Nəsirəddin Tusi

filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas

Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus – 26 iyun 1274, Kazımiyyə) — İslam alimi və filosofu, dövlət xadimi.

Nəsirəddin Tusi
2001-ci ilə aid olan Azərbaycan poçt markasından çıxarılmış xəyali rəsmi
2001-ci ilə aid olan Azərbaycan poçt markasından çıxarılmış xəyali rəsmi
2001-ci ilə aid olan Azərbaycan poçt markasından çıxarılmış xəyali rəsmi
Doğum tarixi 18 fevral 1201
Doğum yeri Tus
Vəfat tarixi 26 iyun 1274
Vəfat yeri Kazımiyyə
Dəfn yeri Kazımiyyə məscidi
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır.
  • Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
    • Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
    • İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
    • Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
    • Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun.
  • Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər.
  • Bir az diqqət edilsə, naşükür adamların xasiyyətindən daha murdar xasiyyət tapmaq olmaz.
  • Bir ürəyi ələ gətirmək, min Kəbə ziyarətindən yaxşıdır.
  • Biz demişik ki, ədalət bütün fəzilətlərin yekunudur və onun yeri “ortaqlıqdır”.
  • Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər.
  • Bütün hallarda rəzalətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik səhvlərə göz yummamalı, onların təkrarına qətiyyən yol verməməlidir, çünki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar.
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısayığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şuxzərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətligözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişəmübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanəsərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır.
  • Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Başa salmaq lazımdır ki, bəzək-düzəkli paltarlar qadınlar üçündür, ağıllı kişilər, böyük adamlar həmişə sadə geyinirlər.
  • Ehtiyat ona deyilir ki, nəfsi yaxşı işlər gördükdə, layiqli hərəkətlər etdikdə diqqətli ola, artıq-əskikliyə yol verməyə.
  • Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt.
  • Elm səbəb, əməl isə nəticədir.
  • Elmin düşməni yaddaş zəifliyidir.
  • Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bəzən başa qonarlar, bəzən başdan uçurlar.
  • Evlənməyin səbəbi iki şey olmalıdır: malın mühafizəsi, nəslin davamı. Burada şəhvətin söndürülməsi, ya başqa məqsədin güdülməsi doğru olmaz.
  • Eyibsiz dost axtaran axırda dostsuz qalar.
  • “Ədalət”ə daxil olan növlərin miqdarı on ikidir: birinci, sədaqət, ikinci, ülfət, üçüncü, vəfa, dördüncü, şəfəqqət, beşinci, rəhmdillik, altıncı, mükafat, yeddinci, ortaqlığın hüsnü, səkkizinci, hökmün hüsnü, doqquzuncu, hörmət, onuncu, təslim, on birinci, təvəkkül, on ikinci, ibarət.
  • Ədalətin təbiəti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birtərəfli olmasın, haqsızlığa yol verilməsin, artıq-əskiklik baş verməsin, üzr gətirilməsin.
  • Əfv ona deyilir ki, nəfs pislik üstündə veriləcək cəzanı, yaxşılıq müqabilində alınacaq mükafatı birincini verməyə qadir, ikincini almağa qüdrətli olduğu halda bağışlasın.
  • Əliaçıqlıq ona deyilir ki, nəfs özünün çox ehtiyacı olduğu şeyləri asanlıqla daha çox ehtiyacı olan başqa bir adama versin.
  • Ən yaxşı xasiyyətlər içində isə qədir bilməkdən gözəl sifət ola bilməz.
  • Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
    • Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
    • İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
    • Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır.
  • Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”.
