Azərbaycan atalar sözləri/C
←B | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ç→ |
Həmçinin baxın: Haqqında • |
- Cahil axırda tula quyruğu xınalar.
- Cahil dirilərin ölüsüdür.
- Cahil ilə bal yemə, ahıl ilə daş daşı.
- Cahil ilə çıxma yola, gətirər başına min bir bəla.
- Cahıl ilə daş daşı, ahıl ilə yemə aşı.
- Cahil özünə düşməndir, başqasına necə dost ola bilər?!
- Cahildə söz əylənməz.
- Cahangirdən qorx, dəlidən qorxma
- Cahilə qoşulan cahil olar.
- Cahil söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir.
- Cahili cahillər mədh eylər.
- Cahilin ağlı başında yoх, gözündə olar.
- Cahilin ibadətindən alimin yuxusu yaxşıdır. [1]
- Cahilin sözü - eşşəyin anqırtısı.
- Cahillikdə bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə.
- Cahıla gedən keyf çəkər, ahıla gedən of çəkər.
- Camaat sevəni Allah da sevər.
- Camadarın şahlığı hamamçılıqdır.
- Camal gedər, kamal gələr.
- Camala baхma, kamala baх.
- Came nə qədər böyük olsa, imam yenə bildiyini oxur.
- Camış ola, qamış ola, ondan yeməmiş ola.
- Can alan baxışından bəlli olar.
- Can baladan şirindir.
- Can bazarda satılmaz.
- Can can üçün yanar, yadın harası yanar?
- Can candan ayrıdır.
- Can de, can eşit.
- Can deməklə can əskilməz.
- Can deyən çox olar, can verən olmaz.
- Can gedincə mal getsin.
- Can mənim canım, çıxsın sənin canın.
- Can sağlığı dövlətdir, demə, babam, yoxsulam.
- Can sağlığı – dünya varlığı.
- Can sənin, cəhənnəm Tanrının.
- Can şirin olur.
- Can verəndə boz sərçəyə ver, qaranquş gəldi-gedərdir. [2]
- Can verirsən qardaşa ver, min il keçsə yad olmaz.
- Can verməyən canana yetməz.
- Can versən, qardaşa ver, min il keçə yad olmaz.
- Cana gələn mala gəlsin.
- Canandan ayrılan candan ayrılar.
- Cananı sevən canından keçər.
- Canavar canavarın dərisini çıxarmaz.
- Canavar özü hürmür, iti hürməyə məcbur edir.
- Canavar tək qalanda başına çaqqallar yığışar.
- Canavardan qorxan meşəyə girməz. [3]
- Canavarın üzü ağ olsa, kəndə gündüzlər gələr.
- Canavarlar ağız-ağıza yatarlar.
- Canbaz ipdə gəzər, balıq - suda.
- Candan qonşu payı olmaz.
- Candır, badımcan deyil.
- Candır çəkər, qandır qaynıyar.
- Canı ağrıyan eşşək, atdan yeyin gedər.
- Canı canan yolunda deyən çox olar, qıyan az.
- Canı nədir, cəsədi nə olsun?!
- Canı olanın, qayğısı da olar.
- Canı yanan eşşək, atdan yeyin gedər.
- Canı yanan ya bir olar, ya iki.
- Canım qurban yaxşı qonaq, gəl ocağa bir də qonaq.
- Canımdan tikan çıxartdı.
- Canımı da alsan gülə-gülə al.
- Canını cibində gəzdirir.
- Canını yaxşı saxla qəfil əcəldən.
- Cavahirin qiyməti var, amma atalar sözünün qiyməti yoxdur.
- Cavan baş bir çanax qandır.
- Cavan əvvəl göyü görər, sonra yeri. [4]
- Cavan işə, qoca aşa.
- Cavan işlər, qoca dişlər.
- Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə.
- Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
- Cavanlıq soltanlıqdır, bacarsan saxla.
- Cavanlıqda daş daşı, qocalıqda ye aşı.
- Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
- Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz.
- Cavanlığın qədrini bilmək gərək.
- Ceyran qovan çiçəyə batar, donuz qovan lehməyə.
