Aşıq Ələsgər
Azərbaycanın ustad aşığı
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926 və ya 1926, Ağkilsə, Yeni Bəyazid qəzası) — Azərbaycanlı aşıq.
Aşıq Ələsgər | ||||
Doğum tarixi | 22 mart 1821 | |||
Doğum yeri | Ağkilsə | |||
Vəfat tarixi | 7 mart 1926 | |||
Vəfat yeri | Ağkilsə | |||
Dəfn yeri | Ağkilsə | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağılsız cahalı kirşan aldadar,
Günü keçmiş qarı qız olmaz, olmaz. - Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın. - Alçaqda dayan ki, çıxasan başa.
- Alimin elmiylə helmi yarıdı.
- Aşığın nisyəsi, namərd ilqarı,
Desələr, inanma, düz olmaz, olmaz. - Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
B
redaktə- Baxt yatanda qohum-qardaş yad olu.
- Bədəsildən hərgiz olmaz heç əsil.
- Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz. - Bir adamsan, bir adama namə yaz,
Mahalı incidib, eldən danışma. - Bir qul düz dolansa haqqın yolunda,
Qəza tapmaz, ona bəla yetişməz. - Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz. - Bivəfadan yar olmaz,
Ömür üzsən yüzhayüz. - Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim. - Bu dünyada üç şey başa bəladı,
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat. - Bülbül gül üstündə xarı görəndə,
Qan ağlar, ruxsarı yaşa dayanmaz. - Bülbül gül yolunda keçər başından,
Əgər gül köysünə xarı çəkmiyə.
C
redaktə- "Can" deməklə candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər. - "Can" deyənə "can" deyinən mərdana,
Baş qoyanın, qoy yolunda başa baş. - Can qurban eləsən, layiqdi layiq,
Bir yar ki, mətləbi tez qanan ola. - Comərdin kisəsi, mərdlərin namı,
İnşallah, ölüncə az olmaz, olmaz.
Ç
redaktə- Çırağın ki, ilahdən a yana,
Ehtiyacın nədi a yağa, yağa. - Çox gəzmişəm, az görmüşəm danəndə.
- Çox da havalanıb coşma dünyada.[1]
- Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir. - "Çor" deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.
D
redaktə- Danışanda doğru danış,
Sözün çıxmasın qələt. - Doğru yola əmək çəksən zay olmaz.
- Dosta xain baxan kor olacaqdı.
- Dost dostdan inciyər, qəlbində dönməz.
- Dostun məzəmməti adam öldürür.
- Dost odur ki, dosta yalan satmasın.
- Dost uzaq olmaqla könül yad olmaz.
- Dövlətdən qismətin beş arşın ağdı.
- Dövlətə güvənib gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada. - Düşman günü düşmanınla düşmandı,
Yüz il keçsə, qohum sənlə yad olmaz.
E
redaktə- Eşit bu sözləri, saxla yadigar,
Gözəllərdə həya, iyidlərdə ar. - Eşqin ataşına heç olmaz çara.
- Eşq oduna düşən aşkara yanmaz.
Ə
redaktə- Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim. - Ədalət hakimin payi-turabı,
Kamil ustadlara qul kəmtər mənəm. - Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt. - Əlin vurma gücün yetməyən daşa,
Götürə bilməzsən, zora düşərsən. - Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası. - Ərdən boşanmışdan bir az kənar dur.
- Əyləşəndə ağır əyləş,
Danışanda az danış.
G
redaktə- Gah baş olan, gah da düşər ayağa.
- Gədadan bəy olmaz, dəlidən darğa.
- Gədadan bəy olmaz, nakəsdən iyid.
- Görürsən ki, baxtın yatdı, sən də yat.
- Göz gözə baxanda halın soruşa,
Aləm düşman olsa, görüşmək olar. - Göz gözə baxmasa mehriban olmaz.
- Gül olma dünya malına,
Qalacaqdı dünyada. - Günhkardı nə ki yoldan azan var.
- Günü-gündən işi düşər müşgülə,
Hər kəs namus, qeyrət, arı çəkmiyə. - Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.
H
redaktə- Haqdan yanan çıraq bad ilə sönməz.
- Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında. - Haqq, meyi islama haram buyurub,
Dərd tüğyan eləsə, mey içmək olar. - Haqq-nahaqq seçilər haqq divanında.
- Haqq sözə gərəkdi düz qiymət olsun.
- Haqq verməsə, qonşu payı pay olmaz.
- Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz. - Hər ağac kökündən bitər,
Hər meyvə gözlər zatın. - Hərca dilin salar bəlaya səni,
Çox da bilsən danış az, şair Nağı! - Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş. - Hərcayı sözüylə incimə dostdan.
