Fin atalar sözləri

Finlandiya dünya xəritəsində



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac gözləri yaxşılıqla doydurmaq olmur, onda qalmış ki, qum tökəsən.
  • Ac toyuq leyin ilk qurbanı olur.
  • Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır.
  • Aclıq qurd balasına da ulamağı öyrədər.
  • Aclıq mehriban ailəyə də narazılıq salar.
  • Aclıq öyrədir və lopar balıqçılıq edir. (Lopar — siami, şimali Finlandiya əhalisi)
  • Acı sağlam ilkin çürümür.
  • Acın nə yuxusu gələr, nə gülməyi.
  • Acını dadmamış şirini başa düşmək olmaz.
  • Adam yanında adam ol, köpək yanında qurd.
  • Adamı təriflə, kəndi — yox.
  • Axırıncı verst hamısından uzaq olar.
  • Ağır-ağır yanan bərk yanar.
  • Ağır yük yolu uzadar.
  • Alabalıq, göl hələ buz altında olanda kürü tökür.
  • Analı uşağı öyrədirlər, yetim də yadında saxlayır.
  • And içmək eləməyə bərabərdir.
  • Arvadsız kişi damsız bina kimidir.
  • Asılı olan adamın qəzəbi baha oturmaz.
  • Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır.
  • Ayını hamı tanıyır, amma ayı heç kəsi.
  • Az olar ki, qumarbazı öz atının üstündə qəbiristanlığa aparalar.
  • Balaca daş da yükü aşıra bilir.
  • Balıq balıqçıya tərəf can atar, quş — ovçuya tərəf.
  • Balıq güzəranını çay bilər, quş niyyətini külək.
  • Başaq yığmaqla varlı olmazsan, qonağı yedirtməklə — yoxsul.
  • Başlanmış işi görülmüş bil.
  • Bataqlıq şamı tayqa küknarıyla tay-tuş deyil.
  • Bayramın ən fərəhli vaxtı bayram axşamıdır.
  • Bəla adamı ağıllandırar, amma varlandırmaz.
  • Bihörmət cavanlıqdan hörmətli qocalıq yaxşıdır.
  • Bir dəfə cavan olursan, iki dəfə uşaq.
  • Bir dəli yüz ağıllının cavab verəcəyindən artıq soruşa bilər.
  • Bir həftə səhv etməkdənsə, bir gün fikirləşmək yaxşıdır.
  • Birədən başlamış krala qədər hamısını kəndli yedizdirir.
  • Borcdan yox, aclıqdan ölürlər.
  • Borcun köhnəsi də həmişə təzədir.
  • Boş çubuq tüstüləməz.
  • Boş mədənin borca etibarı olmaz.
  • Böyük tora balıq az-az düşər, ancaq düşəndə də böyüyü.
  • Buyuran yorulmaz.
  • Bütün kəndin cığırları Turkuya aparıb çıxarır. (Turku — 1912-ci ilə kimi Finlandiyanın qədim mərkəzi olan Abu şəhərinin fin dilindəki adıdır).
  • Cavan adam kasıb da olsa, şad olur, qoca adam varlı da olsa qəmgin olur.
  • Cavanlar yeməkdən sonra sağlam olur, qocalar — yuxudan sonra.
  • Cücü — axar sudan çox axmazda olar.
  • Çağrılmamış qonaq çəkinən olar.
  • Çalışanın cürbəcür bəxtəvərliyi olur, tənbəlin təkcə bədbəxtliyi.
  • Çirkinə güzgü fərəh verməz.
  • Çox hərəkət etsən, çox yaşayacaqsan.
  • Çörəyi torpaqdan al, özgəsinin ağzından yox.
  • Daxma qoxusu yeddi nəsil dağılmaz.
  • Dağa dırmananda nə itirsən, qayıdan baş aşağıda gəzərsən.
  • Daşı istər söy, istər döy — yoldan çəkilməyəcək.
  • Dələ qışda sığınla bir rəngdə olar.
  • Dəniz görür, meşə eşidir.