    • “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər.
    • “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər.
    • “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər.
    • “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər.
    • “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar.
  • Əvvəllər buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazım bilməyib istər söz, istərsə əl ilə cavabını vermiş olsun.
  • Fəzilət növlərinin əhatə etdiyi anlayışlar bunlardır. Bunların bəzilərinin tərkibinə daxil olanları isə hədsiz-hüdudsuz təsəvvür etmək olar, onların bəzilərinin özünəməxsus adı var, bəzilərinin isə yoxdur...
  • Filosoflar deyiblər ki, yaxşı qadın ana, dost və kəniz, pis arvad isə zalım, düşmən və oğrulara oxşayar.
  • Hafizə ona deyilir ki, ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanıla bilsin.
  • Hazırcavablıq ona deyilir ki, dərk edilmiş və yadda saxlanılmış anlayışlar istənilən vaxt asanlıqla xatırlanıb deyilə bilsin.
  • Helm ona deyilir ki, nəfsdə həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verəndə özündən çıxıb fitnə qoparmasın.
  • Həlimlik ona deyilir ki, nəfs könüllü olaraq qaydadan kənar işlərə razılıq versin. Bunu “mülayimlik” də adlandırırlar.
  • Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz.
  • Həmişə öyrən və öyrənməklə məşğul ol. Əvvəl məqsədi müəyyənləşdir, sonra elmi seç.
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevincşadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir.
  • Hər kəsdən daha yaxşı olmadığınızı anlayacaq qədər təvazökar, hamıdan fərqli olduğunuzu qavrayacaq qədər müdrik olun.
  • Həya ona deyilir ki, məzəmmət edilib danlanmamaq, nalayiq hərəkətlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin qarşısını alsın.
  • “Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq.
  • Hörmət ona deyilir ki, öz tay-tuşunun və fəzilət sahiblərinin yerini biləsən və bununla əlaqədar olaraq, onların bütün ehtiyaclarını gülər üz, xoş sözlə yerinə yetirəsən.
  • Hünər ona deyilir ki, yaxşı ad qazanmaq üçün nəfs böyük işlər görməyə həris olsun.
  • Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin.
  • Xasiyyət – ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir.
  • Xeyirxahlıq ona deyilir ki, xoşagələn işlərin yerinə yetirilməsindən, tərifəlayiq hərəkətlərin davam etdirilməsindən zövq alınsın, sevinc əmələ gəlsin.
  • Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar.
  • Xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər.
  • İbadət ona deyilir ki, öz böyük Yaradanına, Ona yaxın olanlara, məsələn, məlaikələrə, peyğəmbərlərə, imamlara, övliyalara sitayiş edib onlara şükür deyəsən, onların dediklərinə tabe olub, halal və haram haqqında şəriət sahibinin əmrlərini yerinə yetirəsən, bir sözlə, möminliyin ən yüksək dərəcəsi olan “təqva”nı özünə şüar edəsən.
  • “İffət”ə daxil olan növlərin sayı on ikidir: birinci, həya, ikinci, həlimlik, üçüncü, səmimiyyət, dördüncü, dinclik, beşinci, pəhriz, altıncı, səbir, yeddinci, qənaət, səkkizinci, vüqar, doqquzuncu, ehtiyat, onuncu, nizam, on birinci, hürriyət, on ikinci, səxavət.
  • İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir.
  • İnsanlar öz ata-babalarını, məsələn, adət-ənənələrini, məsləklərini, nüfuzlarını, vəziyyətlərini və sairəni qoruyub saxlamalıdırlar.
  • İnsanlar öz həmnövlərinin hüquqlarını qorumalı, böyüklərə hörmətlə yanaşmalı, əmanətə xəyanət etməməli, müamilədə insaflı olmalıdırlar.
  • Kərəm (kəramət) ona deyilir ki, nəfs ümumun xeyrinə olan işlər üçün asanlıqla çoxlu mal-dövlət paylaya bilsin, məsləhət olduqda miqdarını daha da artırsın.