- Hərcayınan aşna olma,
Namərdə bel bağlama. - Hər kim ki, sidq ilə dilək diləsə,
Əlbəttə, mətləbin ha bular, bular. - Hər könül özünə bir padişahdı.
X
redaktə- Xalqa həqiqətdə mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi. - Xeyir çəkməz ustad ilə dəyinən.
İ
redaktə- İbadət eləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı. - İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana, yaxşıdı. - İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq. - İlqarın dalınca bir baş getməsin,
Onu bir qarpıza dəyişmək olar. - İncidənlər, incidəcək,
İncidibsən hər kəsi. - İnşallah, heç yerdə qalmaz avara,
Bir qula ki, Şahi-Mərdan yar olsun. - İyid cavanlıqda dəli gərəkdi,
Qocaldıqca mərfət tapa, hal bilə. - İyidlər məğrur olmasın,
Fəthi-nüsrət xudadandı. - İyid sarsıyarmı baxtı yatmasa.
K
redaktə- Kərəm olmaz müxənnəsdə, xəsisdə.
- Kəsb elə özünə halaldan maya.
- Kibrdən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı. - Kimi gördün ki, qəzadan
Qurtardı, qaçdı dünyada?! - Kişi gərək dediyindən dönməsin.
- Kişi gərək zəhmət çəksin, tər salsın,
Süfra açsın, ad qazansın, dər salsın. - Könlümün şüşəsi saqın ki, sınar,
Toxunarsa ayna daşa, dayanmaz. - Könül, doğru yoldan gəl olma kənar,
Əyri yola gedən haqdan utanar.
Q
redaktə- Qabiliyyətsiz, mərifətsiz qızların,
Yüzü bir dərdimənd dul ola bilməz. - Qarı düşmən bir də gəlib dost olmaz.
- Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, səri ay eylər qıj-qıj. - Qaytarmazlar pirə gələn qurbanı.
- Qədər sənlə gəzəcəkdi,
İstər gir dəryaya gəz. - Qəlbi düz olanın evi hac olu.
- Qonşuya kəc baxan özü ac olu.
L
redaktə- "Lənət şeytana!" – de, şər işdən əl çək,
Şeytan səni salar ayaq-ayağa. - Ləzzət verər bal qatanda qaymağa,
Qaymaqdan da ləziz olar narın üz. - Loğmadan kəc olan, nüftədən əyri,
Yüz dərs olsa, pür kamala yetişməz.
M
redaktə- Məğrurluq eləyən namurad olu.
- Məğrurluq eləyib ustadan demə,
Vaxt olar bir yerdə dara düşərsən. - Mən aşığam, yasaq yoxdu dilimə.
- Mənim sözüm yoldan çıxan mollanı,
İnşallah, qaytarar müsəlman eylər. - Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola.
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər. - Mərd iyidə ölüm haqdı dünyada,
Yoxsul olub ahu-zarı çəkmiyə. - Mömindən törəyən xoş idrak olar.
- Mövladan dərs alan heç düşməz ləngə.
- Mövla məhəbbətin kəsməz sağ ərdən.
- Müxənnəs ilə nakəsin,
Əlinə fürsət keçməsin.
Halalı harama qatır,
Şeytana sovqat aparır. - Müxənnət qatar aşına
Ağı, gözlə, gözlə sən.
N
redaktə- Nakəs, müxənnətdən mətləb diləmə.
- Namərddə qaydadı, kəsər basdığın.
- Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim. - Namus qədri bilib nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz. - Nütfədən qarışan şeyitbaz olar.
- Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz. - Nütfədən pak olan özü pak olar.
- Nütfəsindən əyri olan,
Tez göstərər isbatın.
O
redaktə- Ov keçdi bərədən, ata bilməzsən.
Ö
redaktə- Öldürərsən zənburu, əl çəkmə şandan.
S
redaktə- Sayğısız iyidi düşmən aldadar.
- Sərraf yüz bəzəsə səngi-siyahı,
Əsli mütəlladı, ləl ola bilməz. - Sidqini bağlayan Şahi-Heydara,
İnşallah, heç yerdə qalmaz avara.
Ş
redaktə- Şairin sinəsi haqq bazarıdı,
Satdığı kəlmələr ləl, mirvarıdı. - Şəryətdə halaldı qisasa qisas.
- Şərü-böhtan doğru yola sığışmaz.
T
redaktə- Tərəqqidən təvəllüddü tənəzzül.
- Tər gəzən dünyada gedər tərsinə.
- Təzə aşnalıqla köhnə dostluğun,
Fərqi var qış ilə yaz arasında. - Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan tək məzarın içində.
