayan da İbrahimdir.
Teymur: Ola bilməz! Şah müqaviləni pozmağa cəsarət eləməz!
Miranşah: İnan mənə, ata! Mən səndən heç bir şey gizlətmirəm! İbrahim mahir siyasətçidir. Kim ki bizim əleyhimizədir, öz ətrafına toplayır. Cəmi Azərbaycana sahib olmaq istəyir.
Teymur: Sübut?
[Miranşah Dərvişə işarə eləyir, dərviş Teymurun yanına gəlir.]
Dərviş: Vəliəhd düz buyurur, hökmdar, İbrahim xaindir.
Teymur: Əlincədə vuruşan hürufilərdir?
Dərviş: Xeyr, hökmdar, vuruşan camaatdır. Amma aralarında müridlər də var.
Teymur: Neçə nəfərsiniz Şirvanda?
Dərviş: İki.
Teymur: Sənə özün ağırlığında qızıl verib tapşırdım ki, adam yığ, kafər Fəzlullahı tutub təhvil ver.
Dərviş: Qızılı gətirmişəm, hökmdar. Bağışla qulunu, bu məmləkətin camaatı torpağı qızıldan üstün tutur.
Teymur: İnanmıram.
Dərviş: Adamlara etibar eləmək olmur, hökmdar. Üzdə bir söz deyirlər, xəlvətdə ayrı. Baxırsan oturub məsciddə namaz qılır, yoxlayırsan, etiqadı yoxdur.
Teymur: Buna inandım! Hürufilərin gücü nədədir?
Dərviş: Gücləri elmdədir, hökmdar. Yaxşı yeyib-içirlər, sağlam bədəndə, deyirlər, sağlam ruh olar, məhəbbət, deyirlər, ali nemətdir, ancaq ailə qurmaq istəmirlər hərbin sonuna qədər.
Teymur: Amma Fəzlullahın özünün böyük ailəsi var, eləmi?
Dərviş: O hələ papaqçı olan vaxtlar evlənib, hökmdar.
Teymur [ələ salaraq]: Papaqçı peyğəmbər!.. Nəsimi Səmərqəndə nə üçün gedibmiş?
Dərviş: Bilmirəm, hökmdar.
Teymur: Bölüklərə göz qoymursan. Sonra?
Dərviş: Vəliəhd Miranşah Şeyx Əzəmin qızını gətirib. Vəliəhdin hərəkəti şeyxə yaman yer eləyib.
Teymur: Miranşah hakimdir, əlinin üstündə əl yoxdur. Şeyxə çatdır, Azərbaycanda qiyam görürəm! Kafər Fəzlullahı aradan götürməyə kömək eləməsə, onun özünü Şamaxıdan götürüb ataram Qarabağa, mehtərlərə mollalıq eləsin. İbrahimə desinlər, Əmir Teymur Şirvana hərblə gəlir!
Fəzlullah Nəimi: Kamil insan yaradır, cahil insan dağıdır. Bu yaxına qədər fəxr eləyirdik ki, Azərbaycan şəhərlər məmləkətidir. Elm ocağı Marağanın daşı daş üstdə qalmayıb. Mənim Əlincəçay qırağındakı gözəl vətənim Astrabad yerlə-yeksan olub. Miranşah dağıdır, Teymur alimlərimizi, memarlarımızı at döşündə Səmərqəndə aparır, əvəzində şəhərlərimizə minlərlə köçəri gətirir. Nizaminin, Xaqaninin yurdu cahil köçərilər məmləkətinə çevrilib. Teymur müdrikdir, yaxşı bilir ki, cahili əsarətdə saxlamaq asandır. Ümidgahımız Şirvandır, düşünən beyinlər buraya toplaşsın. Şirvanı xilas etməliyik.
Dərviş: Bunun üçün də Fəzl təslim olmalıdır. Yoxsa Teymur Şirvanı yer üzündən siləcək.
[Yusif çomaqla dərvişi divara qısdırır.]
Yusif: Fəzl təslim olmalıdır? Sən görməyəcəksən o günü!