  • Kəramət ona deyərlər ki, arvadın məhəbbət və şəfəqqətini artıran şeyləri ondan əsirgəməyəsən. O, bunları itirə biləcəyindən qorxaraq, ev işlərinə diqqətini artırar, ərinin sözünə baxıb hayına qalar və beləliklə, ailədə mühribanlıq və qayda-qanun olar.
  • Könlüm elmlərdən qalmadı məhrum,
    Sonda bildim heç nə deyilmiş məlum.
  • Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü siya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnər.
  • Qеybət, böhtаn, iftirа, yаlаnçılıqdаn çəkinməli, hеç vахt bеlə şеyə yоl vеrməməli, о хаsiyyətli аdаmlаrlа ünsiyyət sахlаmаmаlı, оnlаrа qulаq аsmаqdаn çəkinməli, ümumiyyətlə, аz dаnışmаlı, çох еşitməli. Bir filоsоfdаn sоruşurlаr "Nə üçün аz dаnışır, çох qulаq аsırsаn?" Dеdi: "Çünki mənə iki qulаq vеriblər, bir dil, yəni: iki еşit, bir dе".
  • Qeyrət ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsən.
  • Qənaət ona deyilir ki, nəfs yemək, içmək, geyim və başqa şeyləri asan ələ gətirdikdə də onların sərf edilməsində müəyyən hədd qoya.
  • Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər).
  • Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar.
  • Qızıl və gümüşü, pulgirliyi onun gözündən salmaq lazımdır. Qızıl və gümüşün gətirdiyi kədəri heç əfi ilan zəhəri də gətirə bilməz. Nə vaxt oynamaq istəsə, icazə verilməlidir, lakin oyun gözəl olmalıdır, onu yorub əldən salmamalı, qanını qaraltmamalı, zehnini kütləşdirməməli, təlim-tərbiyəsini çətinləşdirmməməlidir.
  • Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin.
  • Ləyaqətli qadını ona görə anaya oxşatmışlar ki, ərinin yanında olmasını istər, səfərə gedəndə darıxar, onun arzu və istəklərini yerinə yetirmək üçün əzab-əziyyətə dözər, ana da övladı üçün belə edər.
  • Ləyaqətsiz arvadı ona görə zalıma oxşatmışlar ki, işləməyi sevməz, söyüşkən olar, qara yaxar, tez-tez özündən çıxar, ərinin nəyi bəyənib, nəyi xoşlamadığını bilməz, qulluqçu və xidmətçilərə rahatlıq verməz.
  • Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz.
  • Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir.
  • Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya.
  • Mükafat ona deyilir ki, biri bir yaxşılıq etsə, ona müvafiq, ya da ondan da artıq yaxşılıq edilsin, pislikdə isə əksinə, daha az pislik edilsin.
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar.
  • Mürüvvət ona deyilir ki, nəfs həmişə gözəl ifadə, ürərkləndirici ibarələr işlətməklə lazım olduğu qədər və ya ondan çox şey bağışlasın.
  • Nadanlıqdan can qurtarmaq, qorxuxofdan azad olmaq üçün alimfilosoflar böyük əziyyətlərə dözür, cismani ləzzətistirahətdən əl çəkir, yuxusuz gecələrağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılardan xilas olmaq, əsl əziyyət isə cəhldir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsizdəyərsiz olar. Elmə yiyələnərək əbədi səadət, həmişəlik istirahət əldə etdiklərindən tez ötüb keçən bəlalara məruz qalan, böyük baş ağrısına səbəb olan, müxtəlif qəmkədər yaradan, təşviştəlaş törədən dünya işlərindən əl çəkər, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımı, başqa arzu eşqinə düşər.
  • Nalayiq həyat keçirmə ki, nalayiq ölüm də ona əlavə edilsin.
  • Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz.
  • Nəfsin ağayanalığı ona deyilir ki, nəfs var-yoxluğa, az-çoxluğa böyük əhəmiyyət verməyə, mülayim və qeyri-mülayim işləri yola verməyi bacara.
  • Niyyət elm ilə əməl arasında bir vasitədir.
  • Nizam (səliqə) ona deyilir ki, nəfsi işləri lazım olduğu şəkildə tərtib edib nizama sala, ən əlverişli və münasib surətdə saxlamağı özünə adət edə.
  • Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür...
  • Ona görə arvadı dosta oxşatmışlar ki, əri nə versə, razı qalar, vermədiyini üzürlü sayar, malını ondan əsirgəməz; ərinin danlağına dözər, eyiblərini gizlədər, onu tərifləyər, çörəyini itirməz, ərinin xoşuna gəlməyən işləri görməz.