- Ceyranın qaçmasın gördüm, ətindən əl üzdüm.
- Cəfa çəkməyən səfa görməz.
- Cəfasın çəkən səfasın görər.
- Cəfasını mən çəkdim, səfasını yad gördü.
- Cəhalət səfalət doğurar.
- Cəhd çarıq yırtar, iş odur haqqa vara.
- Cəhd elə dost qazan, düşmən ocaq başında.
- Cəhənnəmdə də adamın dayısı gərək.
- Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz.
- Cəhənnəmə gedən özünə yoldaş axtarar.
- Cəhənnəmə gedən yoldaşını çox istər.
- Cəhənnəmə girsə, üzü qızarmaz.
- Cəhənnəmin qapısın mal-dövlət açar.
- Cəhrə əyirsən – don geyərsən.
- Cəhrə əyirsən don yiyəsi olarsan.
- Cənnət də bu dünyadı, cəhənnəm də.
- Cənnəti istəmədi, cəhənnəmə də getmədi, qaldı yolda sərgəndar.
- Cənnətin yaylağı, cəhənnəmin qışlağı.
- Cərgədən qalan keçəl olar.
- Cərgədən qalan qotur olar.
- Cəsarətin bitdiyi yerdə əsarət başlayır.
- Cəsur olana çomaq da silahdır. [5]
- Cəvahir bazarında muncuq satılmaz.
- Cəvahirin qiyməti var, sözün qiyməti yoxdur. [6]
- Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə.
- Cibin boşsa, sözün keçməz.
- Cibində ki, yüzlük var, kovxa yanında düzlük var.
- Cida ilə qulağa pambıq yeritmək olmaz.
- Cidanı çuvalda gizlətmək olmaz.
- Ciki mənim –biki mənim, alçı dursa –sənin bəxtinə.
- Cin ayrı, şeytan ayrı.
- Cin bismillahdan qorxar.
- Cinə börk tikər, şeytana papış.
- Cinə dəmir göstərdilər.
- Cins cinsə əsər eləməz.
- Cins cinsinə meyl edər.
- Cins xoruz yumurtada banlayar.
- Cins madyan balanı döşündə saxlar.
- Cinsini danan bicdir.
- Cismin qidası –yemək, ruhun qidası –oxumaq.
- Cığala Tanrı verməz, versə də qarnı doymaz.
- Comərd deyib maldan elərlər, igid deyib candan elərlər.
- Cöngə öküz olunca, yiyəsi donuza dönər.
- Cuhud qan görüb?
- Culfa kəfənsiz ölər.
- Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı.
- Cücə həmişə hində qalmaz.
- Cücə səbət altında qalmaz.
- Cücə nənəsindən süd görməyib.
- Cücəni çalağandan sonra sayarlar.
- Cücəyə bəylik verdilər, anasını eşşəyə mindirdi.
- Cücəni payızda sayarlar.
- Cümə günü, bazar, onu da yağış pozar.
- Cürətli şəhər alar, kəm cürət küncdə qalar. [7]
- Cütçü yağış istər, yolçu quraqlıq.
- Cütə gedən öküz gözündən tanınar.
- Cütə getməyən öküzü ətlik adına satarlar.
İstinadlar
redaktə- ↑ Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008
- ↑ Atalar sözü. Tоplayanı: Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə. Bakı - “Yazıçı” – 1985
- ↑ El çələngi. DUƏK seriyasından. III cild, Toplayıb tərtib edənləri: F.e.n. Təhmasib Fərzəliyev, f.e.n. İsrafil Abbasov.Bak-1993, səh:113-138
- ↑ Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru. Tərtib edənlər: f.e.n. Hüseyn İsmayılov, Qurban Süleymanov. Bakı–2002, səh: 192-220
- ↑ Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru. Tərtib edənlər: f.e.n. Hüseyn İsmayılov, Qurban Süleymanov. Bakı–2002,səh: 192-220
- ↑ Atalar sözü. Azərbaycan fоlklоrunun ilkin nəşrləri sеriyası. Tərtib еdəni: Məmmədvəli Qəmərli. Bakı,2003
- ↑ Zeynallı Hənəfi. Azərbaycan atalar sözü. Bakı-1926.