Azərbaycan atalar sözləri/F
←Ə | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
G→ |
Həmçinin baxın: Haqqında • |
- Fağırı kim olsa, döyər.
- Fağırın düşkünü, al geyinər qış günü.
- Fağırlara verənə Allah verər.
- Fağırların düzgünü, bez geyinər qış günü.
- Fal yox, yumurta da yox.
- Fala inanma, falsız da qalma.
- Falçı fala baxar, canını oda yaxar.
- Falçı falçıya fənd vurmaz.
- Falın faldır, fərmanın allah.
- Farsın qəzəli, türkün məsəli.
- Fayda — zərər hesab başında məlum olar.
- Fayda zərərin qardaşıdır.
- Faydasız qohumdan faydalı yad yaxşıdır.
- Fəqir əlinə baxırsa, sən cibinə bax.
- Fəqirə axmaq deyərlər, kasıba gic.
- Fəqirə həmdəm gəlməz, gələr baş ağrısı.
- Fəqirin cibi boş, qəlbi doludur.
- Fəqirin təsəllisi – ölümdür.
- Fələk bağlar, fələk açar.
- Fələk birin qurar, birini dağıdar.
- Fələk güclü, mən gücsüz.
- Fələk heç kimin rəyincə getməz.
- Fələk kiminə təbil çaldırır, kiminə dümbələk.
- Fələk yıxmayanı kələk yıxar.
- Fələyə bel bağlamaq olmaz.
- Fələyə şıllaq atır.
- Fələyin belə-belə işləri çox, aslanı ac gəzdirər, tülkünü tox.
- Fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədir.
- Fələyin bir tabaq çörəyi var, hər zaman birinün başına qoyar.
- Fələyin çərxi dönər.
- Fələyin gözü kordur.
- Fələyin işinə bax, ayıya qaval çaldırır.
- Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.
- Fələyin zoruna heç nə kar etməz.
- Fənd edən yolda qalar.
- Fənd fəndi kəsər, Allah hər ikisin.
- Fənd nə bilir, fel ilə fənddə nə var?!
- Fərasətli oğulun papağı şiş durar.
- Fərə çıxdığı qabığı tanıyır.
- Fərhad ölüb, külüngünün səsi gəlmir.
- Fərsiz qoyunu qurd yeyər.
- Fərsiz oğul anasını ağladar.
- Fərsiz oğul atasının gözünü çıxartdı ki, adına Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər.
- Fərsiz oğuldan bir qara daş əfzəldir.
- Fərsiz övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan – eybəcər göstərər.
- Fikir adamı sərgərdan eylər
- Fikirdən iti gedən şey yoxdur.
- Fikirsiz söz danışma.
- Fikri nəysə, zikri də odur.
- Filin bir fikri var, filbanın min.
- Filin gücü xortumundadır, dəvənin gücü — dizində.
- Fitə uyanın evi yıxılar.
- Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz.
- Fitnəlikdə malını saxla, salamatlıqda başını.
- Fitnəyə çuğlaşan peşimanluq çəkər.
- Füqaranın gözü tox olar.
- Fürsət əldə ikən yaxşılıq eylə.
- Fürsət hər zaman ələ düşməz.
Mənbə
redaktə- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014