  • Ona görə düşmənə oxşatmışlar ki, ərini təhqir edər, alçaldar, dava-dalaş salar, açıqdan-açığa abrını alar, şikayət edib əleyhinə iş qaldırar, eyiblərini aləmə yayar.
  • Ona görə oğrulara oxşatmışlar ki, ərinin malına xəyanət edər, ehtiyac olmadan pul istər, var-dövlətini dağıdar, ona lazım olan şeyləri kənara paylar, zahirdə dostcasına göz yaşı axıdar, batində öz mənafeyini ərindən yüksək tutar.
  • Ortaqlığın hüsnü ona deyilir ki, alverdə, xərcdə bərabərliyə riayət edilsin, başqalarının hüququ tapdalanmasın, minnət və üzrə yer qalmasın.
  • Ömrümüz boyu öyrəndik, axırda onu bildik ki, heç nə bilmirik.
  • Öyrənmə asanlığı (diqqət) ona deyilir ki, nəfs diqqəti nəzəri üzərində səyi artırsın, o, müxtəlif xatirələr, ümumiyyətlə, özünə aid olan məsələlərlə deyil, heç bir maneəyə baxmadan yalnız tələb edilən məsələyə yönəldilmiş olsun.
  • Paltar isti və soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır; başqalarının tənəsinə məruz qalmamaq, məsxərəyə qoyulmamaq xatirinə daha yaxşı geyinmək olar.
  • Pay ona deyilir ki, verilməsi məcburi olmayan şeylərdən bir hissəsini könüllü olaraq başqasına verəsən.
  • Pəhriz ona deyilir ki, şəhvət cuşa gəldikdə nəfs özünü saxlayıb şəhvəti cilovlaya bilə.
  • Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir.
  • Rəhmdillik ona deyilir ki, dünyadakı xeyir işlərdə vətəndaşlara, qohum-qardaşlara, dost-aşnalara əl tutasan.
  • Riqqət ona deyilir ki, başqasının başına gələn bədbəxtlikdən, onun işinə dəxalət etmədən təəssüflənib, mütəəssir olasan.
  • Sakitlik (təmkin) ona deyilir ki, şəriətin hörmətini saxlamaq və ya qayda-qanunlarına tabe olmamaq üstündə edilən düşmənçilik və müharibələrdə nəfs boşboğazlıq və sadəlövhlüyə yol verməsin.
  • Səbir ona deyilir ki, nəfs öz arzu və istəklərinə müqavimət göstərə bilə və ondan xoşa gəlməyən işlər baş verməyə.
  • Sədaqət ona deyilir ki, bəslənilən məhəbbət dostun bütün arzularının yerinə yetirilməsinə səbəb olsun, mümkün ola biləcək hər şey onun yolunda qurban edilsin.
  • Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq.
  • Səmimiyyət ona deyilir ki, nəfs özünü təkmilləşdirərkən xoşagələn, bəyənilən, rəğbət oyandıran sədaqətli xüsusiyyətlər kəsb etsin.
  • Sən 3 yolla ağıllı ola bilərsən; 1) Təcrübə yolu ilə - bu ən ağır yoldur. 2) Tənqid yolu ilə - bu ən asan yoldur. 3) Düşüncə yolu ilə - bu ən nəcib yoldur.
  • Söz vахtı əl-qоlunu işə sаlmаmаlı, qаş-gözünü оynаtmаmаlı, bеlə hərəkətləri yаlnız dаnışılаn əhvаlаt tələb еtdikdə və gözəl bir tərzdə göstərmək оlаr.
  • Şəfəqqət ona deyilir ki, birinə namünasib bir iş üz verdikdə narahat olasan və onu aradan qaldırmağa çalışasan.
  • Şər adam qəsdən başqasına zərər vurmağa çalışar və özündən ləzzət alar.
  • Şuх və zərif ibаrələrdən qаzmаmаlı, hər məclisə münаsib dаnışmаğı bаcаrmаlı.
  • “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət.
  • Tək yaşayan adam yarımçıq həyat sürür.
  • Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
  • Təslim ona deyilir ki, Allah-taalaya və ya etiraz etmək mümkün olmayan adama aid olan işə, könlün olmadığı halda razılıq verəsən, xoşhallıq və məmnuniyyətlə yerinə yetirəsən.
  • Təvazö ona deyilir ki, özünü daha aşağı mövqedə olanlara nisbətən üstün hesab etməyəsən.
  • Təvəkkül ona deyilir ki, yerinə yetirilməsi insan qüdrəti və imkanı xaricində olan işlərdə, xalqın ağlı işləməyən, qəti bir fikir söyləmək mümkün olmayan hallarda tələsmə və yubanmaya, artıq və əskikliyə yol verilməsin, vəziyyəti dəyişməyə meyl göstərilməsin.
  • Uşaq olan kimi, ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, övlad bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:

Südəmər bir uşaq tutmamış maya,

Tutmayın siz, axmaq, xəstə bir dayə, Süd ilə bədənə girərsə azar,

O, bədəndən, yalnız öləndə çıxar!

  • Uşağa gözəl ad qoymaq lazımdır ki,bütün ömrü boyu xəcalət çəkməsin Nəsirəddin Tusi
  • Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr, çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s. xeyri olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-büluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar; o, içki məclislərinə aparılmamalıdır.
  • Uşaqda xoşagələn bir hərəkət baş verdikdə onu tərifləyib həvəsləndirmək lazımdır, lakin əks halda hər dəqiqə danlayıb başına vurmaq doğru deyildir: “qəbahətli iş görübsən”, bəlkə belələrinin səhv, bilməmək üzündən etdiyini demək yaxşıdır ki, sırtılmasın. Bir daha təkrar etməsə, üstü vurulmamalıdır, təkrar edilsə, möhkəm danlamalı, belə işlərin yaramazlığı şişirdilməli və qadağan edilməlidir.
  • Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.
  • Uşağı mehribançılıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır,xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə...
  • Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Eyni zamanda, uşağı çox danlamaq, ona hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həvəskar olar); nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını sübut etmək üçün bəd əməllərə başlayar, bəlkə, daha incə hiylələrə əl atar.
  • Ülfət ona deyilir ki, öz məişətlərini təmin etmək üçün müəyyən bir dəstə həmfikir və həməqidə olub, bir-birinə kömək etsin.
  • Üzüyumşaqlıq ona deyilir ki, istəmədiyi halda könüllü olaraq edilməsi vacib olmayan şeyləri edəsən.
  • Vəfa ona deyilir ki, yardım və kömək lazım olan yerdə heç bir şey əsirgənməsin.
  • Vüqar ona deyilir ki, nəfs müəyyən məqsədə çatmaq istədikdə təmkinli ola, boyun əyməyə, əl-ayağa düşməyə, lakin bu şərtlə ki, fürsəti də əldən verməyə.
  • Yaxşı arvad malda, böyüklükdə, ev dolandırmaqda kişinin şəriki olar, ər bir yerə getdikdə onun yerini tutar. Arvadın ən yaxşısı odur ki, ağıl, dəyanət, iffət, həya, ismət, riqqət və nəzakətdə, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda tayı-bərabəri olmaya, qohum-əqrəbaları arasında vüqarlı, hörmətli, hümmətli hesab edilə, doğumlu ola, tərbiyə verməkdə, səliqə yaratmaqda, pul xərcləməkdə, təsərrüfatı idarə etməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehribanlığı, şux təbiəti, xoş xasiyyəti ərinin könlünü açmağa, dərdini dağıtmağa səbəb ola.
  • Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.
  • Yardım ona deyilir ki, dost, tanış və ehtiyacı olanlara mal, dövlət, azuqə və yaşayışa lazım olan başqa şeylərdə kömək edilsin.
  • Zehin sürəti ona deyilir ki, nəfsin istedadı iztirab və təşviş keçirmədən, tərəddüdə yol vermədən istənilən məqsədə yönəldilmiş olsun.
  • Zəhm ona deyərlər ki, ər lap birinci gündən arvadın gözünün odunu ala, elə edə ki, onun əmrlərini yerinə yetirməkdə, göstərişlərinə əməl etməkdə arvad heç bir səhlənkarlığa yol verməsin. Bu, ailə dolandırmağın ən böyük şərtidir. Bu şərt bir balaca da pozulsa, qadında dikbaşlıq meylləri güclənər, özbaşınalıq qapıları onun üzünə açılar, bununla kifayətlənməyib əri özünə tabe etməyə çalışar, şıltaqlıqlarını yerinə yetirməyə məcbur edər, əlində oyuncağa çevirər, sonra nə istəsə, ərinin başına o oyunu açar, onun əli ilə də öz mətləbinə çatar. Deməli, amir məmura çevrilər, rəis tabeliyə keçər, hakim məhkumluğa düşər. Bu hal və minvalın axırı hər ikisi üçün acınacaqlı olar, dedi-qodu, dava-dalaş başlayar, o qədər xoşagəlməz hadisələr, biabırçılıqlar və rüsvayçılıqlar ortaya çıxar ki, heç kəs onların qarşısını ala bilməz.
  • Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin.
 
Wikipedia logo
Nəsirəddin Tusi haqqında Vikipediyada məqalə var.

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.36