  • Dəniz yolu düz olur, quru yolu — xoş.
  • Dərd-qəm bilməyən ürək soyuq olar.
  • Dərd ürəyi tikə-tikə bölür.
  • Dərin quyudan su qurtarmaz.
  • Dil aldadar, göz düzünü deyər.
  • Dil ilə təkcə yalamırlar, iynələyirlər də.
  • Dil sümüksüzdür, amma sümüyü də doğrayır.
  • Dilindəki bal, beynindəki zəhrimar.
  • Donuzla kral öz əcəli ilə ölmürlər.
  • Donuzlar da yuxu görür, ancaq gördükləeini danışa bilmir.
  • Dost dostuna deyir, o da bütün kəndə.
  • Dostluqdan hamar iz qalar.
  • Dözümü olmayandan borc istəmə.
  • Durna nə tapırsa, o saat da yeyir.
  • Dünya dava üstündə bərqərar olmayıb.
  • Elə ağac yoxdur ki, üstündə qarğa oturmasın.
  • Eşq öldürmür, zarıncı edir.
  • Ev sahibi bir gözlə baxdığı yerə, qonaq iki gözlə baxır.
  • Evin sonbeşiyini həmişə uşaq bilirlər.
  • Əcəl qapını döyməmiş gəlir.
  • Əkin əkənə — torpaq, avar çəkənə — su həmişə tapılar.
  • Əməklə acı taleyə də qalib gələrsən.
  • Finlandiyada şam çarlıq edir, küknar — knyazlıq.
  • Finlandiyada üç nəfər əlini ağdan qaraya vurmur: cındır alan, pastor və qubernator.
  • Gec əkəninkini şaxta vurar.
  • Gedən adama yol həmişə qısalır.
  • Gəldikləri indidir — kəndə ayama fikirləşir.
  • Gördün ki, aclıq gəlir — əyil və ək.
  • Götürən baxmır ki, yerdə nə qalır.
  • Gözəl qızı qorxaq ala bilməz.
  • Gözəllik baxanın gözündədir.
  • Gözəllik və yaxşılıq bir adama birdən verilməz.
  • Gözü — könlü tox aza da təşəkkür edər.
  • Güc əyir, güc də düzəldir.
  • Gülüş cavanladar, sevgi bəzəyər.
  • Günahkar adamlar dolama yollarla gedərlər.
  • Hamam finlinin dərmanıdır.
  • Hamam yoxsulun aptekidir.
  • Hamıdan ağıllını bazara göndərərlər, hamıdan qocanı — dəyirmana.
  • Heç kim dəmirçi doğulmur.
  • Hər həqiqəti də demək olmaz.
  • Hər ölümün öz adı var.
  • Hər şalvar geyən kişi deyil.
  • Hər zarafatın yarısı həqiqətdir.
  • Hərə öz şorbasına duz atır.
  • Həyanı gizləyə bilməzsən.
  • Həyat qızıldan qiymətlidir.
  • Hirsli adam yuxuda da saqqalını əsdirər.
  • Hiyləgər dil xəncərdən qorxuludur.
  • Horra da özünü xörək hesab eləyir.
  • Xırda oğruya cəza verirlər, böyük oğrunun ayağına yıxılırlar.
  • İki bülbül bir budaqda oxumaz.
  • İki köpək savaşanda sümüyü üçüncüsü aparar.
  • İlan ilandır. o da başını gizlədir.
  • İnsan ağılla yaşayar, fəndlə mübarizə aparar.
  • İnsan pivəni idarə edir, amma şərab insanı idarə edir.
  • İnsanın fikri-zikri torpaqdır.
  • İstəməyəndə göz də görmür.
  • İstəyirsən lap bir həftə fikirləş, ancaq aydın de.
  • İsveç zəngindir, amma Finlandiya doğmadır.
  • İsveçli nahara yağla başlayır, fin isə — duzlu balıqla.
  • İş adamı korlamır, adam işi korlayır.
  • İş güclüdən yox, can yandırandan qorxar.