[Fəzl gəlir və Yusifə dərvişi buraxması üçün işarə edir.]
[Yusif dərvişi buraxır.]
Dərviş [Fəzlə]: Məni niyə xilas elədin?
Fəzl: Mən sənin üzündə insan əzabının son həddini gördüm. Sən daha heç kəsə yamanlıq eləməzsən.
Dərviş: Eliyəcəyəm! Eliyəcəyəm! Mən yaxşılıq üçün yaranmamışam! Öldür məni! [Fəzlin üstünə qaçır, Fəzlin şagirdləri onu tutur.] Öldür! Öldür!
Fəzl: Ötürün onu getsin.
[Şagirdlər dərvişi aparırlar.]
Dərviş: Mən murdaram! Öldürün məni! Öldür! Mən ölməliyəm!
Fəzl: O, haqlıdır.
Yusif: Dərviş?
Fəzl: Mən təslim olmalıyam. Ümidimiz Teymurun Toxtamışla, Bayəzidlə müharibəsinə idi. Ümid eləyirdik ki, cahangirlər bir-birlərini əzib zəif salar və o vaxt biz qiyama başlarıq. Müridlərimiz yer üzünə səpələnib elmimizi yaymaqla məşğuldurlar. Camaat qiyama hazır deyil. Teymur bizi çox pis vaxtda haqlayıb. Digər tərəfdən də şah üz döndərib.
Nəsimi: Qardaşım Şahxəndan vəsiyyət eləmişdi ki, nəslimizdən kim ölsə, hamısı onun qəbrinin yanında dəfn olunsun. Gedirəm qəbrimizi qazdıram.
Fəzl: Bu nə sözdür?
Nəsimi: Sənin ölümün bizim hamımızın ölümünə bərabərdir, ustad.
Fəzl: Mən belə düşünmürəm. Öz beynimi mən çoxdan sizin beyninizə köçürmüşəm. Şaha mən quru cismimi təslim eləyəcəyəm.
Nəsimi: Qiyamımız sənin adınla bağlıdır, ustad. Camaat arasında mən sözümü sənin adınla başlayıram, sənin adınla da xətm eləyirəm! Sən olmasan, mənim qəzəlim qan ağlayar, qan ağlayan əşardan xalqımız nə fayda götürər, ustad?!
Fəzl: Sözün haqdır, gözüm nuru. Ancaq qurtuluş yoxdur.
Nəsimi: Var qurtuluş! [müridlərə] Dövlət bəy bizi gözləyir, şahla danışmalıyıq! Razısınız?
Müridlər: Razıyıq!
Fəzl: İradə sındırmaq əqidəmizə ziddir. Gedin. Amma unutmayın: Teymurla müqaviləni şah hər şeydən əvvəl öz taxt-tacını qorumaq üçün bağlayıb.
[Nəsimi və digər müridlər gedirlər.]
Fəzl: Dövlət bəy şaha güc göstərsə, Şamaxıda müsibət düşər.
Nəsimi [yarı yolda dayanıb Fəzlə tərəf]: Əmin ol, ustad, qan tökülməyəcək.
[Gedirlər.]
[İbrahim Teymurun hüzuruna çıxmaq üçün xalqın köməyilə qır-qızıl yığır. Bu vaxt Nəsimi onun hüzuruna gəlir.]
İbrahim: Şairi xoş gördük. Əliboş gəlmisən.
Nəsimi: Mənim cəvahiratım beynimdədir. Amma məsləhətdir ki, əvvəlcə öz bahadırın Dövlət bəyə qulaq asasan.
[İbrahim işarə verir, arxadakı adamlar gedir. Dövlət bəy yaxınlaşır.]
