Misal
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
redaktə- Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. — Nəsirəddin Tusi