  • İşləyən o adam deyil ki, iş axtarır; o adamdır ki, iş onu axtarır.
  • İz qalan yerdə ayaq axtarma.
  • Kasıb ortaya da keçsə, axırda olur.
  • Kasıb üç dəfə də gəlsə, xəbər tutan olmur.
  • Kasıba əl ver — əli istidir.
  • Kasıbın bir dayağı var — arvad.
  • Kasıblıq daxmaya girir — məhəbbət pəncərədən uçub gedir.
  • Keçini kələmə keşikçi qoymazlar
  • Kim dərd çəkibsə, o çox bilir, kim dərd çəkdiribsə, o çox sınayıb.
  • Kim ki, tez-tez borc alır, dilənçiləşir.
  • Kişinin saçı tökülür, qadının saçı ağarır.
  • Köməksiz olmaq, damsız olmaq kimidir.
  • Köməksiz olmaqdan, pulsuz olmaq yaxşıdır.
  • Köpəyin qisməti sümük gəmirmək, sığının qisməti qar üstündə qaçmaqdır.
  • Köpəyin ölümünə qurd həmişə sevinər.
  • Kralı körməkdən. kral haqqında eşitmək yaxşıdır.
  • Krallar dəyişir, ölkə viran qalır.
  • Külək odu qızışdırar, şərab qəzəbi.
  • Qabağa gedən axır ki, bir yerə yetişəcək.
  • Qanın xıltı sudan çoxdur.
  • Qanun gücsüz olan yerdə dərd qadirdir.
  • Qanun necə yozulursa, elə də olur.
  • Qartalın gücü caynağındadır.
  • Qırğı nahar elədiyi yerdə xırda quşlar üçün də nahar tapılar.
  • Qırğı öz ovunu caynaqları ilə yeyir.
  • Qırğının yuvasına yalın əl uzatmazlar.
  • Qısa dil ilə də adamı abırdan salmaq olar.
  • Qışın necəliyini yanvar göstərər.
  • Qızıl — qızıl deyil, çörək qızıldır.
  • Qoca güclü də olmasa, ağıllıdır.
  • Qocalıq da bəla kimi tək gəlmir.
  • Qonağın iki qayğısı var: gəlmək və getmək
  • Qonşun pis olsa, bütün qanunları bilərsən.
  • Qurd və ovçu hərəsi bir cür düşünür.
  • Qurdun axşam yeməyi — qurdun ayaqlarında.
  • Qurdun yanında qoyun həmişə günahkardır.
  • Quş yayda oxuyur, balıq yazda kürü tökür.
  • Quşlar yuvanı qoşalaşıb tikirlər.
  • Leş olsa, qarğa tapılar.
  • Lütə it də hürmür.
  • Mahnı nə qədər qısa olsa, o qədər gözəl olar.
  • Meşədən gətirilən it dələyə hürməz.
  • Məhəbbət var — sərvət var.
  • Min göllü ölkə Finlandiyadır.
  • Mismar — vurulduğu yeri dələr.
  • Nəm torpaq da su çəkir.
  • O adama kömək elə ki, köməyi qiymətləndirir.
  • O adamın qarmağına balıq düşür ki, o, gözləyə bilir.
  • Od yaxşı nökərdir, pis — ağa.
  • Oğurluq çörəklə kökəlməzsən.
  • Oturan adamdan səadət də uzaq olar.
  • Ödənmiş borc unudular.
  • Ölüm gələndə soruşmaz ki, sən getmək, ya qalmaq istəyirsən.
  • Papla, günəş, çoban üçün, ancaq balıqçı üçün yox.
  • Payız şəfəqi isti, bahar şəfəqi soyuq olar.
  • Pis danışıqlar yaxşı adətləri korlayır.
  • Pis dosta məsləhət eləməkdənsə, özün — özünə məsləhət eləməyin yaxşıdır.
  • Pul yaxşıdır, ağıl ondan da yaxşıdır.
  • Puldan ötrü keşiş də oynayar.
  • Saçdan yuxarı qalxa bilməzsən.