Dövlət bəy: Şaha məlumdur ki, Miranşahın, Ömər Mirzənin, Əbu Bəkrin ordularının bir qismi Təbrizi, Reyi, İsfahanı qoruyur, o biri qismi Əlincə qalasını mühasirədə saxlayır. Şahruxun ordusu Heratdadır. Teymurun öz tabeliyindəki orduya gəlincə, dostumuz Mövlana Əli çaparla xəbər göndərib, Bayəzid Bursadan çıxıb, İsgəndəriyyəyə doğru gedir. Teymur ehtiyat eləyir ki, Bayəzid hiylə işlədər, səmtini dəyişib Şahruxun üstünə gedər. Odur ki, süvarisinin əksərini Herat tərəfə göndərib. Özü cüzi qüvvə ilə qalıb. Belə fürsət... bir də ələ düşməz, şah!
İbrahim: Sən ağıllı sərkərdəsən, Dövlət bəy. Amma unutma ki, mən Teymurla ordusuz döyüşürəm, qansız.
[Dövlət bəy arxaya çəkilir. Nəsimi irəli gəlir.]
Nəsimi: İltifat elə, indi də mənə qulaq as, şah.
Şeyx Əzəm: Sənin küfrün gərək deyil şaha. Yumun onun ağzını.
[İki nəfər Nəsimini tutur.]
İbrahim: Şairin dilini bağlamaq hökmdarın acizliyidir, şeyx.
Şeyx Əzəm: Bu məlun danışmağa başlasa, mən bilirəm, sən yenə buraxacaqsan onu. Qətlə çatdır kafiri.
İbrahim: Dözümün olsun, Şeyx Əzəm. Fəzlullah lazımdır bizə, Nəsimi yox!
Şeyx Əzəm: Fəzlullahın gücü bu iblisdədir, bunun əşarıdır onun küfrünü yayan.
İbrahim: Nəsimiyə kinin əqlini çaşdırıb sənin. Teymur bizdən Fəzlullahı tələb eləyir.
Nəsimi: Əgər sən, həqiqətən, qan tökməyin tərəfdarı olmasaydın, mən sənə səcdə edərdim, şah! Teymur Təbrizdə yeddi min azərbaycanlını diri-diri divarlara hördürüb. Yağış yağanda indi də divarlardan qara qan sızır! Bəs Naxçıvanda, Əlincədə tökülən qan bizim qanımız deyil mi, şah?!
İbrahim: Təbrizə əlim çatmır mənim, Naxçıvanın, Əlincənin də öz hakimi var. Mən bu camaatı qoruyuram.
Nəsimi: Azərbaycanı qırğına vermək bahasına qoruyursan, şah! Təbrizə də əlin çatır, Naxçıvana, Şəkiyə, hətta Gürcüstana da! Məxfi müqavilələrlə hamını Teymurla döyüşə hazırlayırsan, digər tərəfdən də gözləyirsən ki, Teymur bütün hakimləri gücdən salsın, Azərbaycanda Şirvanşahdan qeyri qüdrətli hakim qalmasın! Nəhayət aşkar oldu ki, sən hətta Fəzli də öz siyasətinə qurban verirsən. Məgər biz belə danışmışdıq şah?!
Dövlət bəy [şaha]: Fəzli təsli eləmək niyyətindən əl çək.
İbrahim: Bu nədir? Qiyam?
Dövlət bəy: Qiyam. Qiyam düşmənin xeyrinə olar. Biz Şamaxını tərk eləyirik.
İbrahim: Mənim səbrimin hüdudu var, Dövlət bəy.
Dövlət bəy: Hədələmə məni, şah. Bu əllər taxta çıxarıb səni. Şairi buraxdır. Tapşır yolumuzu kəsməsinlər.
İbrahim: Şəriyyətin hökmünü ancaq şəriyyət ləğv eləyə bilər.
Şeyx Əzəm: Fəzlullah Nəimi gəlməyincə fitva hökmündədir. Aparın.
[Nəsimini aparırlar.]
[Yusif qaça-qaça Fəzlin otağına gəlir.]
Yusif [təngnəfəs]: Camaat qırılır! Ustad, Kərbəla müsibəti düşdü!
[Yusifin xəbərdarlığından sonra Fəzlullah gəlir.]
Nəsimi: Ustad!
Fatma: Ata! Atacan!