U
redaktə- Unutma ilqarı, itirmə iman,
İman durar düz ilqarın içində. - Uzaq vilayətdən qız sevən oğlan,
Yaxın qonşusundan soruş halını.
V
redaktə- Varlıqda dost olma, yoxluqda kənar,
İyidəm deyəndə, bu adət olmaz.
Y
redaktə- Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı. - Yadın oğlu yağlı aşa mehmandı,
Dar günündə görərsən ki, usandı. - Yaxşı can yetişsə yaxşı canana,
Həmi gün xoş keçər, həm ay-il eylə. - Yaxşı yara qismət olmaz yaxşı yar.
- Yalan deyib qeybət etmə,
Rəhmin gəlsin canına.
Z
redaktə- Zikirsiz mömini şeytan aldadar.
- Zinakar, haramxor yetişməz baya.
- Zülmətdə işıq var, acıda şirin.
- Zülm ilə, sələm ilə,
Yığıb ziyarata gedən.
Ziyarata getmək deyil,
Urusa sursat aparır.
Haqqında deyilənlər
redaktə- Səməd Vurğun — Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm.
- Mehdi Hüseyn — "Xalq dilinin ən gözəl xüsusiyyətlərini bilən, bu dili yüksək şeir səviyyəsinə qaldıran Ələsgərdə məyyən bir fikir ifadə etməyən süni misralara rast gəlmirik".[2]
- Mirzə İbrahimov — Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da çox nəcib duyğular oyadır, insana böyük zövq və ləzzət verir.
- Elçin — Bütün böyük sənətkarlar kimi, Aşıq Ələsgərin yaradıcılığı da milli hadisədir, milli mədəniyyətin faktıdır. Ancaq böyük sənətkarların yaradıcılığı bunu da sübut edib ki, bəşəriyə aparan yol öz başlanğıcını millidən götürür və mənada Ələsgərin yaradıcılığı da klassik bir nümunədir. O nə qədər millidirsə, bir o qədər də bəşəridir.
- Osman Sarıvəlli — Aşıq Ələsgər xalqla üzvi surətdə bağlı olduğundan, elin arzu-əməllərilə yaşadığından, öz sazı, sözü ilə ona ləyaqətlə xidmət etdiyindən çox xoşbəxt bir sənətkardır. Qılıncların, nizələrin yaraladığı, lakin qapısını aça bilmədiyi ürəkləri böyük aşıq sazın-sözün, əqlin-kamalın, müdrik ustadnamələrin, şirin qoşmaların, könülaçan müxəmməslərin və gəraylıların eçazkar qüdrətilə fəth etdi.
- Məmmədhüseyn Təhmasib — Gözəl və gözəllik, ümumiyyətlə, Ələsgər şeirinin əsasını təşkil edir. O, sözün tam və dəqiq mənasında gözəllik aşiqi, gözəllik məftunu, gözəllik nəğməkarıdır.
- Şamxəlil Məmmədov — Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradıcılığına münasibəti həm dastan yaradıcılığı üsullarının öyrənilməsi, həm də aşığın sənətə verdiyi ictimai-siyasi əhəmiyyətin ifadəsi kimi maraqlı və qiymətlidir.
- İslam Ələsgər — "Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı "əlif-lam" yaratmaqla Azərbaycan aşıq şeiri tarixində belə formalı şeir şəkillərinin əsasını qoymuşdur".[3]
- Hüseyn İsmayılov — XIX əsr Göyçə asıq mühitinin yetişdirdiyi ən böyük sənətkar heç şübhəsiz ki, Aşıq Ələsgər olmuşdur.
- Ələddin Allahverdiyev — "Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünə məxsus olan çoxşaxəli obrazlı təxəyyül çığırlarıyla daim HƏQİQƏT adlanan yola doğru istiqamətdə olmuşdur".
- Nuru Bayramov — Peyğəmbərlərdən gələn böyük missiyanın Dədə Qorqud, Əl-Qəzali, Əhməd Yasəvi, Nizami, Mövlana, Yunus Əmrə və Fizuli kimi əzəmətli daşıyıcılarından olan Dədə Ələsgər ilahi və dünyəvi gözəllikləri mükəmməl şəkildə qovuşdurmuş, sadə el dilində, gözəl üslubda və özünəməxsus biçimdə bəşəriyyətə anlatmışdır.[4]
- İlham Əliyev — Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir…
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh. 416
- ↑ M. Hüseyn. Ədəbiyyat və sənət məsələləri. Bakı, 1958, səh. 404
- ↑ İslam Ələsgər, "Sazlı-sözlü Göyçə" (II kitab), Bakı, "Elm və təhsil", 2018. Səh. 5
- ↑ Aşıq Ələsgər haqqında deyilənlər
Xarici keçidlər
redaktə- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (azərb.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.