Azərbaycan dili

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dili



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. İlham Əliyev
  • Anladım ki, ana dilim
    Ürəyimdən çıxmaz mənim
    Doğransam da, dilim-dilim. Xəlil Rza Ulutürk
  • Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir. Heydər Əliyev
  • Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir. Heydər Əliyev
  • Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. İlham Əliyev
  • Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Heydər Əliyev
  • Azərbaycan ədəbi dili Zaqafqaziyada bir qayda olaraq mütərəqqi məzmunlu mədəniyyətə xidmət etmişdir, bu isə heç şübhəsiz, dilin müasirlik ruhu daşıması ilə bağlıdır (milliləşmə eyni zamanda müasirləşmədir). Nizami Cəfərov
  • Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Heydər Əliyev
  • Bir zaman rusca idi reklam işıqlar,
    İndi ingiliscə dürtülür gözə.
    İtin də dilinə hörmətimiz var,
    Təkcə öz dilimiz yaramır bizə. Bəxtiyar Vahabzadə
  • Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin. Heydər Əliyev
  • Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə – Azərbaycan dili ilə fəxr edirik. Heydər Əliyev
  • Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq. Heydər Əliyev
  • Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Heydər Əliyev
  • Bizim çox gözəl, cazibədar dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də onu heç bir şeyə dəyişmək olmaz. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm. Heydər Əliyev
  • Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
    Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
    Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
    Bu dil əcdadımızın bizə miras verdiyi
    Qiymətli xəzinədir…onu gözlərimiz tək
    Qoruyub, nəsillərə biz də hədiyyə verək.Bəxtiyar Vahabzadə
  • Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Heydər Əliyev
  • Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Heydər Əliyev
  • Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik, Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da, narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. İlham Əliyev
  • Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar. Sultan Məcid Qənizadə
  • Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. Heydər Əliyev
  • Hər bir azərbaycanlı birinci növbədə öz dilini bilməlidir. Ondan sonra başqa dilləri bilməlidir. Mən bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, indi biz müstəqil dövlətik və bizim vətəndaşlarımız, xüsusən gənclərimiz başqa dilləri öyrənməlidirlər. Amma birinci növbədə öz dilini, yəni Azərbaycan dilini, bizim doğma dilimizi bilməli, sevməlidirlər. Doğma dilimizdə həm danışmalı, həm oxumalı, həm də yazmalıdırlar. Ondan sonra rus dili də, ingilis dili də, fransız dili də, başqa dillər də lazıımdır. Heydər Əliyev
  • Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır. Heydər Əliyev
  • Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Heydər Əliyev
  • Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramları qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar. Heydər Əliyev
  • İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Heydər Əliyev
  • …Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum… azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bil dildir. Mixail Lermontov
  • Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Heydər Əliyev
  • Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Heydər Əliyev
  • Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var. Cəlil Məmmədquluzadə
  • Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Heydər Əliyev
  • Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir. Heydər Əliyev

İstinadlar

redaktə