Nəsimi: Yalvarıram, ustad, qayıt! Hələ gec deyil!
Fəzl: Qulaq as, vaxt azdır. Əvəzimdə sən qalırsan. [Fatmaya] Vəsiyyatnaməmi sənə çatdıraram. [Nəsimiyə] Tifillərim anasızdırlar, onları Bakıda qoymayın, özünüzlə dağlara aparın. Böyük qızlarım Fatma, Aişə onlara analıq eləsin. [Fatmaya] Qəm yemə, bala. Gedən cismimdir, ruhum Nəsimidədir.
Fatma [Fəzlin üstünə atılır]: Atacan!
[Fəzlullah İbrahimin hüzuruna gedir.]
Fəzl: Fəzlullah Nəimi lazımdır sənə, Nəsimini azad elə.
İbrahim: Elərəm! Haradadır Fəzl?
Fəzl: Hüzurundadır.
İbrahim: Şirvan xilas oldu.
[Fəzlullahın edamı.]
[Fəzlullahın qolları və ayaqları atlara bağlıdır.]
Fatimə: ATA!
Nəsimi [əliylə Fatimənin ağzını bağlayır]: Sən yaşamalısan, qoy məni tutsunlar. [şeir oxuyur]:
Еy müsəlmanlar, bu gün ol yar pünhan ayrılır,
Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.
Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Fəzl: Nəsimi.
Nəsimi [oxuyur]:
Ol səbəbdəndir ki, mən bimarü-rəncur olmuşam,
Хəstə könlüm mərhəmi, ol dərdə dərman ayrılır.
Taqətim, səbrim tükəndi, onsuz, ah, mən nеylərəm?!
Əqlimi şеyda qılan ol çеşmi fəttan ayrılır.
Məhşəri-yövmül-hеsab, qopdu qiyamət başımə,
Yəni, ey Yusuf sifətli, piri-Kən’an ayrılır.
Miranşahın əskəri: Nəsiminin səsidir.
Miranşah: Göstər!
[Miranşah, Şeyx Əzəm və əskər Nəsimini tapmaq üçün edam meydanına gəlirlər.]
Miranşah: Hansıdır? Göstər.
Şeyx Əzəm: Buradadır. Budur məlun.
[Arxadan iki nəfər Nəsimini iplə bağlayırlar.]
Miranşah [Nəsimini tutanlara]: Hökmdarın hüzuruna.
[Nəsimi Teymurun hüzurunda əli bağlıdır.]
Teymur: Hamı mənə Peyğəmbərin elçisi deyir, təzim eləyir. Təkcə siz itaət etmirsiniz. Niyə?
Nəsimi: Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır.
Teymur: Xırda həşərat iri həşəratdan qorxur, qoyun qurddan, gücsüz adam güclüdən, cəmi bəşərdə Allahdan; dünyanın özü qorxu üstdə bərqərar deyil?
Nəsimi: Güclü, gücsüz insan yoxdur, kamil insan var, bir də cahil. Cahilin tərzi-həyatı heyvanatın tərzi-həyatı ilə doğrudan da uyğundur. Qılınc, külli qırğın, din Allah xofu — hamısı hökmranlıq üçün gərəkdir sənə.
Teymur: Əcəlim çatacaq, mən də köçəcəyəm bu dünyadan, amma Allah xofu çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın, seli, daşqını, zəlzələsi var.
Nəsimi: Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq.
Teymur: Qorxusuz insan insan deyil, qudurmuş itdir! [Yanındakı əskərin qılıncını çıxardır və Nəsiminin qollarını açır.] Gözdən qoymayın bu iblisi.
Seyidlər: Nə oldu? Niyə sağ buraxdı onu? Hökmdar! Hökmdar, onu sağ buraxmaq olmaz!
Teymur [hirslə arxasına dönür]: Nə istəyirsiniz? Hər səfərdə varidatımın yarısını sizə verirəm! Bəs siz nə verirsiniz mənə?! Hanı sizin kəlamınızın qüdrəti?! Nə vaxta qədər baş kəsməklə qalib gələcəyəm mən?!