  • Sahili olmasaydı dəniz də axıb dağılardı.
  • Sakit adam hamıya üstün gələr.
  • Sauna kasıblar üçün aptekdir.
  • Savaşanda kim qabaqlasa, o, üstün gələr.
  • Səfeh uzun-uzadı izah eylər, ağıllı götür-qoy edər.
  • Səhər şəfəqi dənizçinin həsrətidir.
  • Sən — ağa, mən — ağa, bəs kisəni kim götürəcək?
  • Sərxoşluqda elədiyinə, ayılanda cavab verərsən.
  • Siçan tutmayan pişiyi tərifləmə.
  • Siyənəyin duzdan qorxusu olmaz.
  • Soyuq ildə taxıl cücərər, yağışlı ildə ot.
  • Soyuq nəzər uşaq ürəyinin o saat soyudur.
  • Söhbət çatışmayan şeydən gedər.
  • Söz haçan oldu cavab tələb edir.
  • Suyun qədrini quyu quruyanda bilərlər.
  • Sülh qızının adı Sevinc olar.
  • Şeytanın görkəmi yox, adı qorxuludur.
  • Şərab başa çıxar, ağıl başdan.
  • Şərabla skripka nə qədər köhnə olsa, o qədər yaxşıdır.
  • Şimal küləyindən başqa heç nəyi müftə vermirlər.
  • Taxılın sıxlığı tarlanın genişliyindən vacıbdir.
  • Tez banlayan xoruzu ley birinci aparar.
  • Tez inanan tez aldanan olar.
  • Təkçə dil ilə çox da hörmətli olmazsan.
  • Təmiz vicdan yumşaq yastıqdır.
  • Tənbəllik yoxsulluğun anasıdır.
  • Torpaq hər cür qulluqdan güclüdür.
  • Torpaq öz payını həmişə götürür.
  • Torpaqda güclülər də çürüyür.
  • Toyuq da yeməyin dadına baxır — dodaqları sümükdən olsa da.
  • Turku şəhəri bir saata salınmayıb.
  • Ulayan qurd qoyun apara bilməz.
  • Uşaq suya can atar, qoca — oda.
  • Uzun yol uzağa aparar.
  • Uşaqla dəli düz danışar.
  • Ümid kasıbı yaşadır, qorxu isə zənginləri öldürür.
  • Varlı bilmir ki, kasıbın dodaqları nə pıçıldayır.
  • Varlı borcunu pulla ödəyir, kasıb — öz dərisiylə.
  • Varlı daha da varlanar, kasıb daha da kasıblayar.
  • Varlı olub biyabır olmaqdan, kasıb olub hörmətli olmaq yaxşıdır.
  • Vəd verməklə kasıblaşmırlar.
  • Yaxşı xəbər uzaq gedər, yaman ondan da uzaq.
  • Yaxşı qonaq həmişə vaxtında gələr.
  • Yaxşı mahnı iki dəfə oxunar.
  • Yaxşı nəticələr səylə əldə edilir.
  • Yaxşının çoxlu adı, yamanın çoxlu adəti var.
  • Yalan — oğrunun silahıdır.
  • Yamandan qorxmaq üzürlüdür.
  • Yamanın düz olmağındansa, yalan olmağı yaxşıdır.
  • Yatana ilan da toxunmaz.
  • Yazda qonağı güclə saxlayırlar, payızda güclə yedirirlər.
  • Yeyən arıqlamaz, işə öyrənən yorulmaz.
  • Yoxsul varlandıqca ağıllanar, varlı kasıblaşdıqca sərsəmləyər.
  • Yol yeməyi yük olmur.
  • Yol yoldaşının yeməyindən bilmək olar ki, əsli haradandır.
  • Yüngül azarın dərmanı yeməkdir.
  • Zaman — hamıdan yaşlı, fəza — hamıdan böyükdür.
  • Zarafat olar, amma kələk olmaz.
  • Zarafata həmişə yer tapılar.

Mənbə

redaktə
  • Dünya xalqlarının atalar sözləri. Bakı,2015